Gözəl jurnalist, istedadlı tərcüməçi, yanar ürəkli publisist, sevilən xanım, əziz Müəllimimiz Mailə xanım Muradxanlı!
Bu gün ömrünün 48 ilini Azərbaycan mətbuatına həsr etmiş tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin (1988) və Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar Jurnalisti (1989), çox sevdiyim xanım  Mailə Muradxanlının doğum günüdür. 
Hörmətlə, sevə-sevə xatırlayaq.
 
Ruhu şad olsun.
 
Onu həmişə bax beləcə gülər üzlü, xoş simalı görmüşəm. Yaddaşımda elə  beləcə də qalıb. Səhhətində problem, içində bir narahatçılıq olsa da, onu heç kəsə sezdirməyib. Onun heç yüksək tonla, ya acıqlı danışdığını da eşitməmişəm.  Sakit, təmkinli, içi həyat eşqi ilə dolu, mədəni bir xanım idi. Onu dinləməkdən heç doymazdıq. Sanki bir bulaq idi və onun suyu heç vaxt tükənməyəcəkdi...
 
Mailə Muradxanlının həyatını, yaradıcılığını araşdıranda böyük bir arxivlə üzləşirsən: Azərbaycan radiosunun Qızıl Fondunda qorunan verilişlər, televiziya layihələri, sənədli filmlər, bədii tərcümələr, ssenarilər, publisistika... 
 
Mailə xanımın Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində verdiyi dərsləri, master klasları da əlavə eləsək, belə bir təsəvvür yaranır ki, o mədəniyyətin, jurnalistikanın bütün sferalarında fəaliyyətdə olmuşdur. Onunla ünsiyyıtdən heç doymazdıq. Mailə xanımdan təkcə jurnalistikanın sirlərini yox, gözəl davranışı, insanları sevməyi, həyat məktəbini də öyrənirdik. 
Bir sözlə, əsil İnsan idi Mailə xanım!
 
O, bir məktəb idi
 
Mailə xanım haqqında danışan hər kəs "O, bir məktəb idi" deyir. Jurnalist üçün məktəb auditoriya, partalar, yazı taxtası deyil əlbəttə. Jurnalistin məktəbi həyatdır, informasiyadır, yəni jurnalist çalışa-çalışa, işləyə-işləyə, peşəsində təkmilləşərək bir mərhələdən başqasına keçir. 
Əlbəttə, bir xanım üçün bütün bunları çatdırmaq, həm də hər sahədə birincilərdən olmaq o qədər də asan deyildi" - bunu da həmkarları söylədilər. 
 
Bəzən tanıdığın, çox sevdiyin İnsan dünyasını dəyişəndən sonra onun haqqında ancaq xoş sözlər söylənir. Amma Mailə xanım sağlığında da, elə undi də ancaq və ancaq xoş xatirələr, ən gözəl anlarla xatırlanır...
 
Bilmirəm, düşündüklərimun hamısını deyə bildimmi?
İnanmıram...
 
Onun haqqında ən gözəl sözü, təbii ki,  yaratdıqları, qələmə aldığı çoxsaylı yazılar, ssenarilər, ədəbi-bədii nümunələr, tərcümələri..., bir də ürəkdən, könüldən bağlı olduğu gözəl balaları deyər.
Ruhunuz şad, məkanınız cənnət olsun, Mailə xanım!
 
 
Qısa arayış: 
Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində anadan olmuşdur. Atası Balabəy Muradxanov rus dili müəllimi olub. Müharibə illərində hər axşam darısqal mənzilində böyük ailəsini bir yerə yığar, şam işığında onlara klassiklərin qəzəllərindən oxuyar, məşhur dramaturqların pyeslərindəki obrazları uşaqlar arasında bölər, əsil tamaşa ab-havası yaradarmış...
Əlbəttə, bu sıcaq ailə məclisləri öz təsirini göstərmişdi. 
 
 
Muradxanlılar böyük şəcərədir, - deyirlər.
 
 Mailə xanım soyadları haqqında kitabı həmişə fəxrlə göstərərdi, tez-tez zarafatla: "biz Murad Hasil bəyin nəvələriyik" deyərdi. 
Uzun illər Pedaqoji İnstitutda, məktəblərdə kitabları dərslik kimi tədris olunan Mərdan Muradxanov Balabəy Muradxanovun əmisi oğlu olub. Çox güman ki, Mailə xanımın  pedaqoqluq istedadı da soyadından gəlib. 
 
Mailə xanım Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin əmək fəaliyyətinə başlayıb. Bu telekanalda ədəbi dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsinə qədər yüksəlib.
 
M.Muradxanlı, ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub.  
 "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış edib. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. 
Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A. Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında səhnələşdirilib. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətnin müəllifidir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub.
 Son illərdə ANS telekanalında çalışan Mailə Muradxanlı “Zərif çərşənbə” verilişinin aparıcılarından biri idi.
 
Mailə Muradxanlı müxtəlif mətbuat orqanlarında da müntəzəm məqalələri dərc olunub. O, maraqlı oçerk və publisistik yazıların müəllifidir. 
Mailə Muradxanlı tərcümə etdiyi xarici əsərlər də Azərbaycanın teatrlarında səhnələşdirilib.
 
O, 1990-2000-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışıb
 
Əməkdar jurnalist Mailə Muradxanlı 12 iyun 2010-cu il tarixində qan təzyiqi nəticəsində vəfat edib.
 
Jurnalist Mailə Muradxanlı rejissor Pərviz Cəfərovun həyat yoldaşı, rejissor, aktyor Elxan Cəfərovun və jurnalist Lalə Cəfərovanın anası, Əməkdar artist Gülzar Qurbanovanın qaynanasıdır.
Məlumat üçün bildirək ki, Elxan Cəfərov uşaqkən filmlərə çəkilib ("Şir evdən getdi", "Hazır olun, əlahəzrət" və s.), məşhurlaşıb. 
 
* "Onun adı hələ sağlığında brend idi"
 
 
Qızı Lalə Cəfərova: 
 - O öz sənətinin peşəkarı, əsil fədai idi. Onun müasirləri, kolleqaları da sözlərimi təsdiq edərlər - anam nəinki bütün bunların öhdəsindən əla gəlirdi... O, həm də öz işini gülə-gülə, fərəhlə, çevrəsindəki bütün insanlara əsil bayram ovqatı yaşadaraq görürdü. 
 
O, Lider idi! 
 
Bəs bu qədər enerjini hardan alırdı, soruşsanız, bax, onda cavab verməkdə çətinlik çəkərəm... Bəlkə də bu bir missiya idi. Həyatda missiyasını dərk edən insanlara qeyri-adi güc-qüvvət, səbr, təmkin də verilir axı. Bu mənada, başqaları kimi mənim də özümə ustad bildiyim Mailə Muradxanlı həyatda çiyninə düşən məsuliyyəti ləyaqətlə yerinə yetirmiş və özünü tam ifadə etmiş bir şəxsiyyətdir.
 
Mailə xanım sözünü vaxtında və yerində, həm də ötkəmcəsinə, arxayınllıqla deyirdi, geri çəkilmirdi, əminliyi vardı - Çünki yalanı göydə tutudu, həqiqinı qəlpdən dərhal aylırır, istedadlı adamları qoruyurdu, gözəl rəftarı, yumor hissi vardı - müdrik qadın idi. Onun adı hələ sağlığında brend idi. Mailə Muradxanlı məktəbini keçənlər ona bənzəməyə çalışırdılar, vəssalam. İnanın ki, mənim özümə də xüsusi öyüd-nəsihətlər verməyib anam. Sadəcə, ona baxıb həyatı, insanları, peşəmi öyrənirdim. Hərçənd yazıya münasibətimlə anama bənzəsəm də, xasiyyətdə, anam tanımaqda, cəsarətdə ona çatmağıma çox var. Mailə Muradxanlı çox güclü insan idi.
 
* "O, bir Ocaq idi"
 
Anamın mənim üçün ən qiymətli keyfiyyəti isə onun hələ tanınmayan istedadları mədəniyyətə, cəmiyyətə təqdim etmək qabiliyyəti idi.  Dövrün ən sağlam qüvvələri anamın ətrafına toplaşmışdılar, bu əsil yaradıcı mühit idi. 
 
İndi yaşı 50-yə çatan hansı məşhurdan yazardan, aktyordan, ziyalıdan "Mailə Muradxanlı kimdir?" soruşsaz, şübhə etmirəm ki, "O, bir ocaq idi" cavabını verəcəklər. Anamın məhz bu keyfiyyətini tam incələyəndən sonra anladım ki, istedadlı çevrədə görülən dəyərli işlər yaddaşda qalır-insanın adını həm məşhur, həm də ölməz edən onun xeyirxah əməlləri, özündən sonra qoyduğu xoş xatirələr, ürəkdən edilən dualardır..
 
Anam qardaşımla mənimçün hım də etibarlı Dost idi. Səhərlər anamın zümzüməsinə, radiodan gələn mahnı səsinə yuxudan oyanardıq. Günortalar dərsdən gəlməkçün bizə hökmən məktub yazar, axırına iki dovşan şəkli çəkərək məşhur imzasını qoyardı...
Ömrünün sonuna yaxın Mailə xanım "Zərif çərşənbə" layihəsində çalışdı. Bu layihədə onun maraqlı pozisiyası vardı - hər kəsə nəsihət verən müdrik qadın.  Bu deyəsən yeganı veriliş idi ki, Mailə Muradxanlı orada müəllifi deyil, iştirakçı idi.
 
Layihənin müəllifi Sevil Nuriyeva idi. 
 
"Zərif çərşənbə"nin xanımları bir çiçək çələnginə bənzədilər, hərənin öz yeri, öz ətri vardı. Siz işə baxın ki, anam rəhmətə gedəndən 40 gün sonra efirə hələ də onun iştirakı ilə yeni verilişlər gedirdi. Heç kim Mailə Muradxanlının ölümünə inanmırdı. Bu anama çox yaraşırdı, çünki o həmişə canlı obraz olub, yaddaşlarda da belə qalmalıydı əlbət...
 
Mənim anam və mənim anam... 
 
Mailə Muradxanlı - ondan tərbiyə almışam və Solmaz Əmirli - ondan bu gün də öyrənirəm... Analarım şöhrətçün çalışmadılar, imza qoydular. Hər həftə saat 11-də "Space"  radioda Solmaz xanımın “Ünsiyyət”ini dinlədikcə, yadıma o günlər düşür...
 
Uşaq idik, laap balaca. Səhər tezdən yuxudan  adı əfsanə diktorların gur səsinə oyanardıq: “Sabahınız xeyir, əziz dinləyicilər!”.. İstirahət günləri Səməndər Rzayevin “BULAQ” kimi səsi... Axşamüstü ustadların “Müğam axşamı”, gecələr ən parlaq aktyorlarla radio tamaşaları... Bəhbəh - bəs Həsənağa Turabov və Rübabə Muradovanın duetiylə “Klassik irsimizdən”!!! 
Hə, elə bilirdik radio budu - sehirli qutu. 
 
İndi fm radiolarının qulaqbatırıcı qarışıq dalğaları arasından  Solmaz anamın səsi gələndə kövrəlirəm... necə tək-tənha, necə güclüymüş mənim analarım!..
Mənə təkcə redaktor  olmağı deyil, parlaq istedadlara ana kimi qayğı göstərməyi də nəsihət eləmisiz. Çalışıram...
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 889
Paylaş: