Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın Əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbasın doğum günüdür. 
Təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!
 
 
Aqil Məhəmməd oğlu Abbasov 1 aprel 1953-cü ildə Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). 
 
 
Aqil Abbas əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. 
 
 
Aqil Abbas 8 kitab müəllifidir
Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Yazıçının "Dolu" romanı əsasında ekranlaşdırılan "Dolu" filmi son illər Qarabağ müharibəsi mövzusunda çəkilən ən yaxşı filmlərdən biridir.
 
 
2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci çağırışı ilə deputat seçilmişdir.
 
 
Aqil Abbas Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın Əməkdar jurnalistidir.
O, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" (1993), "Məmməd Araz" adına ədəbi mükafatı (1994), "Dan ulduzu" (1993), "Yaddaş", "Zeynalabdin Tağıyev" mükafatlarına layiq görülmüşdür. 
01.04.2013-cü il tarixində  "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 
 
Aqil müəllimi bir daha təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 
 
Nuranə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 898
Paylaş: