1990-cı ilin bu günü Ümummilli liderimiz Heydər Əliyev 20 yanvar qırğını ilə bağlı Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirərək, sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğınını pisləyən bəyanat verib. Sovet İttifaqının rəhbərliyində yüksək vəzifələrdən istefa verdikdən sonra təqiblərə məruz qalan və həmin dövrdə Moskvada xəstəxanada müalicə olunan Heydər Əliyev bu ağır günlərdə xalqı ilə həmrəy olduğunu nümayiş etdirmişdir. 
 
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir.
 
 
Beləcə, o ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk yaran Heydər Əliyevin haqq səsi oldu. 
Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi:
 
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. 
 
 
 
Heydər ƏLİYEV - Azərbaycan xalqının Ümummilli Lideti: 
"Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, 
milli mənliyini qorumaq naminə".
 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti:
Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.
 
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.
Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. 
Müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı Ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 32 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.
 
Heydər Əliyev Azərbaycan Nümayəndəliyindəki bəyanatında qətiyyətlə söyləmişdi: “Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi.”
Azərbaycan xalqının həqiqi lideri həmin bəyanatında söylədiyi bu fikirlə Qorbaçovun gələcək qənaətini, azı, 20 il qabaqlamışdı: “Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir”. Ulu öndər öz yekun qənaətini isə belə ifadə etmişdi: “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.
Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Vətənə dönəndə Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. 
 
Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, istər Ayaz Mütəllibov iqtidarı, istərsə də AXC--Müsavat qaragüruhu bunu etmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox iş gömək olardı. 
Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.
 
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. 
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 32 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir, dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.
 
1990-cı il,  yanvar…
Qışdı, soyuqdu, külək iliklərimizədək dondururdu…
Amma üşümürdük…
Azadlıq atəşi isidirdi ruhumuzu…
Biz millətdik o günlərdə
Gerçək bir millət... 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1348
Paylaş: