Adını milli teatr və kinomuza qızıl hərflərlə yazmağı bacaran görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti, çox sevdiyim Məmmədrza Şeyxzamanovun xatirə günüdür.
Hörmətlə xatırlayaq.
 
Yaradıcılığı ilə bərabər xarici görünüşü - boy-buxunu, yaraşıqlı sifəti, səs tembri ilə diqqəti cəlb edən bu sənətkar müdrik insan, istedadlı aktyor olmaqla yanaşı, həm də bir şəxsiyyət kimi həmkarlarının və sənətsevərlərin böyük hörmətini qazanmışdı.
Səxavətli, qəlbi təmiz, ürəyi açıq insan idi Məmmədrza Şeyxzamanov. O hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı - "Yaxşı kişi"...
Ailəsi ilə bərabər 7 il sürgün həyatı yaşayan, Azərbaycanın Xalq şairi Səməd Vurğunun köməkliyi ilə ölümdən xilas olan çox sevdiyim sənətkar Məmmədrza Şeyxzamanov...
 
 
Qısa arayış:
Məmmədrza İsa oğlu Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918-20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənətində də az-çox özünü biruzə verməkdə idi. Ona layiq olduğu xalq artisti adını da çox sonralar, 1974-cü ildə verdilər. Bunların hamısını Maarif Teymura Məmmədrza Şeyxzamanovun özü danışmışdı...
 
 
1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edirdi ki, obrazın xarakterini aça bilirdi. Bunları azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas Qədirov xatırlayır. Deyir ki, Məmmədrza Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar "Mahnı dağlarda qaldı", "İblis", "Zamanın hökmü" və digər tamaşalarda tərəfmüqabilləri kimi çıxış ediblər. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət olub. Mərd idi. Heç kimdən qorxmazdı. Ürəyindən keçən sözü üzə deyərdi, arxaca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da əskik olmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.
 
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. "Bəxtiyar" filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılır. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır.
 
1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edir."Əhməd haradadır" filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi. O zaman ekranlaşdırılması üçün kinostudiyanın "papka"sında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun "Əhməd haradadır" xoşuna gəlir və ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Şəfiyev, Töhfə Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov... kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndərirlər. Onları - Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi "Adil İsgəndərovun beşliyi" adlandırırdılar. Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edir, rejissor, assisent köməkçisi kimi çalışırdılar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradır. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılırdı. Bütün rəqs səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar "Yaşıl teatr"da çəkilirdi. 
Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edir, onlardan sənətin sirlərini öyrənməyə can atırdılar. Onda Məmmədrza Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi. Böyük aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr və kino xadimiydi. O, elə sənətkarlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş təsir bağışlayırdı. 
 
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.
 
   
 
O öz yaradıcılığı ilə bərabər xarici görünüşü - boy-buxunu, yaraşıqlı sifəti, səs tembri ilə diqqəti cəlb edirdi. Bu sənətkar müdrik insan, istedadlı aktyor olmaqla yanaşı, həm də bir şəxsiyyət kimi həmkarlarının və sənətsevərlərin böyük hörmətini qazanmışdı.
1915-ci il 4 avqust tarixində dahi şair Nizami Gəncəvinin nəslindən olan Hacı İsa bəyin evində xoş gün yaşanır. Həmin gün Azərbaycan Milli Teatr və Kinosunun  gələcəkdə parlaq simasına çevriləcək bir uşaq dünyaya gəlir. Uşağın adını Məmmədrza qoyurlar. Balaca Məmmədrza hələ taleyin hansı sınaqlarından keçəcəyindən bixəbər idi. Hələ uşaq yaşlarından o, bolşevik özbaşnalığı ilə qarşılaşır. Onların ata - baba mülkləri, zəngin kitabxanaları yandırılır. Məmmədrzanın 2 yaşı olur və həmin gündən atasız qalır.  Belə ki,  Hacı bəy bu vandalizmə dözməyib vaxtsız vəfat edir. Ailənin bütün yükü düşür anası Böyükxanım çiyinlərinə.  1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Ailənin vəziyyəti get-gedə çətinləşsə də, gələcəyin xalq artisti memar olmaq istəyirdi. O, bu arzu ilə Gəncədə İnşaat Texnikumunda təhsil alır, texnikumun dram dərnəyində böyük həvəslə müxtəlif tamaşalarda oynayır. Artıq 15 yaşında ikən o,  Gəncədə "artist Məmmədəli" kimi tanınmağa başlayır. 
 
Böyük səhnəyə gedın yol
 
Günlərin bir günü  Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov "artist Məmmədəli"ni görür və onu böyük teatrla daha yaxından tanış olmaq üçün bura dəvət edir. Beləliklə Məmmədrza Şeyxzamanovun həyatında bir dönüş yaranır.  İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir.
 
1938-ci ildə gənc aktyor Gəncənin hörmətli ailələrindən birinin qızı Nigar xanımla evlənməsi bu sevinc ovqatını daha da artırır. Məmmədrzanın xoşbəxt günləri başlanır. Onların ilk övladı Kəmalə dünyaya gələndə Şeyxzamanovların sevinci yerə - göyə sığmırdı. Lakin aktyorun qanlı-qadalı günlərri hələ qabaqda idi.  Qardaşı Ələsgər İtaliyada, bacısı Həmidə Türkiyədə. Özünə də pantürkist adı qoyub göndərdilər Qazaxıstanın Semipalatinsk bölgəsinə. Təhlükəsizlik orqanlarında Nigar xanıma ərindən boşanmağı məsləhət görəndə bu mərd qadın körpə balasını da götürərək "ərim harda, mən də orda" deyib onunla birgə yeddi il əzab - əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşadı. 
 
Yeddi ildən sonra ailəsi ilə birgə icazəsiz baş götürüb Gəncəyə gələn, burada qohum- qonşularının evində gizlənən Məmmədrzanı ölümdən böyük şairimiz Səməd Vurğun xilas etdi. Şair nəinki gənc aktyoru, hətta onun sürgündə olan qohumlarını da geri qaytara bildi. M.Şeyxzamanovun ağır faciəvi sürgün həyatı belə başa çatdı. O, azad nəfəs alıb, Gəncə Dövlət Teatrına qayıtdı. Və yenidən burada - doğma teatrda fəaliyyətini davam etdirməyə başladı. 1954-cü ildə Azdrama Gəncədə qastrolda olarkən teatrın baş rejissoru Adil İsgəndərov onu Bakıya Azərbaycan Dövlət Akademik Dram Teatrında işləməyə dəvət etdi. Bu sənət ocağı onun yeni böyük imkanlarını aşkara çıxardı. Aktyor tezliklə kollektivlə qaynayıb qarışdı. Burada ona məsul rollar tapşırıldı. Gözəl şair H.Cavid demişkən: "Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır. Yalnız səbr və mətanət lazım". 
 
Beləliklə, həyat M.Şeyxzamanovun üzünə gülməyə başladı. Aktyora elə bil ikinci nəfəs gəldi. O, Bakıda teatr səhnəsində müxtəlif illərdə "Hamlet", "Unuda bilmirəm", "Səyavuş", "Xəyyam", "Şeyx Sənan", "Od gəlini", "Vaqif", "Mariya Tüdor", "Almaz", "Qaçaq Nəbi", "Ölülər", "Alov" və s. tamaşalarda bir-birindən maraqlı obrazlar yaratdı. Həmin ildən aktyor nəinki paytaxtın ən böyük teatrında fəaliyyət göstərir, həm də Bakı kinostudiyasında filmlərə çəkilir, radio və televiziyada çıxış edirdi. 
 
M.Şeyxzamanov sürgündən qayıdanda artıq onun qırx yaşı vardı. Ona görə də o, teatrdan fərqli olaraq, kinoda əsasən xarakterik rollar ifa edir, həyatın hər üzünü görmüş, bərkdən-boşdan çıxmış təcrübəli el ağsaqqallarının, qocaların obrazlarını canlandırır, qəhrəmanlarının daxili aləmlərinə nüfuz edir, psixologiyalarını, mənəviyyatlarını tamaşaçılara çatdırırdı. 
 
1954-cü ildə rejissor L.Səfərov M.Şeyxzamanovu "Bəxtiyar" kinokomediyasında konservatoriya professoru Rəcəbov roluna sınaq çəkilişlərinə dəvət edir. Sınaq çəkilişləri uğurlu alınır. O, filmə Rəşid Behbudov, Tatyana Peltser kimi populyar artistlərlə birgə çəkilir. M.Şeyxzamanovun qəhrəmanı professor Rəcəbov həm öz işini sevən ziyalı, həm də xeyirxah insandır. Uşaqlar onun bağından alma yığanda professor bunu oğurluq kimi başa düşür, biləndə ki bu almalar hospitalda müalicə alan yaralı əsgərlər üçündür, özü də uşaqlara kömək edir. 
 
Kinoya ilk dəfə bu filmdə çəkilən M.Şeyxzamanov mükəmməl obraz yaratmağa müvəffəq olur. 
Bundan sonra M.Şeyxzamanov "Qızmar günəş altında" filmində kənd həyatına, kənd məişətinə, adət - ənənələrinə yaxşı bələd olan Əmir dayı, "Bir qalanın sirri" film - nağılında bəd əməllərə qarşı çıxan, xeyirxah işlər görən Həkim Eldostu, "Onu bağışlamaq olarmı?" melodramında asayiş keşiyində duran milis rəisi polkovnik Qurbanov, "Leyli və Məcnun" film -dastanında həyatın keşməkeşlərini, əzab-əziyyətini görmüş pirani dərviş, "Böyük dayaq" kinoromanında Rüstəm kişinin cəbhə dostu, raykom katibi Şərəfoğlu, "Kölgələr sürünür" macəra filmində haqq-ədalətin bərpasına rəvac verən Niyazov, "Əhməd haradadır?" kinokomediyasında oğlunu evləndirmək istəyən kəndli Şirin kişi, "Liftçi qız" kinonovellasında həssas qəlbli rəssam rollarına çəkilmişdir. Bu filmlərin hamısı 50 -60 -cı illərin kino məhsullarıdır. 
 
 
60-cı illərdə olduğu kimi, M.Şeyxzamanov 70-ci illərdə də kinoda məhsuldar işləmişdir, fitri istedadı ilə istər iri, istərsə də xırda rollarda daxili imkanlarından çıxış edərək böyük sənətkar olduğunu bir daha sübut etmişdir. 
 
 M.Şeyxzamanov 70 - ci illərdə "Qızıl qaz" filmində Mahmud, "Çarvadarların izi ilə" kinolentində Əli kişi, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm, "Vulkana doğru"da usta Ramazan, "Tütək səsi"ndə İsfəndiyar kişi, "Arvadım mənim, uşaqlarım mənim" kinoalmanaxındakı "Toy" novellasında Sərpayı rollarında oynamışdır.
 
Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin qeyri -adi taleyindən bəhs edən "Nəsimi" tarixi -bioqrafik filmi şairin obrazını əks etdirən fəlsəfi kino əsəridir. Hürufilərlə teymurilərin arasında gedən ideoloji mübarizədə Şeyx Əzəmin öz yeri, öz məqsədi var. Onun həqiqəti -İslamdır. Bu rolu M.Şeyxzamanov ustalıqla oynayır. Din pərdəsi altında özünün ikili xarakterini, insanlara olan kin və küdurətini gizlədən, doğma balasına belə aman verməyən, Nəsiminin edamından ləzzət alan şeyxin mürəkkəb obrazını yaratmaq üçün aktyor xeyli zəhmət çəkmişdir. Bu zəhmətin müqabilində Şeyx Əzəm tamaşaçıların haqlı olaraq dərin nifrətini qazanmışdır. Bu isə əksinə, aktyorun zəngin və parlaq istedadının bəhrəsi idi. 
 
Əsasən müsbət rolların mahir ifaçısı olan M.Şeyxzamanov "Nəsimi" filmində mənfi tip yaratmaqla onun üçün amplua öz mənasını itirmişdir.
 
 
"Tütək səsi" filmində aktyor M.Şeyxzamanov oğlu cəbhədə həlak olmuş ağsaçlı kolxozçu İsfəndiyar kişi rolunda çıxış edir. M.Şeyxzamanovun ifasında biz ekranda həlim, ürəyiyumşaq, kövrək qəlbli əsgər atası ilə tanış oluruq. "Tütək səsi" filmində sazı sinəsinə basıb ürəkdən "Ruhani" çalması, gözlərinin dolub boşalması əsl sənət idi... 
 
Xalq artisti Məmmədrza Şeyxzamanov 1984 - cü il yanvarın 25-də 69 yaşında əbədi olaraq gözlərini yumdu. Lakin bundan əvvəl - 80-ci illərin əvvəllərində daha iki filmdə -"Qızıl uçurum"da Qurban kişi və "Əzablı yollarla"da nağılçı rollarında çəkildi. Böyük şairimiz H.Cavidin "İblis" faciəsindəki İxtiyar roluna görə 1984 -cü ildə Azərbaycan Dövlət mükafatına layiq görüldü.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1294
Paylaş: