Çox hörmətli Nəriman müəllim!
 
İllərin dostu, rəhbəri, müəllimim qədər dəyər verdiyim İnsan, "öz ürəyimi sındıra bilərəm, amma başqasının ürəyinə toxunmaram..." - deyən tanınmış nasir, ssenarist, kino redaktoru. Azərbaycan SSR Dövlət mükafatı laureatı, Əməkdar Mədəniyyət İşçisi Əhmədağa Muğanlının adına, nəslinə, soyuna layiq dəyərli övladı - Nəriman Qurbanov!
 
Doğum gününüzü ürəkdən təbrik edir, Sizə can sağlığı, könül xoşluğu, arzuladığınız,  içinizdən keçən daha gözəl günlər, illər,  uzun sağlıqlı ömür, daha xoşbəxt gələcək arzulayıram!  
Tanrı sevdiklərinizi qorusun!
 
Nəriman Əhmədağa oğlu Qurbanov dövlət xadimi kimi Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. 
 
O müxtəlif illərdə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. 
Nəriman Qurbanov hal-hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır, protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili məsələləri ilə məşğuldur və dövlət qulluğunun baş müşaviridir.
 
Qısa arayış:
 
Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadçı ixtisası ilə bitirmiş, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politoloq ixtisası ilə məzunu olmuşdur.
 
1977–1979-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında işıqçı və kinomexanik kimi işləmiş Nəriman Qurbanov 1981-ci ilə qədər Ermənistan SSR-nin Leninakan (indiki Gümrü) şəhərində SSRİ-nin sərhəd qoşunları sırasında hərbi xidmətdə olmuşdur.  1984-cü ilə qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nizami Rayon Komitəsinin ilk təşkilat katibi vəzifəsində çalışan N.Qurbanov 1986-cı ilə qədər Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin təşkilat katibi olmuşdur. O həmin ilin axırlarına qədər adı gedən komitədə təlimatcı və təşkilat şöbəsinin müdiri kimi işləmiş, 1988-ci ilə qədər Azərbaycan LKGİ Mərkəzi Komitəsinin məsul icraçısı və Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin ikinci katibi olmuşdur. 
 
Nəriman Qurbanov sonrakı illərdə Azərbaycan Kommunist Partiyası (KP) Qaradağ Rayon Komitəsində ideoloji şöbənin təlimatçısı, 1992-ci ilin əvvələrinə qədər isə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur. Bir müddət Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcrayyə Komitəsində nəzarət bölməsinin inspektoru kimi çalışdıqdan sonra həmin ilin axırlarına qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyətinin ticarət və xidmət sahələri şöbəsinin mütəxəssisi, 1993-cü ilin aprelinə qədər isə Bakı şəhər İcra Hakimiyyətinin Ticarət İdarəsində inspektor kimi çalışmışdır. N.Qurbanov daha sonra həmin ilin avqustuna qədər Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində  köməkçi, 1997-ci ilə qədər isə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini kimi çalışmışdır. O, 1999-cu ilə qədər Qaradağ Rayon İcra hakimiyyəti nəzdində "Qaradağ" inzibati-ərazi istehsalat birliyində baş direktor kimi çalışdığı dövrdə, 1998-ci ildə Yeni Azərbaycan Partiyasına üzv olmuş, 2002-ci ilin sentyabrına qədər isə YAP Qaradağ Rayon Təşkilatında aparatın rəhbəri vəzifəsində işləmişdir. Qurbanov həmin ilin noyabrına qədər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, 2005-ci ilə qədər isə həmin qurumun təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bundan sonra o, 2008-ci ilə qədər həmin qurumda aparatın rəhbəri, 2016-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olmuş, 2018-ci ilə qədər isə Diasporla İş üzrə Dövlət Komitəsində aparatın rəhbəri kimi çalışmış, o cümlədən kollegiya üzvü olmuşdur.
 
Nəriman Qurbanov 2020-ci ilə qədər Nizami  Gəncəvi Beynəlxalq Mərkəzində müşavir və məsləhətçi işləmişdir.
 
Nəriman Qurbanov  hal-hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır, protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili məsələləri ilə məşğuldur. 
O, dövlət qulluğunun baş müşaviridir.
 
Nəriman Qurbanov respublikanın ictimai-siyasi həystında və əməkdə fərqləndiyinə görə 2010-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə", 2012-ci ildə "Tərəqqi" və 2017-ci ildə "Azərbaycan Respublikasının Əməkdar dövlət qulluqçusu" medalları ilə təltif olunmuşdur. 
 
Nəriman müəllimi doğum günü münasibətilə bir daha təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 853
Paylaş: