Azərbaycanın tanınmış diktoru, Azərbaycan Respublikasının Xalq artisti,   "Tərəqqi" medalı laureatı ELDOST BAYRAMın doğum günüdür.
Hörmətli Eldost müəllimi ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq!
Ömrünüz uzun, canınız sağ, o ecazkar səsiniz var olsun, Eldost müəllim!
Ömür yolunuz, insanlarla münasibətiniz, danışıq tərziniz, nitqiniz bir nümunədir.  
Gerçəkdən, Siz bir məktəbsiniz!
 
Azərbaycan professional diktor məktəbinin ən sanballı nümayəndələrindən biri, uzun illər nəsillərə Azərbaycan dilində danışmağı öyrədən, səslə öz obrazını yaradan, milyonların doğmasına çevrilən, Azərbaycan Dövlət Radiosunun ali dərəcəli diktoru Eldost Bayramov (Eldost Bayram) 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
 
 
Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir - Bu bizim  təqdimatımızdır.
 
Eldost Bayramın özü haqqında təqdimatı isə bir başqa aləmdir: 
"1947-ci ildə Kürdəmir rayonunun Çöl Ərəb kəndində, kasıb bir ailədə anadan olmuşam. Ana görməmişəm. Bəziləri deyirlər, mən dünyaya gələndən 10 gün sonra, bəziləri deyirlər, 40 gün sonra anam rəhmətə gedib. Amma anasızlığı hiss eləməmişəm, böyük bibim anamı əvəz eləyib. Bir yaşım olanda da Böyük Vətən müharibəsində əsir düşdüyü üçün atamı həbs edib 25 il iş veriblər. Bir də 8 ildən sonra atamı buraxdılar. Haradasa 8-10 yaşım olanda atam qayıtdı. Ancaq bu illərdə atasızlığı da hiss eləmədim. Bibimin həyat yoldaşı, ailəsi, kiçik əmim - Əli əmim o illərdə mənə atalıq elədilər. Kənd uşaqları necə böyüyür, mən də elə böyüdüm. Kənddə mənə ayrıca hörmət eləyirdilər, çünki atam o kənddə barmaqla göstərilən kişilərdən biri olub. Biz adətən oxuyan adama ziyalı deyirik, amma ziyalılıq tək oxumaqla deyil ki... Atam elə bir insan idi ki, ona ziyalılığı Yaradan vermişdi. Məndə də atamın qanından, genindən keçən xüsusiyyətlərdi, qarşılıqlı ünsiyyət forması var. Efirdə də bu aydın hiss olunur. Səs öz yerində. İlahi hər seçilmiş insana bir cür nemət verir. Baxır, o nemətdən necə istifadə edirsən. Mənim səsimə oxşar səslər çoxdur. Amma səsdən istifadə eləmək tamam başqadır. Səsdəki səmimiyyət dərhal hiss olunmalıdır. İstər rəsmi material oxu, istərsə də qeyri-rəsmi material. Dinləyicilərim mənə deyirlər ki, Eldost müəllim, siz yağış yağacaq, qar yağacaq sözlərini də elə formada deyirsiniz ki, biz üşümürük."
 
 
Onun bu sənətə, bu "sehrli qutu"nun izinə düşüb şəhərə gəlməsi, vurğunu olduğu sənətə yiyələnməsinin bir başqa tarixçısi var.
Eldost Bayram: "Aydın Qaradağlının başdan-ayağa həyat olan səsini ilk dəfə eşidəndə onun səsinə vuruldum. Bu səsi hansı formada isə izah eləmək mümkün deyil. Bu, qeyri-adi bir səs idi. Aydın Qaradağlıya qulaq asanda elə bil ki, millətini, xalqını təzədən görüb, tanıyırdın, Azərbaycanı, dilini yenidən sevirdin. O qədər gözəl axıcılıq, gözəllik vardı səsində. Aydın Qaradağlının səsi ana laylası idi elə bil. O səsə saatlarla qulaq asardın, yorulmazdın. Bu səsə qulaq asa-asa böyüdüm, 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil oldum. Mənim ilk diktorluğum da tələbəlik illərindən başladı. Tələbə həyatından, yataqxana həyatından bəhs edən 15-20 dəqiqəlik veriliş hazırlayırdıq, mən də mətni oxuyurdum.
İnstitutda oxumaqla yanaşı Adil İsgəndərovun kinostudiyada açdığı kinoaktyorluq kursunda da oxumuşam. İnstitutu bitirəndə təyinatımı verdilər Ağsu rayonuna. Bir neçə ay orda tarix müəllimi işləyəndən sonra hərbi xidmətə getdim. Hərbi xidmətdən qayıdandan sonra il yarım Bakıda Y.Qaqarin adına Pioner və Məktəblilər Sarayında metodist işlədim...
 
1972-ci ilin martında, nəhayət, qərara gəldim ki, radioya gedim. 25 yaşında cavan bir oğlan idim. Radioya gəldim, buraxılış yazdılar, içəri keçdim.
Elə bilirdim, Aydın Qaradağlı baş diktordur. Qapını döydüm. Gördüm, stolun arxasında bəstəboy bir kişi oturub. Dedim, Aydın müəllim burdadır? Dedi ki, Aydın müəllimi neynirsən? Dedim, işləməyə gəlmişəm, diktor olmaq istəyirəm. Dedi ki, Aydın müəllim baş diktor deyil, mənəm baş diktor - Ramiz Mustafayev. Özümü itirdim, bir az mənimlə söhbət elədi. Beş dəqiqədən sonra birdən qayıtdı ki, hə, yaxşıdır.
   Başa düşdüm ki, bu bayaqdan mənim diksiyamı yoxlayırmış. Dedi, gedək mikrofonda qulaq asım. Getdik, mənə bir qəzet verdi, orda rəsmi xəbərlər də, qeyri-rəsmi xəbərlər də vardı. Oxudum. Dedi ki, yaxşıdır, xoşuma gəldi.
 Ramiz müəllim səsimi yoxlayandan sonra tam qərara gələndə ki, işə götürəcək soruşdu adın nədir? Dedim adım Aldostdur. Mənə babamın adını qoyublar, ərəblərdən gəlmə bir addır. Bir neçə dəfə adımı təkrarladı, sonra da dedi ki, yox, Aldost kobud səslənir, gəl onu Eldost eləyək. 1972-ci il aprelin birindən Eldost Bayram kimi radioda işə başladım.   
Bu gün də özümə şərəf bilirəm ki, 8 il Aydın Qaradağlı ilə bir mühitdə işləmişəm. Aydın Qaradağlı bizim hamımızın - professional diktorların mənəvi atasıdır. Amma bizim hamımızı diktor eləyən Ramiz Mustafayevdir. Mən  Aydın Qaradağlının nüfuzunun, sənətinin, Ramiz Mustafayevin zəhmətinin çörəyini yeyirəm..."
   
Eldost Bayramı bu gün hamı sevir, desək, yalan olmaz. Onun gülər üzü, xoş siması, ürəyəyatımlı səsi insana ancaq müsbət duyğular bəxş edir. 
Onun zəhməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilmişdir. 
Eldost Bayram 2006-cı ildə “Respublikanın Əməkdar artisti" fəxri adına, 2008-ci ilin noyabrında “Tərəqqi” medalına,  2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülmüşdür. 
 
Eldost Bayram "Bal arısı"(film, 2000), Pənah Xəlilov (film, 2001), "Alovlardan keçən ömür"(film, 2005), "Zəngəzur qartalı" (film, 2012), "Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov" (film, 2016) filmlərinin müəllifidir.
 
İllər ötəcək, Azərbaycan televiziya və radiosunda çox səslər eşidiləcək. Amma Eldost Bayramın səsi ürəklərdə, könüllərdə təkrarı olmayan bir səs kimi həmişə seviləcək.
 
 
Nurlanə Əliyeva, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 988
Paylaş: