Azərbaycanın tanınmış maarifçisi, müəllimi, Aleksandr Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyovun xatirə günüdür.
 
Hörmətlə xatırlayaq.
 
Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov 1864-cü il iyulun 29-da Şamaxı şəhərində anadan olmuşdur. Atası Hacı İbrahimxəlil bəy Şamaxının mötəbər şəxslərindən idi. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq məşhur Nadir şahın xəzinədarı imiş.
 
Səkkiz yaşında ikən Həbib bəy Şamaxının məhəllə məktəblərindən katib Mirzə Hüseyn adlı bir molla məktəbində oxuyur, sonra Şamaxının şəhər məktəbinə girir. 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağılır və Həbib bəy Bakıya gələrək real məktəbə daxil olur. Bu məktəbdə altıncı sinfədək oxuduqdan sonra 1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlır İnstitutuna girir. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultanməcid Qənizadə ilə bir yerdə Bakıya dönür və elə həmin il onlar ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayılır.
 
1896-cı ildə Həbib bəy Mahmudbəyov S. M. Qənizadə, İ. Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi.
 
1917-ci il oktyabr çevrilişinədək H. Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.
 
Azərbaycanda sovet hökuməti qurulduqdan (28 aprel 1920-ci il) sonra H. Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləyib. Sosial təşkilat komissiyasının (1920) üzvü kimi o, pedaqoji institutun təşkilində fəal iştirak edib. Ali pedaqoji institut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, eyni zamanda rus dili və ədəbiyyatından dərs deyib.
 
Həbib bəy Mahmudbəyov gecə kursları təşkil etmişdi. Bu kurslar bir zaman Həbib bəy Mahmudbəyovun müdir olduğu və Şamaxı yolundakı binada yerləşmiş (Yasamal rayonundakı 18 və sonralar 240 nömrəli) məktəbdə təşkil olunmuşdur.
 
 
Həbib bəy teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi.Azərbaycan teatr aləmində canlanma bir də 1887-ci ildə müşahidə edilməyə başlayır. Əvvəlkindən fərqli olaraq, bu canlanmada mütəşəkkillik nəzərə çarpıb. Nəcəf bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Nəcəfqulu bəy Vəliyevin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları dövrün teatr proseslərini canlandırıb.
 
1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamaşalarda sonralar aktyor olmuş Rüstəm Kazımov edizodik rollarda oynamışdır.  
 
Həbib bəy Mahmudbəyovun adı "Azərbaycan teatr tarixi" kitabına düşüb. Kitabda qeyd olunur ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları da yetişmişdir ki, bunlardan Cahangir Zeynalovu, Əbülfət Vəlini və başqalarını göstərmək olar. Kitabda, həmçinin,  Həbib bəy Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafındakı xidmətləri tarixi faktlar əsasında açıqlanır.
 
Həbib bəy Mahmudbəyov xeyirxah bir insan idi. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Böyük aktyor Hüseyn Ərəblinskini Azərbaycan xalqına qazandıran o olub. Hüseyn Ərəblinskinin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçmişdi. Atasını vaxtsız itirən Hüseyn Ərəblinski anasının himayəsi altında böyümüşdü. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxanı buraxmağa məcbur olub. O illərdə "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn Ərəblinski də Həbib bəy Mahmudbəyova müraciət edir. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn Ərəblinski burada, eyni zamanda rusca oxuyub-yazmağı öyrənir. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilən gələcək sənətkar məhz o illərdə teatrla tanış olur. Bu, peşəkar teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.
 
Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə M.F.Axundovun Sərgüzəşti-vəziri-xani-Lənkəran əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. H.Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Ancaq sonralar teatr tariximizdə ən görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn Ərəblinski  susmağa məcbur olur. Amma  tamaşa pozulmur. Çünki Hüseyn Ərəblinskinin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış. 
 
Bu zaman Həbib bəy ona ürək-dirək verir və həvəsdən düşməyə qoymur...
Sonralar o, digər obrazların öhdəsindən məharətlə gəlir.
 
Azərbaycanın ilk mətbu orqanı olan "Əkinçi"nin yaradıcısı, böyük maarifçi Həsən bəy Zərdabi və müəllim Həbib bəy Mahmudbəyov da Dumaya qlasnı seçilmişdilər. Onlar əmlak sahibi kimi deyil, başçısı ölmüş varlı ailələrin qəyyumu kimi seçilmişdilər. Fərmanda varlı ailələrinə qəyyumların Dumaya seçilə biləcəyinə icazə verilirdi. Bakı Duması əvvəllər indiki Gənclər meydanında olan (indi bu mülkün yerində bağ salınmışdır) sonralar, yəni 1905-ci ildə onun üçün indiki İstiqlaliyyət küçəsindəki binaya (Hazırkı Bakı Sovetinin binası) köçmüşdü. Fərmanın verilmiş olduğu tarix də – yəni 1870-ci il onun fasadına həkk olunmuşdur. Bəziləri səhv salaraq bu tarixi binanın tikilməsi tarixi kimi başa düşürlər. Həbib bəy qlasnı kimi bir çox ictimai işlərdə fəal iştirak etmişdi.
 
Azərbaycanın tanınmış maarifçisi Həbib bəy Mahmudbəyov Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Əli Əsgər bəy Mahmudbəyovun qardaşıdır.
 
Azərbaycanda böyük bir ziyalı nəslinin yetişməsinə töhfələr verən maarif və mədəniyyət xadimi Həbib bəy Mahmudbəyov 1928-ci il iyul ayının 30-da Bakıda vəfat etmişdir.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 727
Paylaş: