Bakı. Günaydin.az

Avqust ayıdır….. Pandemiya zamanıdır…. Qaçhaqov zamanda itirdiklərimiz bir-bir gözümüzün önündən keçir. Kimlərsə  xatırlanır, kimisi də dünyasını dəyişən kimlərisə yada salır. 

Ötən ilin avqustunda itirdiyimiz  doğma bir insanın xatirəsini anmaq istəyirəm. Hər zaman Azərbaycan qadını deyiləndə müxtəlif istiqamətlərdə töhfə verən, xüsusi yeri olan, seçilən adları yadımıza salırıq. Belə adlardan biri də Azərbaycan səhiyyəsində yeri olan Naziyə Şəmsəddinskayadır. Ondan  söhbət açarkən, istərdim ki bir az da atası Musa Ağa Şəmsəddinskini xatırlayaq.

Müharibələr, fərqli siyasi ideoloji dövrləri görüb keçən Musa Ağa iki övlad atası, valideyn, ailə başçısı olub. Ağsaqqal, məsuliyyətli, vətənsevər bir insan idi, bütov bir Şəmsəddin(l) mahalının dəyərli övladı, iftixarı idi. Onu dövrünün insanları yaxşı xatırlayırdı.  Musa Ağa Şəmsəddinski Yelizavetpol quberniyasında doğulub. Müəllimlər Seminariyasını bitirən, Bakı xeyriyyə cəmiyyətində çalışan, Tovuz, Şamaxı, Ağdam, Lənkəran kimi şəhərlərdə icraiyyə komitəsinə başçılıq edən, Bakı Milis idarəsinə rəis təyin olunan Musa Ağa çalışmağı, işləməyi sevən  biri olub. O, hərbi təhsilini başa vurduqdan sonra,  Denikin ordusu ilə mubarizəyə qoşulur, Qarabağa hucum edən daşnaklara qarşı vuruşur. Sonra Naxçıvana gedir, orda  daşnaq təzyiqləri bitmir. Həmin vaxt Musa Ağa öz dəstəsilə Şərurdan Şahtaxtlı körpüsü vasitəsilə indki İrana, ordan da Turkiyəyə-Bəyazit və Ərzuruma doğru yol alır. Bu hadisələr 1920-ci ildə baş verir və Musa Ağa ordan çox çətinliklə geri qayıda bilir. Uzunmüddətli Moskva-Ankara danışıqları onu Vətəninə qaytarır. 1938-ci ildə Bakıda  həbs olunur və 15 aylıq istintaqdan sonra, 1955-ci ilə qədər həyat yoldaşı Tehran xanımla birgə  Rusiyanın Komi, Krasnodar  diyarında sürgün həyatı yaşayır.

Ağır döyüşlərdən, çək-çevirdən,müharibələrdən sağ-salamat çıxan Musa Ağanın sürgün həyatı yaşaması övladlarına da təsir edir. Repressiya dövrünün ağır zərbələrini görən  ailənin qız övladı Naziyə  çətinliklə də olsa, özündə güc tapmağı  bacara bilmişdi. Deyirlər insan yıxıla-yıxıla, büdrəyə-büdrəyə möhkəmlənir, önünü, yolunu daha dəqiq  təyin edə bilir, uzağı görə bilir.  Bəlkə də elə buna görə Naziyə xanım getdkcə özündə tapdığı güc sayəsində gələcəyi yenidən  düşünməyi, irəliyə  addımlamağı özünə borc bilir. Eynilə Naziyə xanımda olduğu kimi ümidlər gerçəkləşdikcə yerini dəyişir, xasiyyətlər bəlli olduqca aydınlaşır və insanı tanımaq olur, xatirələr yaş keçdikcə doğmalaşır. Vaxtilə rəhmətlik babam onu daha çox xatırlayardı, Naziyə xanımı görəndə bir qohum,  bir doğma insan kimi Musa Ağanı gözünün önündə canlandırırdı . Repressiya dövrü onları ağır sınaqdan keçirmişdi, zamanı qovaraq, itələyərək  nələrisə  dəyişdirə  yaxud da laxlada bilmişdi. Bu sınaqlardan  alnı açıq çıxan Musa Ağanın həkim qızı Naziyə Şəmsəddinskaya nur üzlü simasıyla mənim də xatirimdədir. Mən onun yaşa dolmuş vaxtlarını tanıyıram, gözündən səpələnən səmimi təbəssümünü unutmaq olmur. Bəhs etdyim bu qadın 95 illiyinə bir il qalmış 94 yaşında dünyasını dəyişdi,  2020-ci ilin avqust ayı  onu sevənlərindən, doğmalarından ayırdı.  

      Avqust ayıdır…. Pandemiya dövrüdür, yolumuz, əlimiz hər yerə çatmır, Sən isə yada düşürsən . Doğulduğun  avqustda biz səni xatırladıq , 95  yaşın sənsiz keçir. Cismən uzaqlardasan,  xatirələrinsə burdadır -bzim yanımızdadır, darıxanda, arzulayanda onları bölüşənlərin var.  Nur üzlü Naziyə Şəmsəddinskaya , bizdən uzaqlığının bir  ili, yaşının isə  95 illiyidir.  İndi sənin ayındır - doğum gününlə birgə vəfatını  anırıq.  Unutmadıq… Avqust səni xatırladır. Səni  birlikdə  anırıq.

 

 Aliyə Əsədova

Baxış sayı: 2122
Paylaş: