Milli muğam sənətinin tanınmış nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tələt Qasımovun doğum günüdür.
 
Hörmətlə xatırlayaq. 
 
Milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən Tələt Qasımov bənzərsiz ifaları ilə daim xalqın yaddaşındadır,  unudulmur, sevilir, xatirəsi əziz tutulur.. .
 
Musiqiyə erkən yaşlarından həvəs göstərmişdi. İlk vaxtlar mərsiyəxanlıq etmiş, sonralar meylini muğama salmışdı. Xanəndə xatirələrində bu barədə belə deyirdi: “Ana babam məni o qədər də çox sevməzdi. Mərsiyəxanlıq etdiyim vaxtlar idi. Növbəti çıxışlarımın birində ev sahibi mənə tapşırdı ki, məclisdə Qafqazın tanınmış şeyxləri iştirak edir, ona görə də çalış çıxışın zamanı Əbülhəsən Racinin yaradıcılığına daha çox müraciət edəsən. Məclis bitəndən sonra şeyxlərdən biri məni yanına çağırıb kimlərdən olduğumu soruşdu. Bir neçə gün sonra babam məni yanına çağırtdırıb alnımdan öpdü və həmin gündən babamın ən əziz nəvələrindən biri oldum. Muğama böyük həvəsim var idi. Öyrənirdim. Bir də o zamanlar Bakıda ayrı ab-hava var idi. Mirzə Mənsur, Seyid Şuşinski və Qurban Pirimovun yanında dayanıb saatlarla söhbətlərinə qulaq asardım. Bir kəlmə belə danışmazdım. Mənim ustadlarım güclü olub. Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirlərini dərindən mənimsəməyə çalışdım və onların ənənələrini davam etdirdim. İlk illərdə hətta ustadlarımı yamsılamışam da. Amma şükürlər olsun ki, Tələt Qasımov yolunu tuta bildim, tanındım, xalqım tərəfindən sevildim”. 
 
Tələt Qasımov bir çox muğamları və təsnifləri məharətlə, xüsusi şövqlə ifa edirdi. Onun ifasında “Rast”, “Şur”, “Segah-Zabul” muğam-dəsgahları, “Şüştər” təsnifi Azərbaycan Dövlət Televiziyası və Radiosunun fondunda saxlanılır.
 
 Xalq artisti adına layiq görülən xanəndə həmişə xalqın arasında idi. 
 
Tələt Qasımov əhli-ürfan adsmı idi. harada Tələt müəllim var idi, orada xoş əhval hökm sürürdü. 
 
Həcc ziyarətindən sonra daha oxumadı. Ürəyini qəzəllərlə, şeriyyatla boşaldardı. Sinəsi açılmamış dəftər idi. Qəzəllərlə yanaşı, aşıq yaradıcılığını da gözəl bilirdi. Tələt Qasımov. Heç bir yerdə nəşr edilməyən qəzəlləri əzbərdən bilirdi. Yeri gələndə bu qəzəlləri gənc xanəndələrə öyrədərdi. Gəncləri dəstəkləyərdi, onları öyrənməyə çağırardı. “Kim nə istəyirsə, verərəm, təki gənc nəsil öyrənsin” - deyərdi.
 
O,  muğamlarımızla bərabər xalq mahnılarımızın da mahir ifaçısı idi. “Dəli ceyran” xalq mahnısına, Bəhram Nəsibovun “Səni qəmli görəndə” mahnısına möhür vurmuşdu.
 
   
Qısa arayış:
 
Tələt Məmmədağa oğlu Qasımov 1933-cü il iyun ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Musiqiyə hədsiz maraq göstərərək hələ erkən yaşlarından xanəndəliyə başlayan Tələt Qasımov Azərbaycan muğamının incəliklərini böyük həvəslə öyrənmiş, bu qədim mədəni-mənəvi irsin sirlərinə yiyələnmişdir. Məşhur muğam ustaları Zülfü Adıgözəlovun və Hacıbaba Hüseynovun həmin dövrdə onun sənətkar şəxsiyyətinin formalaşmasına böyük təsiri olmuşdur. Məhz yüksək istedadı və məharəti sayəsində Tələt Qasımov qısa müddət ərzində öz dəst-xətti ilə seçilən xanəndə kimi tanınmışdır. 
 
O, 1954–1993-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Konsert Birliyinin solisti olaraq fəaliyyət göstərmiş və ömrünün sonunadək xanəndəlik sənətinə sadiq qalmışdır.
Tələt Qasımov sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış və məxsusi ifa üslubu ilə seçilərək xalqımızın çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermiş sənətkardır. Azərbaycan xanəndəlik məktəbinin ənənələrinə sədaqət, muğamın klassik ifa tərzinin və ümumən Azərbaycan milli musiqisinin saflığının qorunub saxlanması Tələt Qasımovun sənət fəaliyyətinin başlıca qayəsini təşkil edirdi. 
 
Yüksək ifa mədəniyyəti, təkrarolunmaz və ürəyəyatımlı səsi ilə dinləyicinin mənəvi aləminə nüfuzetmə bacarığı ona muğam bilicilərinin hörmət və ehtiramını, musiqisevərlərin məhəbbətini qazandırmışdır. Əruz vəzninin qaydalarını dərindən mənimsəyən xanəndənin ustalıqla, ahəngdar ifasında bir çox Azərbaycan klassik muğamları, təsniflər və xalq mahnıları musiqi mədəniyyətimizin tarixinə daxil olmuşdur. Xalq çalğı alətləri ansamblının müşayiəti ilə keçirilən konsertlərdə, həmçinin xalq bayramlarında, el şənliklərində və ədəbi məclislərdə yaxından iştirak etmiş, Azərbaycan muğamının populyarlaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir.
 
Çoxsaylı qastrol səfərləri zamanı Tələt Qasımov milli mədəniyyətimizi uğurla təmsil etmiş və ölkəmizin hüdudlarından uzaqlarda Azərbaycan musiqisini dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirə bilmişdir. Tələt Qasımovun muğam ustası kimi uzun illər ərzindəki səmərəli fəaliyyəti istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsi üçün bir məktəbdir.
 
Söhbətlərinin birində demişdi: “Sənətkarı xalq sevməlidir. Gəlib bu yaşa çatmışam, həmişə xalqımdan sevgi və hörmət görmüşəm. Özümü dərk edəndən həyatın hər bərk-boşundan çıxmışam. Həmişə istəmişəm ki, sənətimi yaxşı büruzə verim. İnsan gərək sənətinin üstündə çalışsın. Mən gecə də oyanıb qəzəlləri təkrarlayıram. Mən 20 ildir əlimə qaval alıb muğam ifa etmirəm, amma çalışıram ki, qəzəlləri unutmayım. Şeriyyatsız, qəzəlsiz muğamın kimliyi bəlli olmaz”.
 
Üç kitab çap etdirmişdi. Ədalət Vəzirov, Hacıbaba Hüseynov və Yaqub Məmmədov haqqında. 
 
Tələt Məmmədağa oğlu Qasımov 2013-cü il iyulun 28-də ömrünün 81-ci ilində vəfat etdi. 
 
O, xalqını çox sevdi. Xalq da onu hörmətlə, ehtiramla yad etdi və bu günədək heç unutmadı, xətrini əziz tutdu. 
 
Tanınmış xanəndə, səmimi və qayğıkeş insan Tələt Qasımovun əziz xatirəsi sənətsevərlərin, onu tanıyanların, yaxınlarının qəlbində həmişə yaşayacaqdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 664
Paylaş: