Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti MUXTAR MANİYEVin doğum günüdür.
Hörmətlə xatırlayaq.
 
 
Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz xidmətlər göstərmişdir. 
Onun rolları milli xarakterlidir, əsl azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. 
 
Xalq artisti Muxtar Maniyev bir ömür boyu 157 filmə çəkilib. 
Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. Sonrakı illərdə bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim"... filmlərində Muxtar Maniyev çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
 
 
"Bəxt üzüyü"ndəki Zırpı rolunu xatırlayırsınızmı? Yaxud, "Ölsəm...bağışla" filmindəki Seyidrza rolunu gözləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini gördü. 
Amma "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. 
"Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilmişdir.
 
 
QISA ARAYIŞ:
Muxtar Maniyev 4 aprel 1935-ci ildə Bakıda doğulub. Atası Qala kəndindən, anası İçərişəhərlidir. Atası ilə anası xalaoğlu, xalaqızı olublar. Ailədə 8 uşaq olublar, altı qardaş, iki bacı. 
İlk təhsilini 199 saylı məktəbdə alıb. 
 
 
Uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib...
 
O, sənətini çox sevib, rolun böyük-kiçikliyinə baxmayıb. Amma xasiyyətcə ötkəm adam olub. Bəzən belə olub ki, onu filmə təsdiq ediblər, amma səhəri gün çəkmək istəməyiblər. Və ya baş rola təsdiq edib, ikinci dərəcəli rola çəkiblər.
Aktyor özü haqqında bunları söyləyib: "Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm".
Deyilənə görə çox kinsiz və kövrək adam olub. Yanında bir adam ağlayanda onun da gözləri dolurmuş.
 
Həyat yoldaşı Nəsibə xanımla kinostudiyanın nəzdində açılmış aktyor kurslarında tanış olublar. Həmin kurslara Adil İsgəndərov rəhbərlik edirdi. Nəsibə xanım isə burada aktyorluqdan təhsil alır. Muxtar Maniyev orada tələbələrə dərs deyən zaman onu görüb bəyənir və onlar ailə qururlar.
Bu evlilikdən onların üç oğul övladı olub. Aktyor oğlanlarını çox sevirdi və onlara qarşı çox diqqətli olub. Həftədə bir dəfə o, ailəsini Fəvvarələr meydanındakı "Nərgiz" kafesinə apararaq deyirmiş ki, uşaqlar çəngəl-bıçaqla rəftar etməyi öyrənsinlər, süfrə mədəniyyətinə bələd olsunlar.
 
 
Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub. Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşmiş, səhər saatlarında dünyasını dəyişib. 
Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılmışdır.
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1051
Paylaş: