Bu gün həyatını Azərbaycan jurnalistikasına və mətbu sözə həsr etmiş dəyərli ziyalımız, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası"nın müdiri, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, əziz Müəllimim CAHANGİR MƏMMƏDLİnin doğum günüdür. 
Dəyərli Müəllimimizi ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, gələcək fəaliyyətində daha  böyük uğurlar arzulayırıq!
Ömrünüzün 80-ci baharı mübarək, əziz Cahangir müəllim!
 
Cahangir Məmmədli:
"Allah mənə elə bir ömür verdi ki, bütün mərhələləri görə-görə gəldim. Azərbaycan jurnalistikasının klassik hissəsi – Zərdabidən başlamış, xüsusilə 20-ci ilə qədər olan -  Məhəmmədəmin dövrü, Ü. Hacıbəyov dövrü, Mirzə Cəlil dövrü... Onlar bizə elə bir irs qoyub getdilər ki, o irsi davam etdirməmək günah olardı. Bəzən deyirlər Sovet jurnalistikası başdan-ayağa ideoloji məna daşıyır. Doğrudur, amma Sovet jurnalistikası dövründə Zərdabinin, Axundzadənin qoyduğu dil məktəbi Azərbaycan ədəbi dilinin mətbuat üslubunu çox gözəl formalaşdırdı. 
 
Müstəqillik dövrü jurnalistikamız isə tamam başqa idi. 90-cı illərin əvvəllərinə qədər deyə bilmədiyimiz, senzuranın imkan vermədiyi problemləri bu dövrdə dilə gətirə bilirdik. Müstəqillikdən sonra Milli Məclisdə birinci dəfə qəbul olunan qanun KİV haqqında qanundur. Çünki müstəqilliyə gedən yolda demokratik qayda-qanunlar olmasa, demokratik mətbuat olmasa, demokratik dövlət qurmaq çətin olar. İndi də biz KİV haqqında qanunu “Media haqqında” qanuna çevirmişik. Bu qanun jurnalistikamızın daha sürəltli, daha demokratik qaydalarla idarə olunmasına çox böyük kömək göstərəcək..."
Bu, Cahangir müəllimin Azərbaycan jurnalistikasının keçdiyi yol barədə düşüncələridir.
Bəs Cahangir Məmmdli kimdir?
 
Əziz Müəllimimizlə bir az da yaxından tanış olaq:
Cahangir Əbdüləli oğlu Məmmədl 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adı çəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur.
 
 
Cahangir Məmmədli 2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi” nominasiyasının qalibi olub. Jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, 2003-2005-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur.
 
Cahangir Məmmədlini müasir Azərbaycan mətbuatının yaşayan əfsanəsi də adlandırmaq olar. Özünəməxsus üslubu,  dəsti-xətti var. Əbəs yerə "müasir mətbuatın” demədik. Ona görə ki, Cahangir Məmmədli müasirliyin və bəşəriliyin tərəfdarı olan tədqiqatçıdır, amma bütün bunların fövqündə milli-mənəvi dəyərlərə, poetik həssaslığa, Vətən sevgisinə qiymət verən elm xadimidir. Onun üçün ağlı-qaralı ömür bəzən bir məktuba sığır, bəzən bir günə, bəzən bir fəsilə... Onun poetik duyğuları "Mendelson mərmər pillələrdə qaldı...”, "Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə”, "Şanel - 5” kimi esselərində özünü göstərir. Bəzən də köhnə məktublardan, xatirələrdən boylanır...
Onu, həm də torpağa, elə-obaya bağlı İnsan kimi tanıyırlar.  Təsadüfi deyil ki, hər kəs, Cahangir müəllimi, sözün həqiqi mənasında, Qarabağ sevdalısı, Vətən fədaisi, Məmləkət vurğunu hesab edir. 
 
Əziz Cahangir müəllim!
Siz bizə elm, bilik, jurnalistikanın incəliklərini öyrətməklə bərabər həm də hər birimizin qəlbində işıqlı xatirələriniz, ağıllı məsləhətlərinizlə yaddaqalan, xoş izlər buraxmısınız. 
Siz yolu jurnalistikadan keçən hər kəsin müəllimisiniz.Tələbələriniz sizi dünən də seviblər, bu gün də çox sevirlər. Səmimiyyətiniz, xoş simanızla ürək sözlərimizi, sirlərimizi, dərdlərimizi, problemlərimizi də bölüşməyə bizlərə imkan yaratmısınız.   
 
Siz, həm də dəyərli alimsiniz. İndiyədək 1000-dən çox elmi-publisistik yazıınız dərc olunub, ədəbi tənqidə və jurnalistikaya dair 7 kitab müəllifisiniz... 
 
Hörmətli Cahangir müəllim!
Sizi bir daha təbrik edir, həmişə bütün sevgilərin olduğu  yerdə olmağınızı arzu edirik!
Yolunuz nurlu, işləriniz uğurlu olsun, dəyərli Müəllimimiz, Ustadımız, əziz Cahangir müəllim!
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1429
Paylaş: