Bu gün Azərbaycanın tanınmış maarifçisi, publisist və yazıçı Cəmo Cəbrayılbıylinin xatirə günüdür.
 
Bakı mətbuatında, əsasən “Məktəb” jurnalında uşaq şeirləri, hekayələr, şeirlər dərc etdirən, Azərbaycanda pedoqoji kadrların hazırlanmasında böyük əməyi olan C.Cəbrayılbıyli həm də bir sıra dərslik və 30-dan çox elmi-metodik kitabın müəllifidir. (1887-1965)
 
Hörmətlə xatırlayaq.
 
O, 1887-ci ildə Şamaxıda anadan olub.
Atası o vaxtlar Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsində kargüzar işləyirdi-Adil bəy Cəbrayılbəyov. 
 
Adil bəy Cəbrayılbəyov Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi şamaxılı Hacı Əbdülhəmid bəy Mustafa Əfəndizadə ilə əqidə və məslək dostu idi. Əbdülhəmid bəy 1872-ci ildə, Şamaxı qaziliyindən Tiflisə təyinat alandan sonra onun Şamaxıdakı vəzifəsinə Səid Əfəndi Ünsizadəni təyin edirlər. Şərq dillərini, eləcə də rus dilini ana dili kimi bilən Adil bəy yenə kargüzarlığında qalır, məhərin və quberniyanın ictimai-siyasi və ədəbi həyatında fəal iştirak edir. Övladlarını yaxşı oxutdurmaq üçün əlindən gələni edir. 
 
XİX əsrin ensiklopedik nəşrlərində Adil bəyin adı “Kavkazskiy kalendar”ın hər nəşrində təkrar olunub. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 291 nömrəli fondunda Adil bəy Cəbrayılbəyov haqqında çoxlu arxiv sənədləri vardır. 
 
O, Şamaxıda yaşaya bilmədiyindən neft və milyonlar şəhəri kimi formalaşan Bakıya gəlir, burada 1884-cü ildə Tiflisdə nəşri dayandırılan “Ziyayi-Qafqasiyyə” qəzetinin nəşrinin davam etdirilməsinə hökumətdən icazə istəyir. Lakin müxtəlif bəhanələrlə onun xahişinə müsbət cavab verilmir. Səid Ünsizadə böyül maarifçilik işlərini davam etdirmək üçün İstanbula üz tutur və burada, çox güman ki, hələ Tiflisdən-”Ziya” qəzetində işlədiyi vaxtdan qiyabi tanıdığı Münif Paşanın köməyi ilə maarif və təhsil sahəsindəki fəaliyyətini davam etdirir. Bir müddətdən sonra onun ortancıl qardaşı Cəlaləddin Əfəndi də Tiflisdən İstanbula köçür. Kiçik qardaş Kamal Ünsizadə isə Bakıda qalır, burada əsasən, nəşriyyat işləri ilə məşğul olur, müəyyən gecikmələrlə “Məzhər”  adlı qəzet çap etdirir.
 
Cəmo bəylə bağlı, demək olar ki, tutarlı ilkin elmi- bioqrafik məlumat yoxdur. Yeganə mənbə kimi ölümündən bir il sonra Cəmo bəy Cəbrayılbəyovun “Xatirələrim” adı ilə nəşr olunan əsərdir.
 
Cəmo bəy Cəbrayılbəylinin ömür payına iki əsrdən 78 il düşüb: 1887-1965. 
Adil bəyin böyük qızı şamaxılı şair Ağalı bəy Nasehin həyat yoldaşı idi. Ağalı bəy Naseh Şamaxıda dövlət idarəsində dilmanc işləyirdi. O, M. Ə. Sabir, A. Səhhət, M. Mahmudbəyov ilə ziyalıların ən yaxın, səmimi dostlarından idi.
 
Cəmo bəy Şamaxı şəhər məktəbində oxuyub. Həsən bəy Zərdabi də bu məktəbdə oxuyub. Bu məktəbdə Cəmo bəyin ana dili və şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər idi. Bir sıra tədqiqatçılar Cəmo bəyin dövlət hesabına oxumasında Mir Cəfərin adını yüksək qiymətləndirirlər.
 
Şamaxı şəhər məktəbi təlimi rus dilində olan təhsil ocağı idi. Burada Avropa təhsilli rus və Avropa təhsilli, universitet bitirmiş müəllimlər dərs deyirdi. Şamaxı Şəhər Məktəbi şagirdləri ali məktəbə daxil olmağa hazırlayan təhsil ocağı idi. Tədqiqatçıların yazdığına görə, Cəmo bəy burada 1896-1901-ci illərdə oxuyub. 1908-ci ildə xüsusi komissiya üzvlərinə imtahan verərək müəllimlik attestatı alıb, 1919-cu ilədək Şamaxıda müəllimlik edib. Sonralar Bakıya köçmüş, bir sıra məktəblərdə müəllim olub. Cəmo bəyin müəllimlik fəaliyyətində S. M. Qənizadənin ona göstərdiyi qayğı xüsusi qeyd edilməlidir. Qori şəhərində yaradılan Zaqafqaziya Müəllimlər Seminariyasına 1905-ci il avqust ayının 3-də inspektor təyin edilən S. M. Qənizadə 3 ildən sonra əmrlə işdən çıxarılır. Bu əmr direktor M. Miropiyev ilə S. M. Qənizadənin aralarında tədris layihəsi ilə əlaqədar olan fikir müxtəlifliyi bağlı idi. S. M. Qənizadə Qafqaz Təhsil Dairəsinin popeçiteli N. Rudolfa müraciət edərək, günahkar olmadığını sübut edir və ona Qoridəki vəzifəsindən daha üstün olan vəzifə verilir. O, Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin inspektoru vəzifəsinə təyin olunur. Cəmo bəyin Bakı məktəblərindəki nümunəvi müəllimlik fəaliyyəti məhz bu dövrün başlanğıcı ilə əlaqədardır. Cəmo bəy Cəbrayılbəyov Xalq Maarif Komissarlığının xətti ilə bir sıra irimiqyaslı tədbir və layihələrdə fəal iştirak edir, uşaq pedaqoji mətbuatın formalaşmasında S. M. Qənizadə , Ə. Cəfərzadə, A. İsrafilbəyli, A. Talıbzadə, Q. Mirzəzadə, K. İsmayılov, F. Ağayev və başqaları ilə birlikdə nümunəvi işlər görür; layihələrlə çıxış edir, rus və Avropa ədəbiyyatından etdiyi tərcümə və tədilləri ilə məktəblilərin mütaliə mədəniyyətinin yüksəldilməsinə çalışır. Onun “Maarif”, “Qızıl yıldız”, “Qırmızı günəş” və sair uşaq mətbuatındakı müxtəlif imzalarla çap etdirdiyi təbiət hekayələri, şeir və marşları bu gün də maraqla oxunur. 
 
Cəmo bəyin bir sıra hekayələrinin qəhrəmanı geniş maraq dünyası olan Adildir.
Cəmo bəy oğluna atasının adını vermişdir. Nəvə Adil Cəbrayılov (1924-1991) Bakıda Bülbül prospektində yerləşən Respublika Dəri-Zöhrəvi Xəstəxananın baş həkimi olub.
 
 Cəmo bəy Cərayılbəylinin “Yeni yıldız”ın 1922-ci ilə aid 2-ci nömrəsində “Cəmo” təxəllüsü ilə yazdığı “Sənsən” şeirini oxuculara təqdim edirik.
 
Ey dilbərim, ey güllərcəm,
ey cahcəlalım,
Sənsən bana dirilik gətirən,
ey pərim , sənsən!
Ey eşq səmasında
gəzən şanlı hilalım,
Şu cürmlərin (günahların-N. N.)
cümləsinin dilbəri sənsən!
Bin dərdə, bəla atəşi sövq edən sənsən,
Bin dürlü səfa məninin məzhəri sənsən.
Qan ağlatub, aşiqlərə baş gəzənsən
Bir baq yenə hər aşiqinin əzbəri sənsən!
Ey nur saçan, gün kibi afaqı işıqlat,
Ruh aləminin nur saçan əxtəri sənsən.
Bu kəsələtdə (kefsizlikdə-N. N. ) bənim ruhumi ilham ilə anlat,
Sənət yaratan qüvvələrin gövhəri
sənsən!
Bir şeiri- məlahətsən, aman bəndən uzaşma,
Əşara yaqın qalblərin rəhbəri sənsən,
Aşiqin işini etsə yürəklərdə təcəlli.
Həp anlar odum : xilqətin hər dəftəri
sənsən!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 745
Paylaş: