Türkiyədə 28 iyuldan başlayan yanğınlar hələ də davam edir. Hadisə zamanı 21 bölgədə 63 meşə yanğını qeydə alınıb. Təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib, 183 nəfər isə xəsarət alıb.

Günaydın.az Yenisabah.az-a istinadən xəbər verir ki, yanğın səbəbindən bölgədəki bəzi kəndlər və turizm obyektləri boşaldılıb.

Bu cür dəhşətli fəlakətin baş verməsinin səbəbi nədir, yanğınlarda kimlərin əli var?

Türkiyənin aparıcı siyasi partiyalrından olan MHP İdarə Heyətinin üzvü Bülənt Maşaoğlu hadisə ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, yanğınların PKK terrorçuları tərəfindən qəsdən çıxarıldığını bildirib:

“Yanğın eyni bölgədə 4-5 fərqli ərazidə eyni zamanda başlayıb. Bu təsadüf ola bilməz. İllərdir canlar alaraq, gənclərimizi şəhid edərək xainliyin zirvəsinə çatan terror təşkilatı artıq məğlub olduğunu başa düşüb və ciyərimiz adlandırdığımız meşələrə hücuma keçiblər.

Hazırda hadisəyə görə saxlanılan şəxslər var. Bu fəlakət səbəbindən bütün Türkiyə hətta Türk dünyası birlik nümayiş etdirir.

Dünyadakı bütün terror qrupları və onlara dəstək olanlar bir gün mütləq cavab verəcək. İlk cavab verənlərdən biri də PKK olacaq. Təəssüf ki, silahlı qüvvələrimizin qəhrəmanlıq mübarizəsinə cavab verə bilməyənlər müdafiəsiz təbiətə qorxaq, xəyanətkar və pozğun şəkildə hücum edirlər. Bu fəlakətin qisası qat-qat pis alınacaq”.

Baxış sayı: 1780
Paylaş: