“Savaşı bitirməsək, o bizi bitirəcəkdir”.

Herbert George Wells

Tarixdə çox müharibələr olub və ölkə başçıları bu müharibələrin başlamasını və nəticələrini öz mövqelərinə uyğun şərh edib əsaslandırıblar. İkinci dünya müharibəsindən sonra dünyada sülh və əmin-amanlığın bərpasına xidmət edən müxtəlif beynəlxalq təşkilatların yaranması ilə bu təşkilatlarda birləşən dövlətlər öz təhlükəsizliklərini sığortalamağa çalışıblar. BMT, NATO, ATƏT, Avropa Şurası  və s. kimi beynəlxalq qurumlar onillərdir dünyada sülhün və təhlükəsizliyin bərpasının təminatı ilə bağlı müxtəlif qətnamələr, qərarlar, normalar müəyyən edib və dünya dövlətlərini də bu qaydalara tabe olmağa çağırıb. Bəs, buna nail ola biliblərmi? Niyə müasir dünyamızda müharibələri tənzimləyən, sülh çağırışları edən bu qədər beynəlxalq təşkilat olduğu halda müharibə ocaqlarının sayı durmadan artır? Niyə dövlətlər münaqişələrin həllində ortaq məxrəcə gələ bilmirlər? Niyə münaqişələrin həlli kökündən həll olunmadan qalır və bu müharibələr digər münaqişə ocaqlarının yaranmasına səbəb olur?

Bu sualların cavablarını tapmaq üçün Rusiya-Ukrayna müharibəsinin başlanması ərəfəsində hər iki liderin xalqa müraciətini diqqətlə nəzərdən keçirmək lazımdır. Müharibənin başlanma səbəbləri haqqında müxtəlif fikirlər, siyasi şərhçilərin təhlilləri, yüzlərlə jurnalistin öz baxış bucağı var. Lakin bu səbəblər kənardan göründüyü kimi sadə və əsassız deyildir.

Rusiya-Ukrayna müharibəsində Rusiyanın mövqeyi

Rusiya Prezidenti Vladimir Putinin müharibədən əvvəl xalqa müraciətini diqqətlə və dəfələrlə dinlədim. Bu müraciət təkcə rus xalqına və Ukrayna hərbçilərinə ünvanlanan müraciət deyil, bu ümumilikdə dünyaya bir çağırış, dünya siyasətinə Rusiya prizmasından  baxış, fərqli təhlillərə əsaslanan siyasi təhdiddir. Bu müraciətdə hədəflər və ünvanlar bəllidir. Hədəf Ukraynadırmı? Xeyr!

Putin çıxışını NATO və Avropaya ünvanlanan iradlarla başlayır və qeyd edir ki, Rusiya 30 il ərzində israrla və səbrlə NATO-nun aparıcı dövlətləri ilə Avropada bərabər və bölünməz təhlükəsizlik prinsipləri barədə razılığa gəlməyə çalışır. Lakin bu təkiliflər davamlı olaraq aldatma və yalanla, təzyiq və şantaj cəhdləri ilə qarşılaşır. O, bu qənaətdədir ki, Şimali Atlantika Alyansının genişlənməsi Rusiya sərhədləri üçün böyük təhlükədir. Putin müraciətində NATO və Şimali Atlantika alyansının Rusiyanın təkliflərinə məhəl qoymamasından bəhs edir və vurğulayır ki, Rusiya müzakirələrdən kənarda qalıb və söz haqqına malik deyil. Rusiya 30 ildir səbrlə gözləyir və daha gözləmək niyyətində deyil.

Putin ABŞ-ı hegemon dövlət kimi görmək istəmir, o dünya siyasətinin ABŞ-ın maraqlarına uyğun  qurulmasını və bütün məsələlərin həllində bu maraqların israrla yerinə yetirilməsini qəbul etmək niyyətində deyil. Putin ikinci dünya müharibəsindən sonra dünyanın yenidən bölüşdürülməsində əvvəlki razılaşmaların qüvvədə qalmasını və Rusiyanın bu məsələdə aparıcı söz haqqına sahib olmasını istəyir və tələb edir. O, dediklərinə sübut olaraq Liviya, Suriya, İraq və digər dövlətlərdə aparılan hərbi əməliyyatları xatırlatmaqla onlara edilən hücumların və dinc əhalinin qırılmasını, dövlətlərin məhv olmasını və bunun nəticəsində terror ocaqlarının yaranmasını mərkəzi ABŞ-dan idarə olunan Qərb siyasətinin verdiyi yalnış qərarlarda və maraqlarda görür və bu qərarlara bundan sonra tabe olmayacaqlarını qətiyyətlə bildirir. Putin belə hesab edir ki, Qərbin öz nizamını bərqərar etməyə gəldiyi yerlərdə qanlı, sağalmamış yaralar, beynəlxalq terrorizm və ekstremizm yaranır və bu beynəlxalq hüquqa etinasızlığın yeganə nümunəsi deyil. Putin NATO-nun onu və bütünlükdə Rus dövlətini aldatdığını və öz çərçivəsini genişləndirərək Rusiya sərhədlərinə yaxınlaşdığını iddia edir. Putin qeyd edir ki, amerikalı siyasətçilər, politoloqlar, jurnalistlər özləri də son illər ABŞ daxilində əsl “yalan imperiyası”nın yaradıldığından yazır və danışırlar. O deyir: “Birləşmiş Ştatlar hələ də böyük ölkədir, sistem formalaşdıran gücdür.  Ona görə də, əminliklə deyə bilərik ki, ABŞ-ın öz siması və bənzəri ilə formalaşdırdığı qondarma Qərb bloku, onun qurduğu “yalan imperiyası”dır”.

 “Dünyada hökmranlıq iddiasında olanlar, açıq şəkildə və heç bir əsas olmadan, bizi, Rusiyanı özlərinə düşmən elan edənlər bu gün böyük maliyyə, elmi, texnoloji və hərbi imkanlara malikdirlər. Biz bunu bilirik və iqtisadi sahədə daim bizə ünvanlanan təhdidləri, eləcə də, bu həyasız və daimi şantaja qarşı durmaq qabiliyyətimizi obyektiv qiymətləndiririk...biz onları illüziyasız, son dərəcə real qiymətləndiririk”- deyən Rusiya Prezidenti kiminlə üz-üzə gəldiyini bilir və qarşısında gücün hansı üstünlüklərə malik olduğunu anlayır.

NATO şərqə doğru genişləndikcə, alyansın infrastrukturu Rusiya sərhədlərinə qədər irəlilədikcə Rusiya üçün təhlükəli vəziyyət yaranır. Putin Şimali Atlantika Alyansının infrastrukturunun daha da genişləndirilməsi və Ukrayna ərazilərində başlanmış hərbi inkişafı qəbuledilməz hesab edir və bu problemin əsl səbəbkarını qınayır. O, hesab edir ki, NATO ABŞ xarici siyasətinin əlində bir alətdir. Rusiya Prezidenti Ukraynada zamanla yaradılan və dəstəklənən “anti-Rusiya” mövqeyinin inkişaf etdiyini və qərbdən hərbi dəstək gördüyünü vurğulayır və bu vəziyyətə Rusiyanın göz yummasının qəbuledilməz olduğunu bildirir.

Putin- “Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün bu, Rusiyanı cilovlamaq deyilən siyasətdir, aşkar geosiyasi dividendlərdir. Ölkəmiz üçün isə bu, son nəticədə ölüm-dirim məsələsidir, xalq olaraq tarixi gələcəyimizin məsələsidir. Və bu, mübaliğə deyil– doğrudur! Bu, təkcə bizim maraqlarımıza deyil, dövlətimizin mövcudluğuna, onun suverenliyinə də real təhlükədir. Bu, mənim dəfələrlə dediyim qırmızı xəttdir, onlar bu xətti keçdilər”.

Bütün bunlardan belə məlum olur ki, Rusiyanın Donbass və Luqanskla bağlı verdiyi qərarın arxasında daha böyük məsələlər- Rusiyanın gələcək mövcudluğu məsələsi dayanır. Rusiyanı narahat edən məsələ təbii ki, orada yaşayan insanların təhlükəsizliyi məsələsi deyil,  Ukraynada getdikcə güclənən hərbi infrastruktur və NATO-nun Rusiyanın sərhədlərinə doğru irəliləməsidir. Bu hadisələri  vaxtında tənzimləməsə Rusiya gələcəkdə işğal etdiyi Krım və Sevastopulu da itirəcəyindən qorxur. Putin bunu öz çıxışında açıq şəkildə ifadə edərək “Rusiya müasir Ukrayna ərazisindən gələn daimi təhlükə ilə özünü təhlükəsiz hiss edə, inkişaf edə, mövcud ola bilməz!” deyə vurğulayır.

Beləliklə, Rusiya-Ukrayna müharibəsinin əsl səbəbi Rusiyanın Ukraynanı ABŞ və NATO-ya münasibətdə seçdiyi hədəf kimi görməsi və bu hədəfi istənilən vasitə ilə yox etməyə hazır olmasıdır.

Rusiya-Ukrayna müharibəsində Ukraynanın mövqeyi

Volodimir Zelenski Ukrayna Prezidentidir və siyasi mövqeyi ilə Qərb yönlü olduğu bəllidir. Buna onun əsaslı səbəbləri var. Ukrayna da Azərbaycan kimi Sovetlər Birliyində hüquqları məhdudlaşdırılan 15 dövlətdən biridir. O, Rusiya ilə münasibətdə hansı mövqeni tutmaq lazım olduğunu gözəl bilir. Bəs, Rusiya-Ukrayna münasibətlərini bu həddə gətirən səbəblər nədir?

31 may 1997-ci ildə Rusiya Prezidenti Boris Yeltsin və Ukrayna Prezidenti Leonid Kuçma Kiyevdə Rusiya və Ukrayna arasında “Dostluq, əməkdaşlıq və mütəffiqlik haqqında” müqavilə imzaladı. 2019-cu il aprelin 1-də bu saziş Ukrayna tərəfinin onu yeniləməkdən imtina etməsi səbəbindən ləğv edildi. Hər iki dövlət arasında münasibətlər 2014-cü ildə Viktor Yanukoviçin prezidentlikdən uzaqlaşdırılması ilə başladı. Elə həmin il Rusiya Ukraynadan öz səfirini geri çağırdı və Yanukoviçə sığınacaq verdi. 17 mart 2014-cü ildə Krımın Rusiya Federasiyasına birləşdirilməsi ilə əlaqədar Ukraynanın Rusiya Federasiyasındakı səfiri V.Yu.Yelçenko “məsləhətləşmələr üçün” Kiyevə geri çağırıldı və bir daha geri qayıtmadı. Həmin ilin aprelində Ukrayna Parlamenti Krım ərazisini müvəqqəti olaraq Ukraynanın işğal olunmuş ərazisi kimi tanıyan qanun qəbul etdi. 27 yanvar 2015-ci ildə Ukrayna Ali Radası Rusiyanın Krım və Donbassdakı hərəkətlərinin Ukraynaya qarşı təcavüz kimi qiymətləndirən qətnamə qəbul etdi və sentyabrda Ukraynanın təsdiqlənmiş yeni hərbi doktrinasında Rusiya Federasiyasını özünün hərbi rəqibi elan etdi.

Rusiya Federasiyası Prezidentinin 31 dekabr 2015-ci il tarixli 683 nömrəli Fərmanı ilə qəbul edilmiş “Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyası”nda 2014-cü ilin əvvəlində ABŞ və Avropa İttifaqının dəstəyi ilə Ukrayna cəmiyyətində dərin parçalanmaya və silahlı münaqişənin yaranmasına səbəb olan hakimiyyət dəyişikliyi “anti-konstitusion dövlət çevrilişi” kimi xarakterizə edilir. Sənəddə deyilir: “Ukrayna əhalisi arasında ifrat sağçı millətçi ideologiyanın güclənməsi, məqsədyönlü şəkildə Rusiya simasında düşmən obrazının formalaşdırılması, dövlətdaxili ziddiyyətlərin açıq şəkildə güc yolu ilə həlli, dərin sosial-iqtisadi böhran Ukraynanı Avropada və birbaşa Rusiya sərhədlərində uzunmüddətli qeyri-sabitlik yuvasına çevirir”.

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanan və 25 mart 2021-ci ildə dərc edilən “Ukraynanın Hərbi Təhlükəsizliyi Strategiyası”nda deyilir: “Rusiya Federasiyası milli səviyyədə Ukraynanın hərbi rəqibi olaraq qalır. Rusiyanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin ərazilərini, Donetsk və Luqansk vilayətlərindəki əraziləri müvəqqəti işğal etməsi, sistemli şəkildə hərbi, siyasi, iqtisadi, informasiya-psixoloji, kosmik, kiber və digər vasitələrdən istifadə etməsi Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzdür”.

İmzalanmış sənədə əsasən, Ukrayna üçün əsas təhlükələr Gürcüstan və Ukrayna ərazilərinin bir hissəsini “müvəqqəti olaraq işğal edən”, Krımı hərbiləşdirən, Qara və Azov dənizlərində sərbəst daşınmalara mane olan, Belarusu öz təsiri altında saxlamağa çalışan Rusiyadan gəlir. Rusiya Dnestryanı münaqişədən və postsovet məkanındakı digər dondurulmuş münaqişələrdən öz maraqları üçün istifadə edir, həmçinin qərb sərhədlərində və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində “hücum məqsədli  qoşun qruplaşmalarını yaradır, yeni raket silahları yerləşdirir və təlimlər keçir”.

Göründüyü kimi, V.Zelenskinin Rusiyaya qarşı mövqeyi bəzi siyasi şərhçilərin yalnış təhlillərinə əsaslanan Qərbin dəstəyinə arxalanması deyil, ölkə başçısı kimi Ukraynanın gələcəyinə və mövcudluğunun qorunmasına yönəlmiş bir addımdır və bu addımın günahkarı Ukrayna yox, başqa dövlətin ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradan Rusiyadır.

24 fevral 2022-Dünyanı məhvərindən çıxaran tarix

24 fevral 2022-ci il tarixi Rusiyanın Ukraynaya və ümumilikdə dünyaya savaş elan etdiyi gündür. V. Zelenskinin dediyi kimi, “Rusiyanın Ukraynanı işgal etməsi sadəcə bir işgal deyil, Avropaya, Avropa birliyinə və Avropadakı təməl insan haqqlarına qarşı elan etdiyi müharibənin başlanğıcıdır”.

Bu müharibə iki dövlətin müharibəsi deyil, bu müharibə dünyamızı prinsiplər və mənafələrə qurban verən hegemonların müharibəsidir. Bu müharibədə hədəf seçilən Ukrayna Rusiya və Qərb dünyasının maraqlarının toqquşduğu cəng meydanıdır.

Ukrayna bombalanır, Ukrayna raket zərbələrinə məruz qalır, Ukraynada günahsız insanlar məhv olur, Ukrayna torpağı qana boyanır. Ukrayna dirənir, Ukrayna döyüşür, Ukrayna mücadilə edir.......V.Zelenski ölkənin bu ağır günlərində xalqa gündəlik müraciətlərinin birində deyir: “Biz ölkəmizin azad olması üçün nə qədər lazımdırsa döyüşəcəyik. Əgər uşaqlar bombalar altında sığınacaqlarda dünyaya gəlirsə, bu o deməkdir ki, düşmənin qalib olmaq üçün heç bir şansı yoxdur”.

Bu savaşın qalibi olmayacaqdır. Bütün hallarda- işğalçı da, işğala məruz qalan da, kənardan bu müharibəni izləyənlər də, bu müharibəni dəstəkləyənlər də uduzur...Uduzan insanlıqdır, uduzan dünyamızdır, uduzan gələcəyimizdir!

Bəs hadisələrin gedişatı nəyi göstərir? Münaqişənin sülh yolu ilə həlli mümkündürmü?

Rusiya müharibəni başlayacağı təqdirdə Qərb və ABŞ-ın ona qarşı sanksiyalar tətbiq edəcəyini bilir və buna qarşılıq addımlar da planlaşdırmamış deyil. Maliyyə bazarında rublun dəyərdən düşməsi, iqtisadi sanksiyalaın tətbiqi də Rusiyanı qorxutmur. Bu müharibə bir neçə ildir hazırlanan planın bir hissəsidir və heç bir halda Rusiyanı geri addım atmağa məcbur edə bilməz. Ukraynada dövlət çevrilişinin həyata keçirilməsi və Rusiyanın maraqlarına xidmət edən namizədin hakimiyyətə gətirilməsi də Rusiyanın planları sırasındadır. Lakin bununla məsələ bitəcəkmi? Əlbəttə, xeyr! Bütün hallarda Ukrayna Prezidentinin hakimiyyətdən uzaqlaşdırılması məsələnin kökündən həlli yolu deyil. Qarşılıqlı danışıqların və müzakirələrin aparılması və daha az insan tələfatının verilməsi üçün müharibənin dayandırılması barədə ilkin razılaşmadan sonra Rusiya bu problemi daha yüksək müstəvidə- ABŞ-Rusiya Prezidentləri səviyyəsində və daha böyük kürsülərdə həll etmək məcburiyyətindədir.  Əks halda bu müharibə dünyamızda 3-cü dünya savaşının ilkin qığılcımlarını alovlandıra, ümumilikdə dünyamızın mövcudluğuna böyük təhlükə yarada bilər.

Dünya siyasətində yeni mərhələ başlanır, dünyanın bölüşdürülməsi və sərhədlərin müəyyənləşdirilməsində yeni maraqlar və tələblər meydana gəlir. Dünyanın bölüşdürülməsi maraqlarının toqquşması bizi nüvə müharibəsinin başlanması təhlükəsi ilə qarşı-qarşıya qoya və dünyamızı məhvə sürükləyə bilər. Bu səbəbdən müasir dünyamızda bütün münaqişələrin barış və diplomatik yolla həlli üçün mümkün olan bütün addımlar atılmalıdır!

Buradan sülh və təhlükəsizlik missiyasına xidmət edən beynəlxalq təşkilatlara səslənmək istəyirəm! Dövlətlərin ərazi bütövlükləri və insanların təhlükəsizliyinə xidmət edən sənədlərdə yazılanlar yalnız vərəq üzərində qalmamalıdır. Barış üçün real addımlar atmağın vaxtıdır.. Çalışaq gecikməyək...Bəşəriyyətin xilası üçün gecikməyək...İnsanlığın xilası üçün gec qalmayaq!!

 

 

Surə Seyid

Jurnalist

Baxış sayı: 1015
Paylaş: