44 günlük Vətən Müharibəsində işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın təntənəsi idi. Nəinki biz bütün dünya bu münasibətlərin necə sağlam münasibətlər üzərində qurulduğunun şahidi oldu.

Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Beynəxlalq güclərin təzyiqlərinə baxmayaraq Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Təbii ki, bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Bildiyimiz kimi, türk xalqlarının kökü eyni genetik-mənəvi başlanğıcdan qaynaqlanır. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq bizim keçdiyimiz əzəmətli yolu keçib. Diqqət yetirsək görərik ki, bizim şanlı türk xalqlarının tarixi bahadırlıq, alplıq, ərənlik tarixidir. O həm də bəşəriyyəti qüdrətli sənət inciləri ilə zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir.

Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq, görməzdən gəlmək mümkün deyil! Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir.

Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Ulu öndərin bu sitatı isə bütövlükdə iki ölkə əlaqələrinin hərtərəfli izahını vermiş olur: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

İllərin sınağından çıxan bu münasibətlər cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etdirilir.

Ümümmilli liderin layiqli davamçısı Prezident  İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

Məlum olduğu kimi iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi. Sonra Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxdılar.

Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olundu. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səsləndi.

Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edildi.  “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirdi.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olundu. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir. Qonaqlara, həmçinin Şuşa səfəri ilə bağlı xatirə medalları təqdim edildi..

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzaladılar.

Şuşa Bəyannaməsi hər iki ölkə xalqları üçün çox əhəmiyyətli sənəd olmaqla bərabər tarixə qızıl hırflərlə yazılan qardaşlıq nümunəsidir.

İnanırıq ki, əldə olunan qələbədən sonra bundan sonra da, ümumilikdə qardaşlıq münasibətlərində yeni, yaddaqalan görüşlər, sıx əməkdaşlıq  öz töhfəsini verəcək, bu qardaşlıq  münasibətləri daha da möhkəmlənəcək.  
 

Təranə Əliyeva
Qazax şəhər M.Hüseyn adına məktəb- liseyin Kitabxana müdiri      

Baxış sayı: 1240
Paylaş: