Çox sevdiyim İnsan, şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycanın Xalq şairi, Heydər Əliyev mükafatı laureatı, "İlin şairi" makafatı laureatı, "Şərəf", İstiqlal" ordenli, 2002-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, akademik NƏRİMAN HƏSƏNZADƏnin doğum günüdür.
 
 
Hörmətli Nəriman müəllimi ad günü münasibətilə  ürəkdən təbrik edir, uzun sağlam ömür, könül xoşluğu, ürək rahatlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
 
Nəriman Həsənzadə: 
"Şeir mənim aləmimdə bütöv bir kainatdır, müxtəlif səslərilə, rənglərilə birlikdə təbiətin özüdür, əslidir, surəti deyil. O da canlı orqanizmdir, təbiət qədər doğma və amansızdır. Mən indiyə qədər nə çəkmişəmsə, şeirdən çəkmişəm. Onun ağırlığı altında təntimişəm, amma həmişə bu, mənə fərəh verib. Ağrılardan doğan sevincim olub. Mən bu əzabı həyatda bəlkə də heç bir əyləncəyə dəyişmərəm. Axı, bir də bu məndən asılı olan şey deyil. Mənim səadətim də bundadır".
 
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, dünyada daim gözəllik, səadət, zəriflik axtaran, olduqca həssas, nəcib bir insan - Nəriman Həsənzadə.
Canına məhəbbət, saflıq, insaniyyət, vətəndaşlıq hissləri hopmuş poeziyası ilə oxucularında dərin maraq oyadan, nurlu siması, həlim xasiyyəti, həssas təbiəti, həzin, mülayim danışıq tərzi ilə xalqın sevimlisinə çevrilən şair, dramaturq, nasir, ən önəmlisi, əsill ziyalı, əsil insan Nəriman Həsənzadə.
Həyatda daim itkilərlə üzləşən, heç bir zaman nikbinliyindən qalmayan Nəriman Həsənzadə sevgi şairidir. Görkəmli şair hər zaman insani dəyərləri üstün tutan şəxsiyyətlərdən biridir.
Onun xarakterindəki səmimilik, təbiilik, dilinin şirinliyi əsərlərində də aydın hiss olunur. Onun yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Bəlkə elə ona görə də, o bu qədər sevilir.
 
Yüksək istedadını əməyi və zəhməti hesabına ortaya qoymağı bacaran, geniş təfəkkürlü, zəngin dünyagörüşlü pedaqoq, Xalq şairi, Əməkdar İncəsənət xadimi, görkəmli alim Nəriman Həsənzadə yaradıcılığının bütün dövrlərində zamanın nəbzini tutmağı bacarıb. O, "Nəriman", "Kimin sualı var?", "Zümrüd quşu", "Poylu - beşiyim mənim", "Nizami", "Nuru Paşa" və s. poemaları, yüzlərlə dərin məzmunlu şeirləri, "Nabat xalanln çörəyi", "Pompeyin Qafqaza yürüşü", "Atabəylər"... kimi əsərləri ilə Azərbaycan ədəbi irsini zənginləşdirib. 
Xalq şairi Nəriman Həsənzadənin  "Xəlvətdə yanan şam” dramatik poemasında sonsuz səmimiyyət, şairə xas olan axıcı dil, lisan və ləhcə var. Ən başlıcası isə əsərin mehvərində təmənnasız yaxşılıqları, xeyirxah insanları unutmamağa dair bir çağırış səslənir.
 
Xatırladırıq ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.
 
 
Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir.
 
 
1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. 
Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. 
O, Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. 
 
 
Dəyərlər:
Azərbaycanın görkəmli yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev: 
"Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir.
Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlis üslubu ilə də seçilir. Adama elə gəlir ki, bunlar yazılmır, söylənir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. Əlbət ki, bu yalnız şeirlərin şəkli xüsusiyyəti ilə yox, həm də məzmunu ilə bağlıdır. Nəriman oxucusunu çoxdanın dostu, tanışı və ürək sirdaşı kimi  dindirir".
 
 
Böyük ədibimiz Mirzə İbrahimov: "Nərimanın şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz-tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına da gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır, fikrini, düşüncəsini bu aləmin sirlərini dərk etməyə yönəldir". 
 
 
Filologiya elmləri doktoru Vaqif YUSİFLİ: 
"Oxucularla açıq və səmimi danışmaq ədası, onların ürəyinə, hiss və duyğularına yol tapmaq bacarığı, təbiilik və səmimiyyət... bütün bunlar Nəriman Həsənzadə poeziyasını elə ilk baxışda təyin edən xüsusiyyətlərdir. Nə yaxşı, şeirimizin Nərimanı var,-deyirik.
Nəriman Həsənzadə gözəl insandır! Onu bu yaşında da ruhən cavan saxlayan elə bu insanlığıdır. Bu insani xüsusiyyətlər onun şeirlərində də öz əksini tapır.
Nəriman Həsənzadə şeirlərinə, şeirləri də ona oxşayır. Mən onun üzündə həmişə xoş bir təbəssüm görmüşəm. Vallah, inanmağım gəlmir ki, Nəriman Həsənzadə kiminsə paxıllığını çəkə, kiməsə badalaq vura, öz şəxsi mənafeyi və istəkləri üçün məkrli yollardan keçib istəyinə nail ola. Təbii ki, onun da bu dünyada xoşlamadığı insanlar, xasiyyətlər, hadisələr ola bilər, lap elə dostları olduğu kimi, düşmənləri də ola bilər, amma yenə inanmağım gəlmir ki, kimsə Nəriman Həsənzadəni özünə əbədi düşmən hesab eləsin.
 
Şeir yazdığım gün məğrur oluram,
İlham ki, xəfifcə sinəmə dolur;
Bir şeh damlasıtək büllur oluram,
Dünya dünyada yox, məndə əks olur.
 
Nəriman Həsənzadə mənim fikrimcə, müasir Azərbaycanın ən xoşbəxt şairlərindəndir. O, yaradıcılığının "məşq" dövrünü - əllinci illəri arxada qoyandan sonra, altmışıncı illərdə artıq istedadlı bir şair kimi ədəbi aləmdə etiraf edildi."
 
Nəriman Həsənzadə Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
 
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
 
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
 
Ötən ilin bu günü daha bir xoş xəbər eşitdik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 fevral 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə" Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi.
Təbrikdə deyilir:
"Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.
İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz."
 
Nəriman Həsənzadə bu gün də gənclik həvəsi, şövqü ilə öz şərəfli işini davam etdirir...
 
Yüz ildir yol gəlir söz qafiləsi,
nə vəzni köhnəlir, nə qafiyəsi...
 
 
Əziz Nəriman müəllim!
Həyat nərdivanının 90-cı pilləsini artıq arxada qoydunuz. 
91 yaşınız mübarək! 
Yaşayın, yaradın, Nəriman müəllim!
Qalxdığınız hər pillədə Sizə daha uzun ömür, can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar, 
bitib-tükənməyən sevgi arzulayırıq!
Ömrünüz uzun, canınız sağ olsun!
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1591
Paylaş: