İzzət Oruczadənin anadan olmasından 112 il ötür...
 
Azərbaycanlı kimyaçı alim, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki, texnika elmləri doktoru, Azərbaycan Əməkdar Elm və Texnika Xadimi İZZƏT ORUCZADƏnin doğum günüdür. 
 
Hörmətlə xatırlayaq.
Ruhu şad olsun.
 
İzzət Oruczadə - Bu xanım Azərbaycanın ilk kino aktyoru və ikinci xanım akademikidir. İlk xanım akademik Validə Tutayuqdan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. 
 
Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla doludur...
 
İzzət Oruczadə 1909-cu il sentyabrın 16-da Bakı şəhərində anadan olub. 
20 yaşında ikən əvvəlcə «Sevil», sonra isə «Almaz» filmlərində çəkilmiş, Azərbaycan qadınlarının lirik və dramatik obrazlarını təbii və inandırıcı boyalarla yaratmağa müvəffəq olmuşdur. 
Cazibədarlığı, gözəlliyi, ifadəli iri gözləri, çəkiliş meydançasında özünü təbii aparması və hisslərini təmkinlə büruzə vermək bacarığı ona uğur qazandırmışdır. Bu iki filmdən sonra o, kinodan bilərəkdən uzaqlaşmış və həyatını bütünlüklə elmə həsr etmişdir. 
 
İzzət xanım 1932 - ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) texnoloji fakültəsini bitirmişdir. Mühəndis diplomunu alıb Kuybışev adına Azərbaycan Elmi - Tədqiqat Neft Emalı İnstitutunda işləmiş, həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiri, 
Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971) olmuşdur. 
 
Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. İ.Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında və sənayedə tətbiqində yaxından iştirak etmişdir.
Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır.
 
İzzət Oruczadənin xidmətləri dəyərləndirilmiş, o, Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və bir sıra medallarla təltif edilmişdir.
 
Texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Azərbaycan Dövlət mükafatı laureatı, respublikanın Əməkdar elm xadimi İzzət Oruczadəni bir alim kimi dünyanın bir çox ölkələrində yaxşı tanıyır, onun elm aləmindəki kəşflərini yüksək qiymətləndirirlər. O, keçmiş SSRİ-nin ən iri sənaye mərkəzlərində və bir sıra xarici ölkələrdə elmi məruzələrlə çıxış etmişdir.
İzzət xanımın Kinoya gəlişi, daha doğrusu, onun böyük dramaturq Cəfər Cabbarlı tərəfindən necə tapılıb kinofabrikə gətirilməsi barədə müxtəlif rəvayətlər mövcuddur. Lakin fikirlər müxtəlif olsa da, nəticə eynidir. Onu kino üçün Cəfər Cabbarlı kəşf etmişdir.
Cəfər Cabbarlı artıq xeyli vaxt idi ki, «Sevil» filmində baş rolu oynayacaq gənc azərbaycanlı qızı axtarırdı. Azərbaycanın ilk qadın kinorejissoru Q.Salamzadənin «Kiçik pəncərədən görünən dünya» kitabçasında belə bir xatirə var: «Bakının küləkli günlərindən birində mən Kommunist küçəsində (indiki İstiqlaliyyət küçəsi - A.K) Cəfərlə rastlaşdım. O, əlləri cibində o tərəf - bu tərəfə baxa-baxa gedirdi. Salamlaşdıq. Mən soruşdum:
 
- Cəfər! Belə tozlu havada hara gedirsən? Nə axtarırsan?
- Hara getdiyimi özüm də bilmirəm. Ancaq nə axtardığımı bilirəm. Kinoda Sevil rolunda oynamaq üçün Sevili axtarıram. Gəlsənə mənə kömək edəsən! Sən də kino işçisisən, axı!
- Axtaran tapar, - dedim.
 
- Əslinə baxsan, tapmışıq. Birisi var, çox ciddi qızdır. Alim olmaq istəyir. Görək yola gətirə biləcəyikmi?
Mən zarafatla:
 
- Cəfər! Sən dilinlə ilanı yuvasından çıxararsan, necə olur ki, ondan razılıq ala bilmirsən? - dedim.
- Görək də, əgər başqasını tapmasaq məcbur olacağıq ki, onun razılığına müvəffəq olaq, - deyə Cəfər cavab verdi...»
 
Aydın Kazımzadə — Azərbaycan kinoşünası, Əməkdar incəsənət xadimi:
 
- İzzət xanımın söhbətlərindən məlum olur ki, o, rəfiqəsi ilə birgə «Təyyarə» kinoteatrında (köhnə univermağın binasında yerləşirdi - A.K.) səssiz xarici filmə baxarkən C.Cabbarlı ilk dəfə onu burada görür. Cəfər qət edir ki, məhz bu irigözlü gənc qız Sevili oynamalıdır. O vaxtlar müsəlman qadını üçün kinoya çəkilməyin nə olduğunu bu gün dərk etmək çox çətindir. Amma 20-ci illərin sonunda dini xurafat və qadınların əl-qolunu bağlayan adətlər hələ güclü idi. Belə bir şəraitdə qızın özündən və atasından razılıq almaq müşkül məsələ idi...
Seans başa çatandan sonra tamaşaçılar hərə bir tərəfə dağılışdı. C.Cabbarlı bu iki qızın ardınca düşüb Çadrovıy küçəsindəki (indiki Mirzağa Əliyev küçəsi - A.K) evlərinə qədər getdi. Cəfər həmin küçədə qonşuluqda yaşayan tanışı Mövsüm İsmayılzadədən İzzət xanımgilin ailəsi barədə ətraflı məlumat alandan sonra qızın atası Mirzəağa kişi ilə görüşdü. 
Onunla söhbət uzun çəkdi və çətin oldu:
 
- Oğlum, deyə Mirzəağa kişi karıxmış halda cavab verdi: - Mən sizə heç cür kömək edə bilmərəm. Siz özünüz yaxşı bilirsiniz ki, bu mümkün olan iş deyil. Mən özüm bağbanam. Təbiəti də çox sevirəm, teatrı, kinonu da. Kitab da oxuyuram. Ona görə də, qızıma məktəbə getməyə icazə vermişəm. Amma kino? Yox, yox. Bu bizlik deyil. Qonşular, qohumlar adama nə deyərlər? Məndən incimə, oğlum. Mən başqa cür hərəkət edə bilmərəm...
 
Lakin Cəfər Cabbarlının geri çəkilmək fikri yox idi. İkinci dəfə o, bu evə rejissor və aktyor İsmayıl Hidayətzadə ilə gəldi. O da Cəfər kimi dilli-dilavər idi. Amma yenə də həmin söhbət, həmin cavab. Bir neçə gündən sonra Cəfər yenidən İzzət xanımgilə gəldi. Nədənsə, bu dəfə Mirzəağa kişi onu çox mehriban qarşıladı. Onların söhbəti uzun çəkdi. Gənc dramaturq mümkün olmayan işi reallaşdırdı. Ata qızının kinoya çəkilməsinə icazə verdi. Amma bir şərtlə: Cəfərin özü İzzəti gəlib evdən faytonla aparacaq və faytonla da geri qaytaracaq....
 
Mirzəağa kişi axırda Cəfər Cabbarlını  yola salıb evə gəldi. İzzəti çağırıb dedi:
 
- Qızım, bu çeşməkli kişi böyük adamdır, bəlkə eşitmisən, Cəfər Cabbarlı. Teatr üçün əsərləri o yazır. İndi bir dənə kino çəkirlər. Adı «Sevil»dir. İstəyir ki, səni də kinoya çəksin. Bilirəm, məhəllə ağsaqqalları məni danlayacaqlar, amma kişinin sözündən çıxa bilmədim. Yaxşı adama oxşayır, elə bil üzündən nur tökülür. Sabah hazırlaş, gəlib səni kinoya aparacaq.
 
İzzət Oruczadənin xatirələrindən: 
 
«Ertəsi gün institutdan gələn kimi təzə paltarımı geyib hazırlandım. Bir azdan Cəfər Cabbarlı gəlib çıxdı. Qapıda fayton dayanmışdı. Biz faytona əyləşib kinostudiyaya gəldik. O gündən Cəfər məni evimizdən həmişə faytonla aparıb gətirərdi.
 
Mən yavaş-yavaş kinonun nə olduğunu başa düşürdüm. Kinonun çəkilişində rejissor A.Beknazarovla bərabər C.Cabbarlı da iştirak edirdi (C.Cabbarlı filmin həm də ikinci rejissoru idi - A.K). C.Cabbarlı çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi.
Heç yadımdan çıxmaz. Sevilin çadranı başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi; amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:
- Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin əsas kulminasiya nöqtəsi də elə burdadır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb hissi oyatsın...»
 
Cəfər Cabbarlı həm filmin, həm də Sevil rolunun uğurlu alınması üçün bütün imkanlardan istifadə edirdi. 
 
Məsələn, filmin bəzi epizodlarında Sevil düşdüyü vəziyyətlə bağlı kədərli görünür. Çəkiliş vaxtı İ.Oruczadəni kədərli lentə almaq üçün aktrisa ilə çox məşq edir, lakin C.Cabbarlı istədiyini ala bilmirdi. Nəhayət, çıxış yolu tapıldı. Hər dəfə kədərli əhval-ruhiyyə yaradılması üçün musiqiçi aktrisanın sevdiyi muğamları tarda çalır, həmin an rejissorlar səhnəni istədikləri kimi çəkirdilər. Belə dəqiqələrdə İzzət xanım ətrafında, qohum-qonşuda cəhalətin, nadanlığın qurbanı olmuş, miskin həyat yaşayan sevilləri xatırlayır, onların acınacaqlı həyatı gözləri önündə canlanır və o, qəm - qüssəyə batırdı. Qız sanki kino üçün anadan aktrisa doğulmuşdu: ağıllı, incə təbiətli, qəhrəmanının əhval - ruhiyyəsini ən xırda nüanslarına qədər büruzə vermək bacarığı. 
 
Gənc aktrisa inadla, həvəslə, şövqlə işləyirdi.Maraqlıdır ki, hətta çəkiliş qrupu üçün işin qızğın çağında belə İzzət xanım institutda bircə dərs belə buraxmadı. Təbiətcə həlim və bir qədər cəsarətsiz olan bu qız təhsillə bağlı məsələ ortaya çıxanda həddindən artıq inadkarlıq edirdi. İzzət Oruczadə o vaxtı institutun 3-cü kursunda oxuyurdu. Çəkiliş qrupu da öz işini elə qururdu ki, aktrisa yorulmasın, dərslərdən geri qalmasın. 
Nəhayət, «Sevil» filminin çəkilişləri tamamilə qurtardı. Film ekranlara buraxıldı. Həmin gün İzzət Oruczadə anasını və qohumlarını filmə baxmağa aparmışdı. Hamının biletlərini Cəfər Cabbarlı özü almışdı. O gün bir çox azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq atdı. Çarşabı çıxaranlardan biri də İzzət xanımın anası idi...
 
«Sevil» filminin uğuru ən cəsarətli ümidləri belə ötüb keçdi. Minlərlə azərbaycanlı qadın özlərinin mənəvi azadlığı üçün bu filmə borcludur. Film harada göstərilirdisə, istər şəhərdə, istərsə də kənddə olsun, nümayişdən sonra oturacaqların söykənəcəklərində qara yaylıqlar və çadralar atılıb qalırdı.
 
Bundan sonra İzzət Oruczadə institutda işini davam etdirdi. Hər iki sahə bu gənc qızdan bütövlük, həmişəlik ona xidmət göstərməyi tələb edirdi. 
 İzzət Oruczadə ilə birgə işləyən kino işçiləri, elm sahəsində böyük alim kimi tanınan M.Kapelyuşnikov qızın daxilində gedən təlatümü, onun iki yol ayrıcında qalmasını yaxşı başa düşürdülər. Ona görə də, hərə öz bildiyi kimi gənc qıza öz məsləhətləri ilə kömək etmək istəyirdi.
 
- Artıq belə davam edə bilməz, İzzət. Siz xəstələnə bilərsiniz, - deyə kino işçiləri onu inandırmağa çalışırdılar: - Aktrisa - yalnız istedad demək deyildir. Bu, həm də hər gün çoxlu enerji tələb edən əməkdir. İncəsənətə xidmət etməklə siz vaxtınızı, ürəyinizi, düşüncələrinizi, ağlınızı bu işə sərf edəcəksiniz.
 
Əgər nəyə isə nail olmaq istəyirsinizsə, seçin - ya kino, ya da elm, - deyə alim İzzət xanıma tövsiyə edirdi.
 
Əslində, gələcəyin böyük alimi demək olar özünü aktrisa adlandırmırdı: “Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu,  doğrudurmu? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam, yox - mən kamera qarşısında iki qadın taleyini yaşamışam. 
 
Onlar mənim müasirlərim idi, demək olar ki, həmyaşıdlar idik. Bu qadınların hər ikisi mən idim. Lakin başqa həyat situasiyasına salınmışdım. Mənim çəkildiyim hər iki film - «Sevil» və «Almaz» ümumi bir mövzuya həsr olunmuşdu: Azərbaycan qadınının taleyinə, qadın azadlığına...»
 
1934 - cü ildə Cəfər Cabbarlı «Almaz» pyesini ekranlaşdırmağı qərara alanda İzzət Oruczadə təhsilini başa vurub, Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlamışdı. Yenidən çəkilişlərdə iştirak etmək üçün təxminən bir il işdən ayrılmalı idi. O, bu məqsədlə işlədiyi institutun rəhbərliyinə müraciət edəndə, o vaxtkı direktor M.Kapelyuşnikov kəskin şəkildə etirazını bildirmişdi. Lakin iş elə gətirdi ki, Moskvadan ezamiyyətdən qayıdarkən qatarda təsadüfən C.Cabbarlı ilə bir kupedə olur. Dramaturqun şirin söhbətləri, müsahibini özünə cəlb etmək bacarığı Kapelyuşnikova elə güclü təsir göstərir ki, o özü İzzət xanımı kabinetinə çağırıb çəkilişlərə icazə verdiyini bildirir.
 
İzzət Oruczadə deyirdi ki, Cəfər Cabbarlı Almazla bağlı filmi fikrən bütünlüklə görürdü. O, bu filmə özü quruluş verəcəkdi. Lakin bu ona qismət olmadı. Sınaq çəkilişləri başa çatar-çatmaz Cəfər Cabbarlı vəfat etdi. Onun işini gənc rejissorlardan Ağarza Quliyev və Qriqori Braginski davam etdirdilər. C.Cabbarlının dəfni zamanı yaradıcı qrup söz verdi ki, filmi onun xatirəsinə həsr edəcəklər. 1935-ci ilin sonunda film hazır oldu.
 
«Almaz» filmi kino ulduzunun şöhrətini möhkəmləndirdi. Tənqidçilər istedadlı qızın gözəl gələcəyindən xəbər verirdilər. Lakin İzzət xanım onların həyəcanlı və tərifli məqalələrini oxuyaraq, öz həyatı barədə daha çox düşünürdü. 
 
Nəhayət, İzzət xanım öz yolunu seçir...
 
Son söz yerinə:
 
İzzət Oruczadə ilk Azərbaycan kino aktrisalarından biri kimi adını kino tariximizə yazdı. "Sevil" və "Almaz" filmlərində baş rollarda çəkilməklə  azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq oldu. Yorulmadı, gördüyü işdən usanmadı. 
Amma sonralar tale onu başqa sınaqlara çəkdi...
 
İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə həyatı qurmuşdu. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni "xalq düşməni" damğası altında həbs edirlər.
Həyat yoldaşı Mövsüm İsmayılov həkim və dövrünün tanınmış ziyalısı idi. Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan M.İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. 
 
Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olur. Həmin vaxt onların evliliyindən cəmi iki il keçirdi.
Əks halda onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq yerlərə sürgün olunacaqdılar. Lakin bu baş vermir.
 
İzzət xanım bundan sonra ömrünü yeganə övladına və mühəndislik karyerasına həsr edərək, bir neçə obraz oynadıqdan sonra sənətdən soyuyur.
 
Amma bu xanımın adı ilə elm və sənayedə də bir sıra ilklər yaranır. Neft-sənaye İnstitutunu mühəndislik ixtisası üzrə bitirir. Elə təhsil aldığı müddətdə oynadığı bir neçə rol da olub. Sonradan elmi-tədqiqat obyektlərində bir sıra məsul vəzifələrdə çalışıb. Akademiya daxilində kimya yönlü institutlardan birinin baş direktoru vəzifəsinə qədər yüksələ bilib.
 
1972-ci ildə İzzət Oruczadənin elmdə ən yüksək elmi dərəcə - akademik adını alması, həqiqətən də, çoxlarının təəccübünə səbəb olub. Çoxları inanmır ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. 
 
Onların buna inanmamağının da əsas səbəbi İzzət Oruczadənin elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Oruczadə elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O dövrünün ən nüfuzlu ordenləri və bir sıra medalları ilə təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.
 
Akademik İzzət Oruczadə Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub.
 
Bəli, həyatın ağrı-acılarına dözən İzzət Oruczadə sonralar qarşısına qoyduğu məqsədə doğru inamla irəlilədi, ekranda yaratdığı Sevil və Almaz obrazlarının yolunu həyatda davam etdirdi. 
İzzət xanımın adı Azərbaycan kino tarixinə ilk milli kinoaktrisa, Azərbaycan elm tarixinə isə ilk azərbaycanlı qadın -  böyük kimyaçı-alim kimi daxil oldu.
 
İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişdi. Amma o, hər gün öz xalqının azad qız gəlinlərini salamlayır, onlara xeyir-dua verir...
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 502
Paylaş: