Azərbaycanın tanınmış musiqiçisi, dirijor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin doğum günüdür.
 
Dəyərli gənc sənətkarımızı ürəkdən təbrik edir, can sağlığı, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
 
Qeyd edək ki, Əyyub Quliyev Azərbaycanın Xalq artisti, məşhur tarzən Ramiz Quliyevin oğludur.
 
O, beynəlxalq müsabiqələr laureatıdır.
 
 
Qısa arayış:
 
Əyyub Ramiz oğlu Quliyev 26 iyul 1984-cü ildə anadan olmuşdur. İlk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə getmişdir. 
Musiqiyə olan sevgisi nəticəsində gənc sənətkar 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olmuşdur. O, 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
 
Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil almışdır. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir.
 
 
Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə etmişdir.
Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayır. Dirijor 2010-cu ildə Taskanini Beynəlxalq müsabiqəsində də iştirak edir. Nüfuzlu müsabiqənin qalibi sənəd verən 170 nəfər arasından Əyyub Quliyev seçilir. 
 
Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən V. Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalında iştirak etmişdir. O, Raxmaninov Beynəlxalq Musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır.  Əyyub Quliyev bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış etmişdir. 
 
 
Əyyub Quliyev 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunmuşdur. O, 2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilmişdir. 
 
Əyyub Quliyev 30 aprel 2014, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020 və 7 may 2021-ci illərdə  Prezident Mükafatına layiq görülmüşdür.
O, 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
2020-ci ildə mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə Macarıstanın ən yüksək dövlət mükafatı olan "Qızıl Xaç" ordeni ilə təltif olunmuşdur.
 
Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevi - doğma Azərbaycanımızı yüksək konsert salonlarında, musiqi festivallarında, möhtəşəm auditoriyalarda təmsil edən çox istedadlı, hərtətəfli biliyə malik dəyərli gənc sənətkarımızı bir daha təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar diləyirik!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 952
Paylaş: