AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərlinin) “Əsrə bərabər illər” adlı kitabı Naxçıvanda işıq üzü görüb. Kitab Naxçıvan Muxtar Respublikasının son 6 ildə keçdiyi misilsiz inkişaf yolundan bəhs edir.

Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda nəşr edilən kitabda jurnalistin AZƏRTAC-da və muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində işıq üzü görmüş analitik materialları və icmalları toplanılıb. Həmin məqalələrdə 2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına qızıl hərflərlə yazılmış müxtəlif tədbirlər icmallarla oxuculara təqdim edilir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və 1995-ci ildən uğurla davam etdirilən inkişaf prosesləri dünənə ehtiram, sabaha cavabdehlik hissinin ifadəsi kimi bəhs olunan dövrdə də geniş vüsət alıb.

Kitabdakı materiallar altı fəsildə verilib: “2015-ci il: Sürətli inkişaf və tərəqqi ili”, “2016-cı il: Nizam-intizam inkişafın, yüksəlişin, yeni-yeni uğurların başlıca səbəbi, aparıcı qüvvəsidir”, “2017-ci il: Xalqın iradəsi, rəhbərin dühası güclü iqtisadiyyatın formalaşmasına və yüksək rifaha yol açıb”, “2018-ci il: Qədim və müasir Naxçıvan – İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı”, “2019-cu il: Sosial-iqtisadi yüksəlişini uğurla davam etdirən Naxçıvanda “Ailə təsərrüfatları ili” və “2020-ci il: Zəfər ilinin uğurları”. Fəsillərin adlarından göründüyü kimi, kitab muxtar respublika həyatının bütün sahələrini əhatə etməklə, qazanılan uğurlar barədə oxucularda əyani təsəvvür yaradır.

Yeni nəşrin ön söz müəllifi olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov yazır: “Prezidentimizin diqqət və qayğısı nəticəsində dünya informasiya məkanında layiqli yer tutan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ötən illər ərzində muxtar respublikada əldə edilən nailiyyətləri daim böyük auditoriyalara, oxucu kütləsinə çatdırıb. 2014-cü ildə muxtar respublikada ilk büromuzu – AZƏRTAC-ın Naxçıvan bürosunu yaratdıqdan sonra bu, daha intensiv hal alıb. Büroya rəhbərlik edən təcrübəli jurnalist Rauf Əliyevin uğurlu fəaliyyəti nəticəsində ötən 7 ildə AZƏRTAC muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatı, aparılan kompleks quruculuq işləri, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr barədə xəbər, reportaj, fotoreportaj, müsahibə, analitik materiallar olmaqla, minlərlə məqalə yayımlayıb. Həmin materialların bir qismi müxtəlif dillərə tərcümə edilərək beynəlxalq ictimaiyyətə çatdırılıb. Naxçıvan bürosunun fəaliyyətində diqqəti cəlb edən digər məqam Rauf Əliyev tərəfindən hər ay aylıq icmalların, analitik materialların hazırlanmasıdır. 2015-2020-ci illərdə işıq üzü görən məqalələrin bir kitabda toplanması həmin illər ərzində muxtar respublikada gedən inkişaf prosesləri ilə daha yaxından tanış olmağa imkan verir”.

Ön sözdə, həmçinin qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərin də geniş işıqlandırıldığı bu kitabı həm də muxtar respublikanın altıillik quruculuq salnaməsi hesab etmək olar.

“Əsrə bərabər illər” kitabında fotolarla müşayiət olunan müxtəlif janrlı yazılar – informasiyalar, icmallar, analitik məqalələr, reportajlar Naxçıvanın bugünkü reallıqlarını bir daha oxucuya çatdırır.

Baxış sayı: 781
Paylaş: