“Bənövşə”, “Qızılgül”, “Qərənfil”, "Xoruz", "Keçi”, “Quzu” və digər uşaq şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım”... kimi pyeslərin müəllifi olan  Abdulla Şaiq Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. 
O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. 
 
Şairin pyesləri uşaqlar tərəfindən bu gün də maraqla qarşılanır...
 
 Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə yanaşı "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub. Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və romanlar yazıb.
 
QISA ARAYIŞ:
 
Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açmışdı. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq  maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif  dərsliklər və dərs proqramları hazırlamışdır.
 
“Laylay” adlı uşaq şeri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görmüşdü. A. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoymuşdu.
 
1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini qələmə almışdır. O, xalq ədəbiyyatının toplanmasında və araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da böyük rol oynamışdır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar  haqqındakı fikirləri bu gün də öz dəyərini qoruyub saxlayır.
 
Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirmişdir.
Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır. 
Abdulla Şaiq 24 iyul 1959-cu ildə Bakıda vəfat edib. 
 
 O, Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
1990 –cu ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1033
Paylaş: