Azərbaycanın tanınmış teatr aktyoru, 
Azərbaycanın Əməkdar artisti Osman Hacıbəyovun doğum günüdür.
Xatırlayaq.
Ruhu şad olsun.
 
       
 
Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 
1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər.
1979-cu ilə qədər bu teatrda fəaliyyət göstərib.
 
 
Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psixoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib. 
Osman Hacıbəyov El oğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq), Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Elşən ("Məlik Məmməd" Ə.Abbasov), Protey ("İki veronalı", Vilyam Şekspir), İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Holdoni), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə), Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) və başqa rolları ilə tamaşaçıların yaddaşında əbədi qalıb.
 
 
Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib. 
 
Azərbaycanın Əməkdar artisti Osman  Hacıbəyov 14 iyun 1979-cu ildə Bakıda vəfat etmişdir.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1294
Paylaş: