"Söz rəssamı, poetik duyğular ovsunçusu" - Onu belə çağırırdılar. 
 
Prezident mükafatçısı, istedadlı yazıçı-publisist, jurnalist, hüquqşünas, respublika və Beynəlxalq Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyev.
 
Bu gün qəfil dünyasını dəyişən həmkarımıza Allahdan rəhmət diləyirik. 
 
Tanınmış nasir, alim, fəlsəfə doktoru Allahverdi Eminov 2020-ci il dekabr ayında "Elm və Təhsil" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış yazıçı-publisist Rafiq Hacıyevin həyat yoluna və yaradıcılığına həsr olunmuş 380 səhifəlik monoqrafiyasını da belə adlandırmışdı: "Söz rəssamı, poetik duyğular ovsunçusu".
 
Nəşriyyatın kitabla bağlı verdiyi annotasiyada oxuyuruq: "İstedadlı yazıçı-publisist, jurnalist, hüquqşünas, respublika və Beynəlxalq Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyevin oçerkləri, hekayələri, povestləri, romanları, kitabları oxucuların qəlbində xüsusi təravətlə səslənir. Onun bir-birindən maraqlı ədəbi, publisist və kriminal əsərlərini oxuyanda dilimizin ecazkarlığı önündə baş əyirsən.
Əsl jurnalistikaya və ədəbiyyata "sirli ehtiras"la, təmənnasız istəklə bağlanmış Rafiq Hacıyevin əsərlərində hər şey var: musiqi, ritm, müntəzəm akkordlar, işıq, rəng, ətir, yenilik mehi, təzə hava cərəyanı. Ən xoş hisslərlə duyursan ki, müəllif söz gözəlliyinin vurğunu, aşiqidi. O, cingiltili, qəlb sehrləyən, füsunkar sözləri, təsirli cümlələri, əsrarəngiz duyğuları nəinki sevir, onlara ürəkdən məhəbbət bəsləyir. O özünü həmişə bu sözlərin çox yaxın sirdaşı, rəfiqi kimi hiss edir. Buna görə də, yazıçı-jurnalistin poetik sözü heç zaman onun fikrindən, düşüncəsindən ayrılmır, bu duyğular, sözlər və cümlələr böyük və gözəl məqsəd daşıyır. Söz rəssamı, cazibədar hisslər ovsunçusu olan müəllifin yazılarındakı bədii dilin, şifahi nitqin mükəmməlliyi, ritmik lövhələr, takt füsunkarlığı oxucunu heyran edir və onlar Azərbaycan sözlərinin və ahənginin aşiqini eşq dolu hisslərlə alqışlayırlar. 
 
Rafiq Hacıyevin əsərləri ötən əsrin yetmiş yaşından sonrakı dövrünün canlı lövhələrini yenidən dirildir, ecazkar obrazlar onun yaradıcılığında dürüst faktlarla birləşir. Qəlbə munis olan sözlər və fikirlər danışıqsız bir-birinə tabe olur. Onlar parlayır, al-əlvan işıq saçır. Günəş şəfəqləri, ay nuru və ulduzların parıltısı, dəniz dalğalarının şappıltısı və bahar sularının sevgi pıçıltısı. 
Bəli, poeziya sehrbazlığı publisistika pafosu ilə əl-ələ tutub gedir. Bu yolda isə xeyirxah xislətli yazıçı-jurnalist - özündə Rafiq Hacıyev adlı gur işığın nurunu gəzdirən son dərəcə zəhmətsevən bir insan, söz xiridarı həssas ürəklə və bənzərsiz, özünəməxsus sənətkar qələmi ilə silahlanıb qətiyyətlə irəliləyir..."
 
Akademik Nizami Cəfərovun Rafiq Hacıyev haqqında düşüncələri də çox təsirlidir:
“İstedadsız insan yoxdur” deyirlər, ancaq onu demirlər ki, istedadın çoxluğu-azlığı, ağırı-yüngülü, dəymişi-kalı da var. İstedad var ki, yaradır-qurur, istedad da var ki, yaradılanı dağıdır, qurulanı uçurur.
 
İstedad var, tez parlayıb, tez də sönür. İstedad var, kökü yerin dərin qatlarında olan bulaq kimi axdıqca axır…
 
Yazıçı-jurnalist Rafiq Hacıyevin istedadı zəhmətkeş (və hər yönü ilə yaradıcı, qurucu!) istedaddır. O, uşaqlıq, yeniyetməlik illərində, xüsusilə bizim hər birimizin “ilk universiteti” olan orta məktəb mühitində sübut edib ki, onun ən azı üç sahədə təbii istedadı var: rəsmdə, musiqidə və ədəbiyyatda. 
 
Əlbəttə, hər üç istedad təmayülünün bir yeniyetmədə təzahürü öz-özlüyündə böyük xoşbəxtlik sayıla bilər, ancaq Rafiq bu xoşbəxliklər içərisindən birini seçməli idi. O da sözü-jurnalistikanı seçdi…
 
Orta məktəbin son siniflərində oxuyanda artıq rayon qəzetinin ştatdankənar müxbiri kimi o yaşda hər kəsə qismət olmayan mötəbər bir vəzifə daşıyırdı. Və 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olana qədər mətbəədə həm çapçı işləmiş, həm də linotipçiliyi, mürəttibliyi öyrənmişdi. Yəni jurnalist sənətinin “mətbəx”i ilə elə əvvəlcədən tanış olmağa imkan tapmışdı.
 
1995-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat mərkəzinin məsul əməkdaşı olan Rafiq Hacıyev həm də ali hüquqşünaslıq təhsili almış, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir ki, bu, onun, hər şeydən əvvəl, çalışdığı işə məsuliyyətli münasibətinin göstəricisi, peşəsinə peşəkar ehtiramının təzahürüdür. Və elə həmin peşəkarlığın, məsuliyyətin (və heç şübhəsiz, ilk növbədə təbii yaradıcılıq istedadının!) nəticəsidir ki, Rafiq Hacıyevin müəllifi olduğu yüzlərlə irili-xırdalı yazıların janrından asılı olmayaraq hamısının dəqiq ideya təyinatı, informativ enerjisi, estetik təsir gücü var. 
 
Nədən yazırsa yazsın, əvvəlcə mövzunun mahiyyətinə varır, məzmun-mündərəcəsini dərindən öyrənir, yalnız ondan sonra əlinə qələm alıb sözün ağır-yüngülünü, polifoniyasını, başlıcası isə spektrlərini seçməyə başlayır. Və onun təhkiyeyi-kəlamında söz təkcə mənası ilə yox, həm də musiqisi, rəngi ilə – istedadla peşəkarlığın vəhdətində zühur edir.
 
Rafiq Hacıyevin istedadı ilə peşəkarlığının harmoniyası barədə tanınmış ziyalılar - Cəmil Əlibəyov, Ramiz Məmmədzadə, Səyavuş Sərxanlı, Allahverdi Eminov, Şakir Yaqubov, TofiqAbdin… də çox maraqlı fikirlər, mülahizələr söyləmişlər.
Görkəmli şair, publisist Vaqif Bəhmənli hələ neçə illər bundan əvvəl yazmışdı: “Rafiq Hacıyev Azərbaycan mətbuat aləmində beş-altı professionaldan biridir. Mən bu sözləri tam səmimiyyətlə deyirəm. Və bilirəm ki, fikrimə şərik çıxanlar çox olacaq… Hər hansı bir qəzet, nəşr canlı orqanizmdir, onun doğuluşunda, dünyaya gəlib yaşam qazanmasında elə bir məqam yoxdur ki, Rafiqdən gizli qalsın…” 
 
Bir də görürsən ki, açılan solur
Düşünən bir beyin bir torpaq olur...
 
Gəlin Rafiq Hacıyevin ömür yoluna bir daha  qısaca nəzər salaq. 
 
O, bu dünyaya 1954-cü ildə ziyalı ailəsində gəlmişdi. 1972-1974-cü illərdə Yevlax Şəhər Mətbəəsində çapçı vəzifəsində işləmiş, tələbəlik illərində dövrün ən nüfuzlu və ən mötəbər mətbuat orqanlarından biri olan "Kommunist" qazetində  işə qəbul olunmuşdur. Eyni zamanda bu nəşrə əlavə çıxan “Səhər” qazetinin məsul katibi vəzifəsində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini, 2001-ci ildə həmin universitetin hüquq fakültəsini bitirmişdir. 1991-1993-cü illərdə “Odlar Yurdu” qəzetində baş redaktoru vəzifəsində işləmişdir. 
 
O, 1993-1995-ci və 2001-2004-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin -  AZƏRTAC-in buraxılış redaktoru və müxbiri vəzifəsində işləmişdir. 2004-2017-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsində baş məsləhətçi, İctimaətlə əlaqələr şöbəsində baş məsləhətçi-kollegiyanın məsul katibi vəzifəsində çalışmışdır. 
 
Rafiq Hacıyev dövlət qulluğunun müşaviri, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin üzvü idi.
 
Rafiq Hacıyev mətbuat sahəsində səmərəli və qüsursuz fəaliyyətinə görə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin fəxri fərmanına, ”Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatlarına, Azərbaycan Mətbuat Şurasının fəxri diplomuna və ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətlərə görə Mahmud Kaşqari adına beynəlxalq mükafatına və “Mahmud Kaşqari 1000” medalına layiq görülmüşdür.
Onun dövri mətbuatda yüzlərlə ədəbi-bədii, publisistik məqalələri, oçerkləri, müsahibələri, zarisovkaları və reportajları dərc olunmuşdur.
 
Bu gün yazıçı-publisist Rafiq Hacıyev dünyasını dəyişsə də, ondan geriyə 2 gözəl övladı və yaddaşlarda qalan xatirələri, bir də ürəklərdə iz salan yazılar, kitabları, nəğmələri qaldı...
 
Allah yaxınlarına səbr versin.
Ruhu şad, məkanı cənnət olsun.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 916
Paylaş: