Azərbaycanın peşəkar aktyorlarından olan  Azərbaycan SSR Əməkdar artisti Əliheydər Ələkbərovun doğum günüdür.
 
Hörmətlə xatırlayaq.
 
Əliheydər Ələkbərov 26 iyul 1915-ci ildə  Bakıda doğulub və yeddiillik məktəbi də burada bitirib. İlk sənət təhsilini Bakı Teatr Məktəbində 1931-1934-cü illərdə almış Əliheydər Əbdüləli oğlu Ələkbərov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu da bitirib. Texnikuma daxil olduğu ildən Akademik Milli Dram Teatrında kütləvi səhnələrə çıxıb və həmçinin rejissor köməkçisi, rejissorlaborant və rejissor assistenti kimi çalışıb. 1960-cı ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor olub. 1967-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında direktor işləyib.
 
Onun yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətlərinin formalaşmasında,   aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara yeni ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. 
 
Əliheydər Ələkbərovun MDT-də quruluşçu rejissor kimi ilk müstəqil işi Süleyman Sani Axundovun “Eşq və intiqam” (1 oktyabr 1943) faciəsinin tamaşası olub. Bundan sonra o, Cəfər Cabbarlının “Solğun çiçəklər” (4 iyun 1949), “Almaz” (11 may 1957 və 11 may 1969), Cabbar Məcnunbəyovun “Böyük məhəbbət” (12 may 1950), “İldırım” (24 dekabr 1955), Boris Lavrenyovun “Amerikanın səsi” (14 dekabr 1950), Vadim Sobkonun “İkinci cəbhə arxasında” (5 aprel 1952), İslam Səfərlinin “Göz həkimi” (26 fevral 1955), “Yadigar” (1 sentyabr 1956), Süleyman Rüstəmin “Qaçaq Nəbi” (8 mart 1958), Pavel Malyarevskinin “Daş qartal” (28 noyabr 1959), Adil Babayevin “Dağlar qızı” (18 iyun 1960), İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” (12 fevral 1971) əsərlərini tamaşaya hazırlayıb.
 
Rejissor Məhərrəm Haşımovla birlikdə 1945-ci il noyabr ayının 7-də Səməd Vurğunun “İnsan” mənzum dramına quruluş veriblər.
 
Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib. Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov. 6 dekabr 1964), "Haradasan, ay subaylıq?" (Salam Qədirzadə və Süleyman Ələsgərov. 16 fevral 1968), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun, "Özümüz bilərik" (5 yanvar 1963), "Olmadı elə, oldu belə" (15 mart 1964) və "Milyonçunun dilənçi oğlu" (20 may 1966) "Hacı Qara" (Mirzə Fətəli Axundzadənin eyni adlı komediyası əsasında, libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Vasif və Ramiz Mustafayev. 14 oktyabr 1962), "Keçmişin məişət səhnələri" (Mirzə Ələkbər Sabirin şeirləri əsasında, librettonun müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) musiqili komediyaları repertuarda daha uzunömürlü olublar.
 
O, Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" operettasına 1966-cı ildə Bolqarıstanın Şumen şəhərindəki Türk teatrında quruluş verib. Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov adına Dövlət mükafatına layiq görülüb. 1967-ci ildə Filarmoniyada fəaliyyət göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru olub. Televiziyada bir neçə əsərə quruluş verib. 1965-ci ildən Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib.
 
Əliheydər Ələkbərov 1975-ci il martın 14-də vəfat etmişdir.
 
Əliheydər Ələkbərov 21 iyul 1949-cu ildə Azərbaycan SSR Əməkdar artisti" fəxri adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı" ordeni ( 9 iyun 1959), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan SSR Dövlət mükafatı (1972) almışdır.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 808
Paylaş: