Bu gün Azərbaycanlı milyonçu, mesenat, müsəlman Şərqində ilk Qızlar məktəbinin (Tağıyevin Qızlar məktəbi) yaradıcısı HACI ZEYNALABDİN TAĞIYEVin doğum günüdür. 
Rəhmətlə xatırlayaq.
Ruhu xoş olsun.
 
H.Z.Tağıyev: "Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə, işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır.”
                                      
Bu gün Şərqin ilk mesenatı, Azərbaycan xalqının  ən parlaq simalarından biri, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatından 98 il keçir.
Şura hökuməti Hacının səltənətini yerlə-yeksan etdi. Millət atası xalq düşməni kimi təqib olundu. Milyonlara çörək verən Hacının doğma övladları çörəksiz günlər yaşadı. Ailəsi, nəvə-nəticəsi uzun illər Vətəndən didərgin salındı. Qırmızı imperiya Hacının milyonlarını yerlə-yeksan etsə də, onun gördüyü işlərin üzərinə kölgə sala bilmədi. O, yenə millətinin fəxr edilən oğlu, dünənimizin əfsanəsi və tariximizin bir parçası olaraq yaşamaqdadır...
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı metronun "İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan abidənin üzərindəki örtüyü götürdü.
 
 
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
 
Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.
 
MİLLƏTİN ATASI
Hacı Zeynalabdin Tağıyevin adı nəcib əməllərlə, insanlara etdiyi xeyirxahlıqla birgə çəkilir. Onu zamanında “Millətin atası” da adlandırıblar. H.Z.Tağıyevin xeyirxah əməlləri illər keçsə də, unudulmur, hər zaman xatırlanır. Bu da səbəbsiz deyil. Öz adını yaza bilməyən insan tarixin yaddaşında silinməz izlər qoymuşdur...
Əslində, Hacı Zeynalabdin Tağıyevin əməlləri doğma Bakımızda hər addımda görünür.
Bu da təsadüfi deyil. O neft maqnatı kimi ad çıxarsa da, digər sahələrdə də böyük işlərə imza atmış, Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir.
Paytaxtda bir çox tarixi bina, abidələrin tikilməsinə vəsait yatıran daha çox xeyriyyəçiliyi ilə məşhur olan milyonçulardan biri - Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binalar sırasında Azərbaycan Tarixi Muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Şirniyyat Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasını göstərmək olar. 
Daha çox xeyriyyəçilik məqsədilə pul xərcləyən Tağıyevin tikdirdiyi binalar da az deyil. Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet Teatrının tikintisi üçün bütün xərcləri də Hacı Zeynalabdin Tağıyev ödəyib.
Tarixin yaddaşında TAĞIYEV SARAYI kimi əbədiləşən və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binanın 119 yaşı var. Saray 1895-1901-ci illərdə inşa olunub. Bakının baş memarı İosif Qoslavskinin layihəsi əsasında tikilən Tağıyev sarayı dövrünün ən gözəl binalarından biri idi. Sarayın inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışıb. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib. Məlumata görə, təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənib.
1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti ələ keçirmiş bolşeviklər Tağıyev sarayını müsadirə etmiş və bir qədər sonra da onun bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlamışdı. 1941-ci ildə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülmüş, Tağıyev sarayında isə Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilmişdi. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarıldı. Nəhayət, 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verildi.
Tağıyev sarayı bir neçə dəfə rekonstruksiya olunub. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə əsaslı təmir-bərpa olunaraq yenidən ziyarətçilərin üzünə açılan bina möhtəşəmliyi ilə diqqət çəkir.
   Bu gün burada Tağıyevin ev-muzeyi də fəaliyyət göstərir. Azərbaycan və İtaliya mütəxəssisləri Tağıyevin ailə fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. 
Ev-muzeyi 9 otaqdan ibarətdir: Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı (buduar), yataq otağı və təmizlik otağı.
   Muzeydə Tağıyevin portreti də var. Bu portret Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə Bakı Şəhər Dumasının sifarişi ilə 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilib. Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Zalın tavanına qızıl işləmələrlə Quran ayələri yazılıb.
 
TAĞIYEV TEATRI
H.Z.Tağıyev bu binanı (hazırda Musiqili Komediya Teatrının yerləşdiyi bina) 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. 1960-cı ildən teatr indiki binasına (Füzuli meydanına) köçüb. Tağıyev teatrı binası isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilib. 1980-ci illərin sonunda uçmaq təhlükəsi olduğuna görə, həmin bina söküldü. Fasad görkəmi ilkin şəkildə saxlanılmaqla Tağıyev teatrı yenidən, müasir memarlıq üslubunda yenidən tikildi.
H.Z. Tağıyev teatrı bir müddət qəzet məlumatlarında, afişa elanlarında, tamaşaların məramnamələrində “Şəhər teatrı” kimi də yazılıb. El arasında da “Şəhər teatrı” ifadəsi işlənib. Bu teatr tarixi rolunu oynayır, ancaq həyat heç də ədalətli olmur. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra 1922-ci ildə bu teatra Dadaş Bünyadzadənin adı verilir və açılış mərasiminə 84 yaşlı Hacı Zeynalabdin Tağıyev də dəvət edilir. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxır, yeni hökumət nümayəndələri belə, o dövrün təbirincə desək, milli burjuaziyanın təmsilçisini sürəkli alqışlarla qarşılamaqdan çəkinmirlər. Bu münasibətdən son dərəcə mütəəssir olan Hacı göz yaşlarını saxlaya bilmir...
2 il müddətinə tikilərək istifadəyə verilən Cənubi Qafqazda ilk olan “QIZLAR MƏKTƏBİ"ni də Tağıyev öz vəsaiti hesabına tikdirir. Hazırda “Qızlar Məktəbi”ndə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondu yerləşir.
Tağıyevin 1898-ci ildə tikdirdiyi, ikimərtəbəli nəhəng bina isə TAĞIYEV PASAJI kimi məşhurlaşıb və əsasən məktəblilər üçün dərs ləvazimatı və geyim satılan binada kiçik tamaşa salonu da olub.
 
Kim idi HACI ZEYNALABDİN TAĞIYEV?
 
 
O, həyatı, fəaliyyəti ilə hər bir insana nümunə ola biləcək şəxsiyyətdir.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə 25 yanvar tarixində Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlmişdir. 10 yaşında ikən anası Ümmü xanım dünyasını dəyişir. Uşaqlığı olduqca kəşməkəşli keçmişdir. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq H.Z.Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı Qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.
O, halal zəhməti ilə özünə müəyyən qədər var dövlət toplayır. Bir neçə ildən sonra uzaqgörən Zeynalabdin Tağıyev torpaq almaq qərarına gəlir və öz niyyətini həyata keçirir. 1873-cü ildə alın təri ilə qazandığı pulla dövlətdən torpaq sahəsi alaraq burada neft quyulan qazmağa başlayır. Hacı iki il yenə sərasər zəhmət çəkir, gecə-gündüz işləyir, fəqət ruhdan düşmür, niyyətindən dönmür. Nəhayət, tale bu genişqəlbli, əməksevər insanın üzünə gülür – quyulardan neft fontan vurur. Beləliklə, kasıb Zeynalabdin əməksevərliyi, qənaətcilliyi və uzaqgörənliyi sayəsində milyonçu olur.
Əvvəllər payçı olmuş, 1886-cı ildə isə firmanın vahid sahibkarına çevrilmişdi. 1897-ci ildə Bakıda “Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti”ni, 1900-cü ildə toxuculuq fabrikini, 1911-ci ildə “Xəzər Manufaktura Cəmiyyəti”ni, 1916-cı ildə “Tağıyev Balıq Sənayesi Cəmiyyəti”ni təşkil etmişdi. Bundan əlavə, Tağıyevin Azərbaycanda və Dağıstanda balıq emalı, çəllək zavodları, vətəgələri, ticarət gəmiləri, müəssisələri vardı. O, yerli sahibkarlarla 1914-cü ildə Bakı Ticarət Bankını yaratmış və Bank Şurasının ilk sədri seçilmişdi.
Lakin H.Z.Tağıyev milyonçu olduqdan, əli sərvətə çatdıqdan sonra da keçmiş həyatını unutmur, özünü xalqdan ayırmır. Əksinə taleyindən razılıq edir ki, həyatda savab işlər görməyə maddi imkanı vardır. O, həyatının mənasını ətrafındakı kasıb insanlara əl tutmaqda, var-dövlətinin müəyyən hissəsini xalqının inkişafına, maariflənməsinə sərf etməkdə, gözəl binalar tikdirməkdə görürdü. 
H.Z.Tağıyev insanlara əl tutur,  onlara maddi köməklik göstərir, imkansızlara iş təklif edib ömürlük çörək verirdi. 
H.Z.Tağıyev yazırdı: “Bütün işlərimlə yanaşı, fikrim zikrim xalqımı xoşbəxtliyə, işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır. Məqsədə yetmək üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib hər yerə – uzaq şəhər və kəndlərimizə göndərilməlidir”. Bu sözlər heç bir institut qurtarmayan, heç bir diplom almayan Hacının nə qədər tərəqqipərvər, nə qədər işıqlı bir insan olduğunu təsdiqləyir. 
Belə mütərəqqi ideyalarla, xoş arzularla yaşayan H.Z.Tağıyev çoxlu xeyirxah əməllər sahibidir. O, xalqı üçün, ələlxüsus da həmvətənlərinin maariflənməsi naminə əlindən gələn heç nəyi əsirgəməmişdir.
H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk Qızlar məktəbi tikdirmişdir. Bu bütün Zaqafqaziyada yeganə Qızlar məktəbi idi.
 
 QIZLAR LİSEYİ
 
Hələ sağlığında haqqında əfsanələr dolaşan milyoner millətin nicatını təhsildə görürdü. Məhz buna görə də, Azərbaycanda müxtəlif təmayüllü məktəblər (həmçinin Bakıda müsəlman qızlar üçün ilk gimnaziya) açdırmış, gəncləri öz vəsaiti hesabına təhsilə cəlb etmiş, xaricə oxumağa göndərmiş, ilk milli teatrın binasını tikdirmişdir.
   Heç şübhəsiz, Bakıda Qızlar liseyinin açılması ənənəvi müsəlman cəmiyyətinin içində inqilabi bir ideya idi. Onun tikintisi yerli müsəlman ruhanilərin ciddi müqaviməti ilə üzləşmişdi.
Yerli ruhaniləri sakitləşdirmək üçün Tağıyev bir tanınmış mollanı Bağdad kimi İslam mərkəzlərinə göndərmiş, oradakı aparıcı ilahiyyatçılardan və dini avtoritetlərdən belə bir məktəbin dinə zidd olmadığı barədə zəmanətlər alınmışdı.
Bununla belə, bəzi valideynlər, tələbələr və hətta layihəni təsdiqləmiş yerli ruhanilər mühafizəkarların hücumlarına məruz qalırdılar.
Çox mümkündür ki, bina arxitekturasının Şərq məscidi üslubunda olması da mühafizəkar dairələrin ürəyini ələ almaq ehtiyacına xidmət edirdi.
Tağıyev yoxsul ailələrdən olan tələbələrin məktəb paltarı, kirayə haqqı kimi ehtiyaclarını da ödəyirdi. Məktəb qapalı internat rejimində işləyirdi.
Burada təhsil müddəti dörd il idi və ilk məzunlar məktəbi 1905-ci ildə bitirmişdilər. H.Z.Tağıiyevin təqdimatı ilə Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbin direktoru və rus dili müəllimi təyin edilmişdi.
Tağıyev həmçinin Rusiya Dövlət Bankına məktəbin fəaliyyəti və tələbələrin gələcək təhsili üçün qızıl rublları şəklində vəsait də qoymuşdu. Banka qoyulan pulun məbləği o qədər böyük idi ki, çar 2-ci Nikolay Tağıyevə şəxsən məktub yazaraq təşəkkürünü bildirmişdi.
H.Z.Tağıyevdən nümunə götürülərək başqa və daha kiçik qız məktəbləri açılırdı. 1915-ci ildə Bakıda artıq 5 qız məktəbi var idi. 1908-1909-cu illərdə hökumət tərəfindən maliyyələşdirilən ilk müsəlman-rus qız məktəbi açılanda, şəhər Duması Hənifə xanımdan həmin məktəbin direktorluğunu öz üzərinə götürməsini xahiş etmişdi.
Qız məktəblərində dərs deyə biləcək müəllimlər çox deyildilər.
Tağıyev bu problemi də aradan qaldırmaq üçün 1913-cü ildə ibtidai məktəb müəllimlərinin təhsili üçün icazə aldı. Lazımi hazırlıqlardan sonra 1915-ci ilin sentyabrından elə eyni binada ikiillik pedaqoji təhsil verən kurslar açıldı.
 
 
Tağıyev müharibə illərinin çətinliklərinə baxmayaraq məktəbləri və tələbələri dəstəkləmək üçün əlindən gələni edirdi. Lakin 1917-ci ilin Fevral İnqilabı iqtisadi vəziyyəti ağırlaşdırdı və məktəbin müdiriyyəti həmin ilin aprelində təhsil prosesini dayandırdı.
Növbəti ildə ərzaq çatışmazlığı üzündən məktəbin yataqxanası da bağlandı. Pedaqoji kurslarda təhsil almış son müdavimlər diplomlarını 1918-ci ildə aldılar.
Onlardan bəziləri sonrakı sovet illərində də təhsillərini davam etdirərək əsl peşəkarlara çevrildilər. Məzunlardan bir çoxu Azərbaycana böyük bəstəkar Qara Qarayev kimi oğullar vermiş analar idi.
Müharibə və inqilablar bu məktəbin bağlanmasına səbəb olsa da, Azərbaycan Respublikası doğuldu və həmin bina dövlətin sütununa çevrildi.
Millətlərin müstəqilliyinə düşmən kəsilən bolşeviklər də daxil, bütün siyasi hərəkatların nümayəndələrinə bir damın altında təmsilçilik haqqı tanınmışdı.
Tağıyevin qız məktəbindəki parlamentdə müxtəlif məsələləri müzakirə və həll edən siyasi elitalar həm Azərbaycan xalqı, həm də türk və müsəlman dünyası üçün yeni eranın başlanğıcını təmin etdilər.
 
Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də ilk növbədə H.Z.Tağıyevin adı ilə bağlıdır. 
“Kaspi”, “Həyat”, “Füyuzat” kimi qəzet və jurnalların nəşrinə, mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli vəsait sərf etmişdi. Bütün bu əməllərinə görə “millətin atası” kimi ad qazanmış, şöhrətlənmişdi.
Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərmiş, Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkmişdir. O, Mərdəkanda 50 şagirdlik məktəb tikdirmiş, 1901-ci ildə Bakıda qız məktəbinin açılmasına 5 milyon qızıl pul sərmayə qoymuş, 1919-cu ildə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) açılmasına maddi yardım göstərmişdir.  Bundan başqa, o, Azərbaycan dilində kitablar nəşr etdirmiş və həmin kitablan uşaqlara pulsuz paylatdırmışdır. Hacı həmçinin, 25-dək qəzetin və jumalın nəşrinə də himayəçilik etmişdir. 
Böyük xeyriyyəçinin savab əməllərindən biri də onun şəxsi vəsaiti hesabına Bakıya ŞOLLAR SU KƏMƏRİni çəkdirməsi olmuşdur. Bu kəmər indi də paytaxtımızın içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bakı şəhərinin küçələrini bəzəyən bir çox binalar da Hacının yadigarıdır. Onun əsl memarlıq nümunəsi olan şəxsi mülkündə isə hazırda Azərbaycanın Tarix Muzeyi yerləşir.
 
Sovet hakimiyyətinin Azərbaycanı işğalı zamanında Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçmişdir.
Pakistan və Azərbaycanın yaxın qardaşlıq əlaqələri də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılır. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Bu gün də 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxuyur.
Bakı nefti kimi, bakılı milyonçunun şöhrəti də sərhədləri aşıb çox-çox uzaqlara yayılmışdı. 
İti ağlı, dərin düşüncəsi və ən əsası nəfsini özünə qul etməsi Hacını həmişə yüksək mərtəbədə saxlamışdı.
   İnsanlardan fərqli olaraq, tarix heç nəyi unutmur. Hindistandan İngiltərəyə gedən bir ingilis zadəganı Bakıda olarkən, Tağıyevlə görüşür. Onun görünməmiş xeyriyyəçiliyinə, yüksək mədəniyyətinə, insanlığına valeh olan bu sərraf Hacının şəklini özü ilə Vətəninə aparır. Öz pulu ilə Edinburq şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlini ucaldır. Yeri gəlmişkən, bu, Qərbdə ucaldılan ilk azərbaycanlının heykəli olur.
 
Marağayi "İbrahim bəyin səyahətnaməsi" kitabında yazır: “...Zeynalabdin Tağıyev öz dindarlığı və səxavəti ilə hamının hörmətini qazanmışdır. Allah belə müsəlmanları bizə çox görməsin".
 
VƏFATI
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. Nəriman Nərimanovun köməkliyi ilə Bakının “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində onunla bağlı nekroloq çap edilmişdir.
Şübhəsiz, H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. 
 
Bu gün də böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmiş, böyük xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları, diplomlar təsis edilmişdir.
 
SON BƏSİYYƏTİ
...H.Zeynalabdin də Tanrının adi qullarından biri idi. Həyatın şirinini də, acısını da hamı kimi dadırdı. Ucala biləcəyi mərtəbəyə kimi bütün pillələri qalxmışdı. Belə günlərin birində var-dövləti dünyaya sığmayan Hacı xətrini çox istədiyi və böyük hörmət bəslədiyi Axund Mirzə Əbu Turabla söhbət edirmiş. Söhbət əsnasında Əbu Turab deyir ki, bütün bu var-dövləti Allah verdiyi kimi günlərin birində geri də ala bilər. Onun bu sözləri Hacını təəccübləndirir. Fikirləşir ki, bu boyda neft buruqları, balıq vətəgələri, fabrikləri, zavodları, saya gəlməyən var-dövləti necə əldən çıxa bilər? Ağlına gələnləri dilinə də gətirir. Bir Allah şahiddir ki, Əbu Turab o an hansı hisləri keçirir...
 ...Zaman öz axarında idi. Əbu Turab Hacıdan 14 il əvvəl, 1910-cu il sentyabrın 1-də dünyasını dəyişir. Bir müddət sonra çar Nikolay taxtdan salınır, soyuq şimal küləyi kommunist dalğalarını cənuba tərəf gətirir. Hacının səltənəti get-gedə laxlayır, var-dövləti əldən çıxır. Ömrünün son günlərində dünyagörmüş Hacı tez-tez Əbu Turabın dediyi kəlmələri xatırlayırdı. Həyatın müxtəlif məqamlarında insanlara örnək olan Hacı vəfatından öncə Əbu Turabın ayağı altında dəfn olunmasını vəsiyyət edir.
  1924-cü il sentyabrın 1-də zəmanəsinin ən qüdrətli şəxsiyyətlərindən biri sayılan Hacı Zeynalabdin Tağıyev dünyasını dəyişir.
 Onun vəsiyyətinə əməl olunur. Hacı Mərdəkandakı qəbiristanlıqda Əbu Turabın məzarının ayaq tərəfində dəfn olunur.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1717
Paylaş: