Bu gün mətbuat və ədəbiyyat cəfakeşi, tanınmış ədəbiyyatşünas, professor NAZİM AXUNDOVun doğum günüdür.
 
Hörmətlə xatırlayaq.
 
NAZİM AXUNDOV “Molla Nəsrəddin” jurnalı tarixinin tədqiqi” mövzusunda namizədlik, “Azərbaycan satira jurnalları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.    Nazim Axundov Azərbaycan ədəbiyyatı və tarixi üçün həm də zamanında “Qarabağ səlnamələri”, iki cildlik “Qarabağnamələr”i yazıb.
 
Nazim Axundovun son yazısı "Şuşa, ay Şuşa" olmuşdu...
 
QISA ARAYIŞ:
 
NAZİM AXUNDOV 1924-cü il iyunun 20-də Qarabağın mərkəzi Şuşa şəhərində müəllim-həkim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini MirBəşir (indiki Tərtər) rayonunun Qazax kəndində almışdır.
1937-ci ildə Bakı Xalq Maarif şöbəsinin pedaqoji məktəbinə daxil olan N. Axundov 1940-cı ildə oranı bitirir. N. Axundov 1940 – 1944-cü illrdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji institutunun qiyabi şöbəsində oxuyur.
 
1945-ci ildə isə həmin institutun aspiranturasına daxil olur.
 
1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N. Axundov «Molla Nəsrəddin» jurnalının nəşri tarixinə aid tədqiqlər» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır.
 
N. Axundov 1948 – 1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
 
1950-ci ilin mart ayından 1952-ci ilə qədər Quba Pedaqoji İnstitutunun, 1953 – 1956-cı illərdə isə H. Zərdabi adına Kirovabad (indiki Gəncə) Pedaqoji İnstitutunun direktoru olmuşdur.
 
N. Axundov 1953-cü ildə Elmi- Tədqiqat Pedaqogika institutunda baş elmi işçi, 1958-ci ildən isə Azərbaycan Elmlər Akademiyası elmi kitabxanasının direktoru vəzifəsində çalışmışdır.
1961-ci ilin iyunundan N. Axundov, Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dövri mətbuat və biblioqrafiya şöbəsinin müdiri işləmişdir.
 
1971-ci ildən N. Axundov «XX əsr Azərbaycan ədəbiyyatı» şöbəsində baş elmi işçi vəzifəsini daşıyır.
 
N. Axundov 1966-cı ildə «Azərbaycan satira jurnalları» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
 
N. Axundov respublikanın görkəmli biblioqraflarındandar. Onun 100-dən artıq elmi-tənqidi və biblioqrafik məqalələri, broşüra və kitabları nəşr olunmuşdur. Onlardan «Molla Nəsrəddin» jurnalının nəşri tarixi (1959), «Azərbaycan satira jurnalları» (1968) adlı monoqrafiyaları, «M. Ə. Sabir» (1959), «Cəfər Cabbarlı» (1964), «Azərbaycan dövri mətbuatı» (1965), «Səməd Vurğun» (1965) biblioqrafiyalarını göstərmək olar.
 
N. Axundov bir çox kitabların tərtibatçısı, kommentariya və biblioqrafiyalarının müəllifidir.
 
1994-cü il martın 10-da Bakıda vəfat etmişdir.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 502
Paylaş: