deyən tanınmış müğənni, "Kor ərəbin mahnısı"nın ilk ifaçısı Məmmədəli Əliyevin doğum günüdür.
Ehtiramla xatırlayaq.
Erkən yaşlarında atasını itirir, anası Xədicə xanım hər gün 7 uşağı evdə tək qoyub işləmək məcburiyyətində qalır.
Məmmədəli Əliyev kiçik yaşlarından oxumağı sevərdi, bu səs ona səsiylə ün qazanmış toy xanəndəsi atası Dərviş Əliqulu kişidən keçmişdi.
Bir gün oxumağından məktəbdə də xəbər tutdular. Bir tədbir olan kimi gəlirdilər anasının üstünə ki, qoy, Məmmədəli oxusun. Müəllimləri anasına tapşırırdı ki, nəbadə oğlunu başqa sənətin dalınca düşməyə qoyasan.
"Ondan yaxşı xanəndə çıxar" - Bu sözü qonşuları məşhur tarzən Əhməd Bakıxanov da deyirdi.
Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da vardı. Şeirlərini "Sail" (dərdli avara) təxəllüsü ilə yazardı.Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazmışdı.
1940-1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirdi.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına işləməyə getdi.
Həmin illərdə Məmmədəlinin ürəyinə bir sevda da hakim kəsilmişdi. Xalası qızı Böyükxanıma vurulmuşdu. Amma sözləri bir-birinə xoş gəlmədiyindən bir yerdə yaşaya bilməyəcəklərini başa düşüb sevgililər ayrılırlar.
Məmmədəli Əliyev teatrda işləyərkən ikinci dəfə ailə qurur. Teatrda görüb sevdiyi Zəhraxanım da aktrisa idi. Bu evlilikdən 5 uşaqları olur.
Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur. "Xosrov və Şirin"də Ozanı, "Qatır Məmməd"də Aşığı, "Vaqif"də Xanəndəni, "Hind gözəli"ndə Arabaçını, "Şeyx Sənan"da Kor Ərəbi oynayır. Kor Ərəbin mahnısı bir səs-küy qoparır ki, gəl görəsən...
Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol, Məmmədəli, nə gözəl oxudun!
Bu rol üzərində M.Əliyev çox ciddi çalışmışdı. Tamaşanın müvəffəqiyyətlə hazırlanmasında görkəmli reyissor Adil İsgəndərovun ciddi əməyi vardı. Tamaşanın musiqisini bəstəkar Fikrət Əmirov yazmışdı. Bu mahnı hələ əsərin məşqləri zamanı tamaşanın müvəffəqiyyətli olacağından xəbər verirdi. Doğrudan da, "Şeyx Sənan" nəinki Bakıda, eləcə də Tbilisi və Yerevan qastrollarında böyük uğurlar qazanır.
Bir dəfə bu rolu oynayarkən Məmmədəlinin əlindəki ağac əlindən düşüb yox olur. Kor rolu oynadığı üçün aktyor gözünü açıb heç yeri axtara bilmir. Gözlərini bir nöqtəyə zilləyərək, əlini yerə sürtə-sürtə ətrafı nə qədər axtarırsa, ağacı tapa bilmir. Pərdə bağlanandan sonra da ağacı nə qədər axtarırsa, tapa bilmir. Nəhayət, ağacı səhnənin altında olan zirzəmidən tapıb gətirirlər. Demə, ağac səhnədəki bayraq sancmaq üçün nəzərdə tutulmuş kiçik dairəvi deşikdən aşağı düşübmüş.
Sonralar Rauf Kazımovski Kor Ərəbin mahnısını ayrıca kino lentinə çəkir, televiziya vasitəsi ilə göstərirlər. Fikrət Əmirov də bu lenti özü ilə Amerika səfərinə aparır.
Məmmədəli Əliyevin xatirəlırindən:
"Yaradıcılığımın iki parçası mənim həm təsəlli yerimdi, həm də ağrımdı. Biri "Hind gözəli"ndəki Arabaçının mahnısıdır. Hərçənd oxuduqlarımdan ən babatından söz düşəndə mən də, qeyriləri də Kor Ərəbin mahnısını xatırlayır, amma nəsə hiss eləyirəm ki, ürəyimdə o Arabaçının mahnısını daha artıq sevirəm. Çünki o mahnıda Yanğı, Kövrəklik, Hiss daha güclüdür. Elə bil Öz Ömrümdür!
Bacısı Töhfə Əliyevanın xatirələrindən:
-Anam hər səhər uşaqları yuxulu-yuxulu qoyub işə gedirdi. Uşaqlar da, ev-eşik də mənə baxırdı. Anam tapşırırdı ki, mən gələnə kimi uşaqları həyətə çıxmağa qoyma. Kim sözünə baxmasa, cəzasını ver. Məmmədəli heç vaxt dəcəllik eləmirdi. Məni hamıdan çox istəyirdi. İş-gücdə də dadıma çatırdı. Özü də qız kimi səliqəliydi, tökdüyünü yığışdıranıydı. Dükan-bazara da onu göndərirdim. İşimizi yerbəyer eləyəndən sonra başlayırdıq “Çilikağacı”, “Gizlənqaç”, “Qaçdı-tutdu” oynamağa”...
"Atamdakı səs Allah vergisiydi.
Avazıyla, dərvişliyiylə tanınardı. Çoxunun toyunu, xeyir işini o yola vermişdi. Adına Dərviş Əliqulu deyərdilər. Onun şirin səsi qardaşıma da keçmişdi. Məmmədəli balacalığından oxuyanıydı. Bir iş görən kimi zümzümə eləməyə başlayırdı. Özü də səsini atama oxşadırdı. Həmişə anam deyirdi ki, atan oxuyanda Məmmədəli oturub diqqətlə qulaq asırdı. Sən demə, atamın hərəkətlərini, necə oxuduğunu bala-bala yığışdırırmış. Mən də Məmmədəlidən “oğurlayırdım”. O oxuyan kimi bir yerə girib gizlənirdim. Dinməzcə qulaq asırdım. Fikirləşirdim, görəsən, mən də onun kimi oxuya bilərəm? Xəlvətə düşəndə onu yamsılayırdım. Görəndə ki alınır, sevindiyimdən atılıb-düşürdüm. O vaxtlar İsmayıl Rzayev-Ağabacı Rzayevanın atası bizə gəlib-gedirdi. O çalırdı, Məmmədəli də oxuyurdu. Mən də, bacım Leyla da qulaq asırdıq.
Məmmədəlinin söz düzüb-qoşmağı da vardı. Təxəllüsü “Sail”idi. Bu imzayla 300-ə qədər şeir yazmışdı.
O vaxt imza sirrini təkcə bacım Leylaya demişdi. Bir gün mən də öyrəndim. Soruşdum ki, ay Məmmədəli, niyə şeirlərini “Sail” adıyla yazırsan? Dedi, “Sail” “avara”, “dərdli” deməkdi. Elə mən də dərdin avarasıyam. Fikir eləyirdi, kasıbçılığımızı ürəyinə salırdı. Anamın əzab-əziyyətinə dözə bilmirdi. Yazıq arvad bizdən ötrü saçını da kəsib satmışdı..." - bunları da bacısı söyləmişdi.
Həyat yoldaşı Zöhrəxanım:
- Dava vaxtıydı, qızları da cəbhəyə çağırırdılar. Mənə də “poveska” gəlmişdi. Qardaşım döyüşdəydi, anam da xəstə. Özümsə tələbəydim. Bir dəfə təsadüfən qəzetdə oxudum ki, Milli Dram Teatrında teatr studiyası açılıb. Orda işləyənləri əsgərliyə çağırmırdılar. Getdim, yoxladılar. Etüd göstərdim, rəqs elədim, şeir dedim. Xoşlarına gəldi.
Amma Azərbaycanca yaxşı danışa bilmədiyimə görə bir az tərəddüd elədilər. Sonra dedilər, gözəlsən, teatrda saxlamaq olar. O gündən işləməyə başladım. Məmmədəlini də orda gördüm. Qaraqaş, qaragöz oğlanıydı.
Qonşular deyirdilər ki, sən dünyanın ən bəxtəvərisən, Allah sənə belə kişi qismət eləyib.
Həm də qısqancdı....
- Küçəylə gedirdik, hiss eləyirdi ki, mənə baxırlar. Az qalırdı, ürəyi partlasın. Deyirdi, istəyirəm, məndən başqa səni heç kəs görməsin. Mən də onu qısqanırdım. Yaraşıqlıydı axı. Qızların gözü ondaydı. Tez-tez evə zəng eləyib aramızı vurmaq istəyirdilər. Dəstəyi götürürdüm, başlayırdılar ki, heç bilirsən, ərin hardadır? Bu saat qəşəng bir qızla qol-boyundu. Mən də başlayırdım ağlamağa. Məmmədəli evə gələn kimi onu sorğu-suala tuturdum. Deyirdi, ay dəli, səni cırnadırlar. Könlümü alırdı, hər şeyi unudurdum.
...Məmmədəli Əliyev düz 22 iliydi ki, teatrda işləyirdi. “Xosrov və Şirin”də Özanı, “Qatır Məmməd”də Aşığı, “Vaqif”də xanəndəni, “Hind gözəli”ndə arabaçını, “Seyx Sənan”da Kor ərəbi oynamışdı. Kor ərəb bir səs-küy qoparmışdı ki! Özünün də ürəyindəniydi, lap tikanını çıxarmışdı. “Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol, Məmmədəli, nə gözəl oxudun!”.
Səhnədə can verməyi arzulayan Məmmədəli Əliyev kamına çatmır, ömrünün sonlarına yaxın teatrdan uzaqlaşır. O, səhnədən qocalıb getmir, yaş artandan, səsdən qalandan sonra musiqidən əl çəkmir.
Hələ səhnəyə çox çıxa bilərdi. Özü gedəndən bir az sonra lent yazıları gözdən, qulaqdan uzaq düşür. Amma könüllərdən iraq düşməyir.
Məmmədəli Əliyev səhnədən uzaqlaşandan sonra yenidən hərbi işə qayıdır. 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur. Müharibədə olduğu üçün hərbi işdən başı çıxırdı.
Amma onun soyuq hərblə “dostluğu” 17 il çəkdi. Ürəyi tıncıxırdı, nəsə çatışmırdı. Çatışmayan nəğməydi, musiqinin isti nəfəsiydi. Ürəyi soyuğa, şaxtaya tablaşmadı, susdu...
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.
Məmmədəli Əliyev müğənni Töhfə Əliyevanın qardaşı, İlqar Sailin atasıdır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü