Dəyərli sənətkarımızı təbrik edir, ona uzun, sağlıqlı ömür arzulayırıq!
 
Qarmon Aftandil İsrafilov üçün tale və ömür yoldaşıdır. O, qarmon ifaçılığı sənətində  təkrarsız sənətkardır. 60 ildən çoxdur ki, bənzərsiz sənəti ilə milli musiqi ifaçılığımıza xidmət edir, bu xəzinəni daha da zənginləşdirir.
Biz onun qarmonundan süzülüb gələn gələn "Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı", "Cütcü”, "Şalaxo, "Kəmalə", "Nazilə", “Zemfira”... rəqslərinin sədaları ilə böyümüşük. 
 
O, 1941-ci il yanvarın 24-də Bakı şəhərində dünyaya gəlib. 
Ustadı olmadı, şəyirdlik etmədi.Yalnız öz fitri istedadına güvənərək qarmonun bütün sirlərinə yiyələndi. İahi istedadı on yeddi yaşından onun tanınmasına, məhşur olmasına, uğur pillələrində büdrəmədən yüksəkliklərə qalxmasına kömək etdi. Qastrollar, konsert proqramları, çəkiliş meydançaları həyatının bir parçasına çevrildi.
 
 
 
1961-ci ildə Politexnik İnstitutunun (indiki Texniki Univetsitet) mülki tikinti fakültəsinə qəbul olunarkən  L.Şmidt adına zavoda (indiki Səttarxan adına zavod)  işə düzəlir. Gündüzlər məktəbdə, axşamlar isə zavodda fəaliyyət göstərən rəqs qrupunun məşqlərinə gedirdi. Rəqs qrupunda başqa qarmon ifaçıları da vardı. Amma Avstriyaya qastrol səfərinə getmək vaxtı çatanda siyahıya onun adı da  salınır. Artıq qarmon onun ali məktəb oxumaq meylini də əlindən almışdı. Üçüncü kursa keçəndə məktəbi buraxdı. Həyatını birdəfəlik qarmona həsr elədi. "Azkonsert"in tərkibində ansambl yaratdı və onun bədii rəhbəri oldu. 1970-ci ildə SSRİ Xalq artisti Zeynəb Xanlarovayla Türkiyədə qastrol səfərində oldu. Qastrol səfərində Zeynəb xanımı müşayiət edəcəkdi. Konsertlər çox uğurlu keçdi. Bir müddət sonra Zeynəb xanım onu öz dəstəsinə dəvət etdi. Orada da uzun illər çalışdı və Azərbaycanda dönə-dönə konsertlər verdilər. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə getdilər və uğurlar qazandılar...
 
Həyatının sonrakı dönəmində, ömrünün 34-cü baharında, 1975-ci ildə çox sevdiyi bir xanımla - Zemfira xanımla xoşbəxt bir ailə qurdu, 3 övlad atası oldu. (O, müəllifi olduğu  "Zemfira ” rəqsini də xanımına həsr edib). Aftandil İsrafilovun müəllifi olduğu "Nazilə", "Aynurə", "Jalə", "Kəmalə","Basqalı" rəqs havaları da şənliklərimizin yaraşığıdır, - desək səhv etmərik. 
 
Aftandil İsrafilovun hər çalğısı bir yenilikdir, qəlbləri ovsunlayan əsərləri sənət tapıntısıdır. Onun sərrast ifadəli çalğısı xalq musiqisi ruhunda qarmon ifaçılığı­na müasirlik gətirdi.  Kamil sənətkar Azərbaycan qarmon ifaçılığı aləminə və musiqi mədəniyyətimizə çağdaş çalğı manerası gətirən nadir sənətkarlardandır. 
2007-ci ildə “Nurlan” nəşriyyatında buraxı­lan ikicildlik “Azərbaycan rəqs havaları” məcmuəsində ustad qarmon ifaçısı və bəstəçisi Aftandil İsrafilovun müəllifi olduğu 15 rəqs nümunəsini daxil edilmişdir. 
Onun 25 rəqsdən ibarət bəstələri (“Yallı”, “Aynurə”, “Kəmalə”, “Nazilə”, “Sevgilim”, “Simrani”, “Yeni”, “Basqalı”, “Cəmilə”, “Dağlaroğlu”, “Zemfira”, “Qarabağ”, “Cəlali”, “Bakı – Tiflis – Cey­han”, “Nüşabə”, “Jalə”, “Bakı gecəsi”, “Vüsalə”, “Bahar”, “Laləzər”, “Futbolçu”, “Ayse­lim”, “Nailə”, “Osmani” rəqsləri) nota köçürülmüş və Türkiyənin məşhur “İKSAD Yayın Evi”ndə nəşr edilmişdir.
 
Avtandil İsrafilovun zəhməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilmişdir.  O, 1982-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 5 iyul 2003-cü il tarixindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
25 yanvar 2016-cı il tarixində ustad sənətkarımız Avtandil İsrafilov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 
 
Görkəmli sənətkarımızı bir daha təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1006
Paylaş: