Bu gün dahi bəstəkar MÜSLÜM MAQOMAYEVin xatirə günüdür.
 
Hörmətlə xatırlayaq.
 
Azərbaycanın görkəmli bəstəkarları Müslüm Maqomayev böyük bəstəkarımız Üzeyir Hacıbəyovla  eyni ildə, eyni gündə anadan olmuşdur. Onlar Tanrının Azərbaycan xalqına göndərilmiş "hədiyyəsi" idilər... 
 
Bəli, Tanrı xalqımızın mədəniyyətinin, maariflənməsinin inkişaf etdirilməsi üçün, eyni ildə, hətta eyni gündə iki böyük sima bəxş etdi. Onlar müxtəlif məkanlarda doğulsalar da, bir amala xidmət etdilər. Özünəməxsus yaradıcılıq üslubu, sənət yolları olsa da, bir məslək, sevdikləri torpağa, xalqa nəhayətsiz sevgi onları birləşdirdi. Dost oldular, yaxın sirdaş, məsləkdaş, sonunda qohum oldular. Bir ailədən olan xanımlarla ailə qurdular...
 
Yaradıcılıq ideyalarını, sevinclərini, kədərlərini, heyrətlərini... bölüşdülər... 
Bu gün onlardan biri, Müslüm Maqomayevdən söhbət açmaq istəyirik. 
 
Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi ("Nərgiz", 1935), Azərbaycanın Əməkdar İncəsənət xadimi Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar, dirijor, ictimai xadim, folklorçu kimi özünəməxsus yeri var. 
 
O, Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. 
 
Müslüm Maqomayev (tam adı: Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev) 18 sentyabr 1885-ci ildə anadan olmuşdur.
 
 
 
Müslüm Maqomayev əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Burada çeçen qızı ilə evlənərək yaşamını davam etdirmışdir. Müslüm Maqomayev də Qroznı şəhərində doğulmuşdur. 
 
Ailədə musiqiyə olan sonsuz maraq onun bəstəkar kimi formalaşmasında böyük rol oynamışdır. 
 
Gələcək bəstəkar, 1900-cü ildə Qroznı şəhər məktəbinin məzunu olmuşdur. 
Müslüm Maqomayev Qroznıda, sonra isə Tiflisdəki Qori Müəllimlər seminariyasında təhsil almışdır. 1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olan Müslüm Maqomayev, burada Üzeyir Bəy Hacıbəyli ilə tanış olmuş və bu tanışlıq onların arasında ömürboyu davam edən böyük dostluğa, qohumluğa çevrilmişdir. Onların hər ikisi Terequlova bacılarına evlənmişdi.
 
Müslüm Maqomayev seminariyada təhsil alarkən skripkada, qaboyda çalmağı da öyrənir, bəzən məktəbin orkestrində dirijoru əvəz edirdi.
Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev, xalq yaradıcılığı ilə maraqlanıb, digər Qafqaz xalqları, özəlliklə, Azərbaycan xalq musiqisini öyrənərək, mahnıları nota köçürüb və xor üçün tərtib edib. 
 
1900-cü ildə Parisdə keçirilmiş Dünya Sərgisində onun yığdığı əsərlər də təqdim edilib. 
 
O, öz ilk musiqi əsərlərini (“Xəyallar” valsı, “Seminarçı” mazurkası və s.) burada yazıb. 
 
M.Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirib və təyinatı üzrə Quzey Qafqaza işə göndərilib. 1905-ci ildə isə o, Lənkəranda müəllimlik edib. Lənkəranda müəllimlik etməklə yanaşı nəfəsli alətlər orkestri, xor, eləcə də, balalayka çalanlar ansamblı təşkil edib. Onun Lənkəranda fəaliyyəti bu şəhərdə mədəniyyətin inkişafına mühüm töhfə verib.
 
Şimali Qafqazda, Lənkəranda müəllimlik edən gənc Müslüm Maqomayev Üzeyir bəyin məsləhəti ilə 1911-ci ildə Bakı şəhərinə köçüb və burada şəhər kollecində işə başlayıb. Bakıda müəllimlikdən əlavə, həmçinin işçilərə bilik öyrədən axşam kursları təsis edib.
 
O, Bakıda müəllimlik edərkən Üzeyir Bəyin başçılığı ilə fəaliyyət göstərən “Müsəlman Opera Truppası” ilə ilk olaraq musiqiçi, sonra dirijor və teatrın rəhbəri olaraq əməkdaşlıq etməyə başlayıb. Daha sonra Azərbaycan Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışıb.
 
Abdulmüslüm Maqomayev 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır. 
“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq etmişdir. 
 
Müslüm Maqomayev 15-ə yaxın simfonik əsərin, o cümlədən iki opera, marşlar və bir neçə rapsodyanın, geniş kütlə arasında yayılmış mahnıların ilk müəlliflərindən biridir.
 
"Şah İsmayıl" (1916) və "Nərgiz" (1935) Müslüm Maqomayevin ilk operalarıdır.  
Onun ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. O zaman bəstəkarın ağlına belə gətirməzdi ki, əsərdəki Aslan şahın ariyasını çox illər sonra üzünü görmədiyi nəvəsi – dünya şöhrətli müğənni Müslüm Maqomayev ifa edəcək.
 
Müslüm Maqomaevin "Nərgiz" operası klassik musiqi və səhnə forması üzərində qurulan ilk Azərbaycan operası sayılır. “Nərgiz” operası öz mövzusu və üslubuna görə, Azərbaycan musiqisində bir İlk sayılır. “Nərgiz” M.Maqomayev yaradıcılığının ən yüksək zirvəsidir. Bəstəkar opera üzərində 1932-1935-ci illərdə işləyib. “Nərgiz” Azərbaycan musiqisinin inkişafı tarixində önəmli yer tutur. M.Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq, operanın melodik quruluşunda milli musiqi örnəklərinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır.
Müslüm Maqomayev, həmçinin azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir. Onun bitməmiş əsərlərindən üçü - "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediyası da qalıb. 
 
Müslüm Maqomayev bir sıra marş və rapsodyanın da müəllifidir. O, həmçinin üç yüzə yaxın Azərbaycan xalq rəqsi, mahnı və digər melodiyaların simfonik yorumunun müəllifidir. 
Bəstəkar, həmçinin, simfonik orkestr üçün “Azərbaycan çöllərində”, “Ceyran”, “Turacı”, “Şüştər dəramədi”, “Çeçen rəqsi” və b. musiqi  əsərlərinin müəllifidir. Onun “Bahar”, “Tarla”, “Bizim kənd” vokal musiqiləri milli koloriti ilə diqqəti cəlb edir. 
 
Bundan əlavə, Müslüm Maqomayev  teatr tərtibatına və filmlərə musiqi müşayiətinin müəllifidir. Belə ki, M.Maqomayev 1920-1930-cu illərdə “Azərbaycan incəsənəti” və b. kinofilmlərə, Mirzə Cəlilin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. 
Doğma xalqıma (1954, tammetrajlı sənədli film) – onun bəstələrindən istifadə olunmuşdur. 
 
Bəstəkar Müslüm Maqomayevin xatirəsinə  həsr olunan (2011) qısametrajlı sənədli televiziya filmində də onun bəstələrindən istifadə olunmmuşdur. 
 
M.Maqomayev və Ü.Hacıbəyovun əvvəlki operaları müəyyən dərəcədə muğamdır. 
 
“Şah İsmayıl” milli operamızı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək baxımından ilk təşəbbüs idi. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə edib. 
 
İlk tamaşası 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.
 
Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.
O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyovla birgə “Azərbaycan-türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.
 
Müslüm Maqomayev Çeçen, Azərbaycan və digər Qafqaz folklorunun toplanması və sistemləşdirilməsi ilə də  məşğul olmuşdur. O, Azərbaycan folkloruna xüsusi diqqət yetirmişdir. 
1927-ci ildə M.Maqomayevin redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.
 
O,1920-1930-cu illərdə maarif kоmissarlığında işləyib.
Bakı radiosunun musiqi rəhbəri təyin edilmiş Müslüm Maqomayev efirdə ən yaxşı əsərlərin səsləndirilməsinə çalışır, bəstəkarlara yeni mahnılar və əsərlər sifariş edirdi. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdur. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.
 
M.Maqomayev 1920-ci ildə Azərbaycan Təhsil İşçilər Birliyinin başçısı seçilib. O, 1921-ci ildə  Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri, sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifələrində çalışıb. 
1929-cu ildə M.Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri təyin olunub və bu vəzifədə 1931-ci ilə qədər çalışıb.
 
Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev, Müslüm Maqomayevin nəvəsidir. 
O, müğənni-bəstəkar Müslüm Maqomayevin babası, kino-rəssam Məhəmməd Maqomayevin atasıdır.
 
Əməkdar incəsənət хadimi Müslüm Maqоmayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
Azərbaycan Dövlət Filarmoniyası, İçərişəhərdəki küçələrdən biri M.Maqomayevin adını daşıyır. Filarmoniyanın qarşısında M.Maqomayevin büstü qoyulub (1987; Büst heykəltəraş Ömər Eldarov və memar Arif Salehov tərəfindən hazırlanıb). 
 
Bəstəkarın yaşadığı evin (Bakı, Nizami küçəsi-41) divarında xatirə lövhəsi asılıb.
1995-ci ildə M.Maqomayevin anadan olmasının 110 illiyi dövlət səviyyəsində, təntənəli şəkildə qeyd olunub.
 
Əməkdar İncəsənət xadimi, xalqının dəyərli bəstəkarı Müslüm Maqomayev ömrünün son gününədək Azərbaycan xalqına xidmət etdi. Mədəniyyətimizin inkişafı naminə öz musiqi töhfələrini bəxş etdi.
 
Xalq da, onu sevənlər də görkəmli sənətkarı nə unutdu, nə də sevgisini əsirgədi...
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 916
Paylaş: