O, gülümsəyə-gülümsəyə gözlərini əbədi olaraq yumdu. Sanki ölümün özünə gülürdü...
 
İkinci Qarabağ savaşında, Şuşa uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalan, həmişə irəlidə getməyi özünə şərəf bilən  bir  övladımız - Elçin Qurbanov haqqında söhbət açmaq istəyirik. 
 
Elçin Məcid oğlu Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bir qardaş, bir bacı idilər. Günay xanım qardaşından yaşca böyük olmasına baxmayaraq, onun sözünə qulaq asar, bir sözünü iki etməzdi. 
 
İllər keçdi, artıq 2008-ci il gəlib çatdı. 
 
Elçin Qurbanov həmin kənddəki Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə getdi. Qardaş-bacı  məktəbə deyə-gülə bir gedib-gələr, söz-söhbətləri bir olardı. 
 
Elçin Qurbanov 2017-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirdikdən sonra müstəqil həyata atıldı. 
 
2020-ci ilin 27 yanvarında Elçin Qurbanov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmət dövründə nizam-intizama əməl edir, müasir silah növlərindən düşmənə qarşı tətbiq etmək qaydalarını mənimsəyirdi. Qarşıya qoyulan müddət ərzində Elçin Qurbanov tank əleyhinə idarə olunan raket qurğularından istifadə etməyi mükəmməl şəkildə öyrəndi. Çox keçmədi ki, o, Silahlı Qüvvələrin mübariz və döyüşkən əsgəri kimi yetişdi.
 
Sentyabrın 27-də Vətən müharibəsi başlamış, düşməndən intiqam almaq zamanı gəlib çatmışdı. Bütün əsgər və zabitlərimiz kimi  Elçin Qurbanov da müharibənin ilk günündən döyüşə atıldı. Keçirdiyi hərbi əməliyyatlarda dəqiq nişan alaraq düşmənin bir neçə tankını vurub sıradan çıxartdı, onlarla canlı qüvvəsini məhv etdi. Döyüşlərdə mərdliklə vuruşurdi. 
 
Dostlarınını söylədiyinə görə Elçin Qurbanov çox qorxmaz əsgər idi. O daim irəliyə can atır, bitincilərdən olmaq istəyirdi.  Sağ ayağında qəlpə olmasına baxmayaraq, həmişə əsgər yoldaşları ilə birgə öndə idi..  
 
Elçin Qurbanovun döyüş yolu işğal altında olan rayon və kəndlərin azad olunması uğrunda gedən qanlı döyüşlərdən keçdi. Füzuli, Cəbrayıl, Qubadlı, kənd Horadiz, Xocavəndin kəndlərinin düşmənlərdən təmizlənməsi Elçin Qurbanovun döyüş salnaməsinə yazıldı. Adları qeyd olunan rayonların düşməndən təmizlənməsində əsil igidlik və qəhrəmanlıq göstərdi. 
 
Ən çətin tapşırıq isə Şuşa yaxılığındakı yüksəkliyin alınması uğrunda gedən döyüşlərdə oldu...
 
Dostlarının xatirələrindən:
 
Əsgər yoldaşı Tahir Şəmiyev:
- Şuşaya doğru irəliləyirdik. Hər tərəf dağlıq idi. Dağların yüksək bir yerində mövqe tutduq. Elçinlə bir yerdə idim. Biz sonra təpəyə qalxdıq. Axşamüstü saat 4-5 arası olardı. Bu zaman düşmən tərəfdən atəş açıldığı üçün güclü atışma oldu. Bir az keçmiş mən tutduğumuz mövqeyin arxa hissəsinə keçdim. Birdən uşaqlardan kimsə qışqırdı ki, Elçini vurdular. O, minaatan silahdan atılan mərminin qəlpəsindən ağır yaralanmışdı. Onun yarasını sarıyıb kömək etməyə çalışsaq da, köməyi  olmadı. Elçin Qurbanov gülümsəyə-gülümsəyə gözlərini əbədi olaraq yumdu. Sanki o, ölümün özünə gülürdü...
 
Əsgər qardaşımız Elçin Qurbanov 4 noyabr 2020-ci il tarixində döyüş meydanında şəhid olaraq əbədiyyətə qovuşdu.
 
Elçin Qurbanov rayon rəhbərliyinin, kənd və rayon sakinlərinin, hərbi hissə və döyüş yoldaşlarının iştirakıyla  Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
 
Onun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Elçin Məcid oğlu Qurbanov (ölümündən sonra)  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda" və 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
 
Qazax rayonunun Xanlıqlar kəndinin igid bir oğlunun, 44 gűnlűk Zəfər savaşında şəhidlik məqamına ucalmış Elçin Məcid oğlu Qurbanovun qısa, lakin bir ömür boyu unudulmayacaq həyat hekayəsi ilə tanış olduq.
 
İllər ötəcək, onun adı, keçdiyi şərəfli ömür yolu yeni gələn nəsillərə örnək olacaq, həmişə xatırlanacaqdır.
 
Nurlanə Əliyeva, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1357
Paylaş: