Bu günlərdə tibb aləminin ən mühüm hadisələrindən biri Parisdə keçirilən Avropa Kəllə-Üz-Çənə cərrahlarının XXV Beynəlxalq Konqresidir. Əslində bu tədbir 2020-ci ilin sentyabr ayında keçirilməli idi. Lakin  pandemiya şəraitində qoyulan qadağalara görə 2021-ci il iyulun 14-16-sı tarixlərinə keçirilmiş və online formatında aparılması qərara alınmışdır. Tədbirdə bu sahənin ən qabaqcıl mütəxəssisləri, dünya şöhrətli alimləri və gənc tətdqiqatçıları çıxış edir. Belə Forumlara adətən 3-5 min dinləyici qoşulur. Forumun Elmi Proqramına xüsusi dəvətlə fəaliyyəti örnək ola bilən bəzi ölkə və ya qitəni təmsil edən Cəmiyyətlər dəvət olunur (Amerika, Böyük Britaniya, Asiya, eləcə də Çin, Avstraliya, Yaponiya, Cənubi Koreya və s.   Ağız və Üz-çənə cərrahları Çəmiyyətləri). 

İlk dəfə olaraq bu şərəfli siyahıya Azərbaycan Ağız və Üz-çənə cərrahları Cəmiyyəti (AzOMFS) daxil edilib. Dəvət məktubunda son zamanlar ölkəmizin bu sahədə çalışan mütəxəssislərin nailiyyətləri, Cəmiyyətimizin yüksək səviyyədə keçirdiyi beynəlxalq tədbirləri və ölkəmizdə dövlət tərəfindən xalq səhiyyəsinə olan dəstəyi qeyd edilir. Konfransda Qonaq Cəmiyyətlərə ayrılan xüsusi səhifədə AzOMFS sədri professor Çingiz Rəhimov moderator qismində Cəmiyyətin fəal üzvlərini, öz maraqlı tədqiqatları ilə artıq Beynəlxalq aləmdə tanınan mütəxəssisləri Dəvətli Məruzəçi simasında təqdim etdi: professor Əziz Əliyev (Milli Onkologiya Mərkəzinin direktor müavini, baş və boyun cərrahiyyəsi şöbəsinin müdiri), professor Eldar Qasımov (Azərbaycan Tibb Universitetinin kafedra müdiri), dosent Nigar Sultanova (Azərbaycan Tibb Universiteti) , dosent Cavid Əhmədbəyli (Azərbaycan Təkmilləşdirmə İnstitutu), Uzman Dr. Aydın Talışinskiy (Xüsusi Müalicə Sağlamlıq Kompleksi və Caspian International Hospital) və dosent İsmayıl Fərzəliyev (Azərbaycan Tibb Universiteti) öz məruzələri ilə auditoriya qarşısına çıxdılar. Konfrans təşkilatçılarından daxil olan məlumata görə (rəsmi sənədlə təsdiq edilir) yuxarıda göstərilən Cəmiyyətlər arasında ən çox baxılan və yüksək qiymətləndirən AzOMFS oldu. Bu bütün AzOMFS üzvlərinin və ümumiyyətlə səhiyyəmizin böyük nailiyyətidir.

 

 

Baxış sayı: 2284
Paylaş: