Müasir çağımızda kripto valyuta, metaverse sistemi həyatın ayrılmaz hissəsinə çevrilməkdə və zaman keçdikcə özünə daha çox yer tapmaqdadır. Bəs kripto valyuta sistemi, metaverse sistemi nədir və gündəlik həyatımızda nədən bu qədər önəm daşımaqdadır? Kripto valyuta kəlimə anlamı ilə “kriptos’’ kəliməsindən gəlir, bu isə yunancadan tərcümədə “gizlənmiş”, “şifrəli” anlamını verir. Günümüzdə kripto valyuta sistemləri dijital valyuta sistemləri olaraq bilinir ki, bunlarin da ən məşhurlarından birisi “Bitcoin” valyuta sistemidir. Kripto valyuta sistemlərini ənənəvi valyuta sistemlərindən fərqləndirən əsas xüsusiyyət onun mərkəzləşdirilmiş bir sistemə aidiyyatının olmamasıdır. Bildiyimiz kimi, ənənəvi maliyyə sistemlərinin, valyuta sistemlərinin tabe olduğu özəl və dövlət qurumları mövcuddur ki, bunu da əsasən banklar təşkil edir. Bitcoin ve digər kripto valyuta sistemləri sadəcə bütün data və bilgilərin saxlanılıb qorunduğu zəncirvari sistemə sahibdir ki, bunun da adı “Blockchain” texnologiyası olaraq adlandırılmaqdadır. 2009-cu ildə Satoshi Nakamoto tərəfindən yaradılmış Bitcoin ilk mərkəzləşdirilməmiş kriptovalyutadır. O vaxtdan bəri bir çox fərqli kriptovalyutalar ortaya çıxdı. Bitcoindən başqa kriptovalyutalar ümumiyyətlə alternativ və sikkənin birləşməsindən ibarət altkoinlər adlanır. Ekspertlər yaxın illərdə kriptovalyutaların ümumi bazar dəyərinin 3-4 trilyon ABŞ dollarına çata biləcəyini proqnozlaşdırırlar. Kripto valyuta sistemlərindən bəhs edərkən, onun daha çox istifadə olunduğu metaverse aləminə də dəyinmək yerinə düşərdi. Metaverse aləmi, sahib olduğumuz aləmin və sahib olduğumuz həyat tərzinin sanal və dijital ortama transfer olunmuş versiyasıdır. Metaverse anlayışı ilk dəfə Neal Stephensonun 1992-ci ildə yazdığı “Qar qəzası” elmi fantastika romanında ortaya çıxdı. Metaverse konsepsiyası uydurma dünyanı xarakterizə edirdi. Əslində, metaverse konsepsiyası təqdim olunduğu ilk günlərdə həddindən artıq şişirdilmiş və spekulyativ gələcək perspektivi kimi tənqid edilmişdir. Konsept xüsusilə Facebook-un mövzu ilə maraqlanmağa başladığı zaman daha da ön plana çıxdı. Əslində böyük məlumat anbarına sahib olan Facebook milyonlarla insanın metadatasına malikdir. Bu, süni intellektə əsaslanan süni dünyanın insanların fərdi sərhədlərini təhdid edəcəyi ilə bağlı narahatlıq yaratdı. Metaverse virtual ictimai məkan yaratmağı vəd edir. Bu ictimai sferanın virtual valyutaları bu gün kriptovalyuta bazarında artıq alınıb-satılır. Bu baxımdan, konsepsiya internetin gələcəyi olaraq görülür. Metaverse adlanan bu süni kainata daxil olan ilk şəhər Seul şəhəridir. Metaverse və kripto valyuta sistemlərinin bu qədər geniş yayılması, gələcəkdə bu nəzəriyyənin bir çox dünya dövlətləri tərəfindən qəbul ediləcək olması təbii ki, bu sistemlərin qanunvericilik tərəflərinin də gündəmə gəlməsinə səbəb olmuşdur. Qanunvericilik tərəfində narahatlıq doğuran səbəblərdən ən başlıcası, kripto valyuta sistemlərinin ənənəvi valyutadan fərqli olaraq mərkəzləşdirilmiş sistemə tabe olmamasıdır. Yəni, kripto valyuta sistemləri ilə işləmlər zamanı nə dövlətlər nə də onların maliyyə qurumları olan Mərkəzi və özəl banklar söz haqqına sahib deyillər. Bu da onlar üzərində nəzarəti çətinləşdirən ünsurdur. Nəzarət baxımından qanunvericilikdə boşluqların olması isə bir çox qanunsuz halların başverməsinə səbəbiyyət verə bilər ki, bu qanunsuzluq hallarının ən başında isə “Qara bazar iqtisadiyyatı” dediyimiz hallar olan vergi qaçaqmalçılığı, konstutusiyada nəzərdə tutulmayan qanunsuz işlərdən gəlirlərin əldə edilməsi, vətəndaşların zərərə uğraması kimi hallar önəm kəsb edən məsələlərdir. Bu kimi hallar kripto valyuta sistemi ilə yanaşı, metaverse aləmi üçün də keçərlidir. Dünya praktikasına nəzər salsaq görərik ki, artıq dijital sistemi mənimsəyən bəzi ölkələr dijital sistemdən maksimum faydalanmaq və onun zərərlərini minimuma endirmək üçün müxtəlif çözüm yolları tapmış və bunun sayəsində də maksimum fayda və minumum zərər ilə dijital çağa sağlam addımlar atmışlardır. Örnək kimi dijital valyuta sisteminə yaxın zamanda keçid edən El- Salvador höküməti dijital valyuta hesablarını  dövlət nəzarəti altında tutaraq riskləri minimum səviyyədə tutmağı hədəfləmişdir. Metaverse aləmi və dijital valyuta sisteminin yayqın şəkildə istifadə edildiyi Yaponiya, Cənubi Koreya, Çin kimi Asiya nəhəngləri də hökümət səviyyəsində bu məsələlər ilə bağlı ciddi addımlar atan ölkələr sırasındadır. Qonşumuz və qardaş ölkəmiz olan Türkiyə Cumhuriyyətində də vətəndaşların bu sahələrə marağını bilən və onları gələcəkdə bu sahədəki investisiyalarda hər hansı risklərdən qorumağı qarşısına məqsəd qoyan Türkiyə höküməti bu sahələri perspektivli sahələr olaraq hökümət planına almağı və qarşıdakı illərdə bu sahələrin hüquqi bazasını yaratmaq üçün qanunvericiliyə bəzi dəyişikliklər etməyi planlamaqdadır. Bu barədə dövlət başçısı hörmətli Rəcəp Tayyip Erdoğan da yaxın tarixlərdə vermiş olduğu göstərişi mövcuddur. Düzgün istifadə edildiyi və risklərin yönləndirildiyi təqdirdə hər iki sahənin də gələcəyin perspektivli sahələri olacağına heç şüphə yoxdur. Kim bilir bəlkə də dünya 1944 Bretton Vuds valyuta sisteminin son dönəmlərini yaşayır və bəlkə də artıq bir neçə ilə alıştığımız valyuta və finans sistemlərinin yerini tamamilə Kripto valyuta sistemi onun bərabərində də əsas sahə olaraq Metaverse dünyası tutacaq?

Əli Bağırov 

 İqtisadçı / İstanbul Universiteti PhD

Baxış sayı: 1807
Paylaş: