Gəncə Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Din və media münasibətləri ictimai müstəvidə” mövzusunda görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Azər İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, “Dialoq və İnkişaf Naminə” İB-nin sədri Çingiz Bayramov, ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Gəncədə fəaliyyət göstərən dini icmaların üzvləri, ziyalılar, tələbə-gənclər və KİV nümayəndələri iştirak ediblər.

Gunaydin.az xəbər verir ki, görüşdə çıxış edənlər Azərbaycanda hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququnun olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan multikultural ölkədir və din dövlətdən ayrıdır. Dini dəyərlərin düzgün təbliği ilə bağlı media nümayəndələrinin üzərinə böyük iş düşür. Cəmiyyətə elə informasiyalar ötürülməlidir ki, insanlar dini dəyərlərdən düzgün faydalansınlar. Təşkil olunan görüşün də əsas məqsədi KİV nümayəndələri ilə Azərbaycanda qardaşcasına yaşayan müxtəlif dini icmaların nümayəndələrini bir araya gətirərək, mövzu ətrafında müzakirələr aparmaqdır.

Bildirilib ki, Azərbaycanda heç zaman radikalizm mövcud olmayıb, bütün dinlərin nümayəndələri ölkəmizdə mehriban şəraitdə yaşayıblar və yaşayırlar. Burada fərqli dinlərin nümayəndələri bir-birinə hər zaman hörmətlə yanaşıblar. Dünyanın heç bir yerində multikultural dəyərlər bu qədər inkişaf etməyib. Biz də çalışıb bu dəyərləri qorumalı, onlara sahib çıxmalıyıq.

Görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

Qeyd edək ki, “Din və media münasibətləri ictimai müstəvidə” mövzusunda görüş Bakıda da təşkil olunacaq. (AZƏRTAC)

 

 

Baxış sayı: 2095
Paylaş: