Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür.
 
Bu gün 1958-ci ildən etibarən qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilmişdir. Söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur.
 
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. Ölkəmizdə söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti çıxışlarının birində "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir", - deyərək söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulmasının Azərbaycanda çox vacib olan məsələlər olduğunu qeyd edib: "Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".
 
N.Telmanqızı
Baxış sayı: 502
Paylaş: