Gunaydin.az apa'ya istinadən xəbər verir ki, xarici KİV nümayəndələri Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkib.

Nümayəndə heyətinə 12 ölkədən 26 media nümayəndəsi daxildir.

Əcnəbi jurnalistlər məzarlığa baxış keçiriblər. Onlara vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyev məzarlıq haqqında məlumat verib.

O bildirib ki, 1993-cü ildə Bakı şəhərində həkim işlədiyi vaxt, ermənilərin kəndlərinə hücum etdiyini eşidib və ailəsinə köməyə gəlib. Avqustda erməni hərbçilər onu girov götürüb. 48 gün Edilli kəndində girov saxlanılıb. Onun sözlərinə görə, erməni hərbçiləri döyüşlərdə ölən, kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu kəndə gətirərək qazılan quyulara töküb, üstünü torpaqlayıblar.

Qeyd edək ki, Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir.

Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.

Şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.

 

Baxış sayı: 1231
Paylaş: