Son əsərini xəstəxanada divara yazan Asəf Zeynallı: "Bu mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın” - demişdi.
Çox təəssüf ki,onun son vəsiyyəti  yerinə yetirilmir. Səbəbi isə bu günə kimi müəmma olaraq qalır...
Bəzi mənbələrdə bu əsərin “Bakı” simfoniyası" olduğu bildirilir...
 
 
Bu gün Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edən, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar ASƏF ZEYNALLININ doğum günüdür.
Ehtiramla xatırlayaq.
 
Onu 23 yaşlı dahi də adlandırırlar. 
Cəmi 23 il yaşayan Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. 
 
Asəf Zeynallı “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub. 
Böyük bəstəkarımız Üzeyir bəy Hacıbəyli Asəf Zeynallı yaradıcılığını həmişə yüksək qiymətləndirib, onu "yeni musiqi üslubuna malik bəstəkar adlandırıb", bu istedadlı gəncin müəllimi olmasıyla fəxr edib. Tələbəsinin ölümündən sonra onun yaradıcılığı haqqında dahi bəstəkar bunları da deyib: “Asəfin əsərlərinə nəzər saldıqda aydın olur ki, olduqca böyük, orijinal, dərin düşüncəli bəstəkar ola bilərdi”.
 
 
Dəyərlər:
Böyük bəstəkarımız Üzeyir Hacıbəyov: "Mənə türk qadınlarının kişilərlə birlikdə təhsil alması məsələsini bütün məktəblər içərisində birinci olaraq həll edən Türk Musiqi Məktəbini idarə etmək şərəfi nail olub. Məktəbin ilk şagirdlərindən biri mərhum Azəf Zeynallı idi. O, dərs ilinin ilk günlərindən özünü fəal şagird, musiqi təhsili almağa böyük həvəs göstərən bir gənc olduğunu göstərir. Bir il sonra məktəbdə təşkil olunan konsertlərdə truba ilə çıxış edir. İstedadlı şagirdlərə xüsusi fikir verən müdiriyyət Asəfə violençel sinfinə keçməyi məsləhət görür(!). Bu sinifdə Asəfin rəhbəri məşhur violençel müəllimi, professor Oborokov idi. Asəf violençel çalmaqda böyük müvəffəqiyyət qazanır, şagird orkestrində iştirak edir, konsertlərdə solo ilə çıxış edir. O, violençel sinfində oxumaqla bərabər, fortepiano çalmağı da öyrənir və çox qabiliyyətli bir şagird kimi xüsusi fortepiano sinfinə keçirilir, burada Türk Musiqi Texnikumunun ən yaxşı müəllimlərindən biri olan N.V. Jenetskayanın rəhbərliyi ilə ikinci bir ixtisas öyrənir. Asəfin nəzəri məşğələlərinə (elementar nəzəriyyə və 1-2- ci harmoniya) mən rəhbərlik edirdim. Eyni zamanda öz şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə və iki musiqi sistemi (ərəb-fars və Avropa) arasındakı fərqlərə yönəldirdim”. 
 
Azərbaycan SSR Xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq  Quliyev: "O mənim ilk müəllimim olub. Bəstəkar kimi yetişməyində məhz ona borcluyam. Çox heyranedici adam idi: ucaboy və gözəl, xeyirxah və qayğıkeş, dərrakəli və şagirdlərinin hər birinə qarşı ayrı-ayrılıqda həddən ziyadə diqqətli idi. Öz dərslərini olduqca maraqlı və cəlbedici aparırdı.  Mən, məsələn, təəssüf ki, məşğələlərə müntəzəm gəlməkdə seçilmirdim, lakin Asəf Zeynallının bir dərsini belə buraxmırdım. Onun bir insan, bir müəllim kimi cazibə qüvvəsi olduqca güclü idi”. 
 
SSRİ Xalq artisti, bəstəkar, professor Arif Məlikov: "Asəf Zeynallının yaratdığı bütün əsərlər Azərbaycan klassik musiqi irsimizin ən dəyərli bədii inciləridir”.
 
 
Cəfər Zeynallı: "Bizim Asəfin xoşbəxtliyi onda idi ki, o, Üzeyir bəyə rast gəlmişdi. Böyük bəstəkarımızın adı onun dilinin əzbəri idi. Asəf həmişə deyərdi: "Üzeyir bəy bizim mənəvi atamızdır... Asəf qəribə adam idi... Bir dəfə onunla gəzməyə çıxmışdım. Təzə Pir məscidinin yanından keçirdik. Azan verirdilər. O, ayaq saxladı. Xeyli fikrə getdi. Sonra cibindən dəftərini çıxardıb nə isə qeyd elədi. Soruşdum ki, ay Asəf, o nədir yazdın? Dedi, "Qardaş, bir vaxt lazım olar”. Hər ikimz gülüşdük, yolumuza davam etdik".
 
Məşhur tarzən Əhməd Bakıxanov: "Üzeyir bəy onu bir tələbəsi kimi deyil, öz yaxın adamı kimi sevib. Elə Müslüm Maqomayev də ona o cür münasibət göstərib. Dövrümüzün ən tanınmış musiqiçiləri ona müraciət edir, onun köməkliyindən yararlanırdılar. Bülbül özü də bunu etiraf edib və xatirəsində yazıb... 
Asəf 5 il də yaşasaydı, Azərbaycan musiqisinə daha çox incilər bəxş edəcəkdi. Kim bilir, bəlkə də yaşasaydı, o da repressiyanın qurbanı olacaqdı. Axı, o, tarın lüzumsuzluğu barədə iddia edənlərə qarşı sərt çıxışlar etmişdi”. 
 
 
Haşiyə:
Muğamlarımız, musiqi alətlərimiz, ələlxüsus da tar amansız hücumlara məruz qalırdı. Belə bir vaxtda Asəf Zeynallı tarın müdafiəsinə  qalxan ilklərdən biri olur və "Tarın müdafiəsinə” adlı kəskin məqalə ilə  çıxış edir. Bu qədər gənc birinin hər şeyi gözə alaraq Xalq Maarif Komissarına qarşı çıxması çoxlarını heyrətləndirir.  O, çıxışında Xalq Komissarını səriştəsiz adlandırır, onun muğamata olan münasibətinə "xüsusi məhəbbət” deyə rişxənd edir. 
 
Asəf Zeynallı: "Tar özlüyündə və öz konstruksiyası baxımından yeganə alətdir ki, xalq yaradıcılığını və muğamatın mahiyyətini düzgün və dəqiq çatdıra bilir.  Xalqın özünün muğamatı var. O, bununla yaşayır. Xalqın tarı var ki, onun mənəvi dilini əvəz edir. Biz bunları inkar edə bilmədiyimiz kimi təbiətən xalqın özünə məxsus olanı ləğv etməyə də bizim heç bir haqqımız yoxdur...
Xalq komissarı özü şahiddir ki, konservatoriyanın not tarı sinfinin tələbələri öz uğurlarını necə nümayiş etdirdilər: klassik menueti, arristaları və digər Avropa janrlarını tarda heç də skripkadan pis çalmadılar... Orkestrin iştirakçısı kimi tarı biz hələ keçmiş türk Musiqi Texnikumu tərəfindən tamaşaya qoyulan "Arşın mal alan” dan bilirik... Axı tar haqqında təkcə bir sazəndənin timsalında mühakimə yürütmək olmaz. Axı belələri həm də skripkaçılar arasında var ki, restoranları doldururlar... Beləliklə, Xalq Maarif Komissarının türk mühitində Avropa musiqisinin populyarlaşdırılma haqqındakı xoş məramına tarın mövcudluğu heç bir tərəfdən mane olmur, əksinə, yuxarıda dediyimiz kimi, hətta bəzi kömək də göstərə bilər. Əgər bundan sonra da Xalq Maarif Komissarı tara münasibətdə öz baxışlarını təkidlə həyata keçirsə, onda arzuolunmaz nəticələr ala bilər. 
Biz Avropa musiqisinin Azərbaycanı "işğalının” əleyhinəyik. Əgər hətta biz Avropanın təsiri altına düşsək də, buradan belə çıxmır ki, biz avropalı oluruq. Biz türk olaraq qalırıq, lakin Avropa frakı geyirik. Tarın rolu və əhəmiyyətinə daha ağılla baxmaq lazımdır. Əgər biz köhnələri etinasız sındırsaq, onda yeninin qurulması çox çətin əmək bahasına başa gələr”... 
 
Qısa arayış:
Asəf Zeynall 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. Elə burada da kiçik yaşlarında nəfəs alətləri üzrə təhsil alır. Bir müddət sonra ailəsi ilə Bakıya köçən Asəf Zeynallı təhsilini musiqi məktəbində davam etdirir.
Məşhur bəstəkar Mstislav Rastropoviçin atasından violençel dərsi alan A.Zeynallı  1923-1926-cı illərdə Bakı musiqi texnikumunda təhsil alır. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirir və ilk peşəkar bəstəkar adını alır.
Konservatoriyada oxuyarkən A.Zeynallı Üzeyir Hacıbəylinin dərslərini böyük səbirsizliklə gözləyirdi. Onun  yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf Zeynallı  sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. 
 
Gənc bəstəkar Konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. 
Asəf Zeynallı təhsil almaqla yanaşı, Türk İşçi Teatrında və Konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyib. O, bəstəkar yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə də  məşğul olub. Bəstəkar, ifaçı, musiqişünas və müəllim kadrlarının hazırlanmasında müstəsna xidmət göstərib. Pedaqoji fəaliyyəti az davam etsə də, onun müəllimliyi musiqi incəsənətimiz üçün faydalı və səmərəli olub.  Azərbaycan mədəniyyətinin görkəmli simaları Qara Qarayev, Cövdət Hacıyev, Səid Rüstəmov, Zakir Bağırov, Tofiq Quliyev, Əminə Dilbazi və neçə-neçə adı mədəniyyətimizə qızıl hərflərlə yazılan şəxslərin müəllimi olub. Bu görkəmli simalar həyatları boyu müəllimləri Asəf Zeynallını dərin hörmət və ehtiramla xatırlamış, bir müəllim, şəxsiyyət və bəstəkar kimi onun barəsində həmişə yüksək fikir söyləmişlər. 
Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib.
 
 
İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub.  Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.
Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları bu gün də sevilir. O, “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.
İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan  musiqisində ilk simfonik əsərdir.
 Asəf Zeynallı 1929-1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan musiqiçiləri birliyinin sədri vəzifəsində çalışıb.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib.
Asəf Zeynallı 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır.
 
Xəstəxanada ikən ölümün yaxınlaşdığını hiss edən Asəf Zeynallı qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. O qardaşına  deyir:
Bu mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın”...
 
Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də, istedadının çiçəkləndiyi bir vaxtda, ömrünün 23-cü baharında dünyasınl dəyişir. Lakin onun son vəsiyyəti çox təəssüf ki, yerinə yetirilmir. Səbəbi isə bu günə kimi müəmma olaraq qalır. Bəzi mənbələrdə bu əsərin “Bakı” simfoniyası" olduğu bildirilir...
 
Xalqımız istedadlı bəstəkarını heç vaxt unutmur. Onun təhsil aldığı musiqi texnikumu - indi Azərbaycan Milli Konservatoriyanın nəzdindəki Bakı Musiqi Kolleci ölməz bəstəkarın adını daşıyır.  Paytaxtın küçələrindən biri də bəstəkarın adını daşıyır.
Cəmi 23 il yaşamış bəstəkarın ürəyində həyata keçirə bilmədiyi neçə-neçə yaradıcılıq niyyətləri yarımçıq qaldı. 
 
...Deyirlər, insan iki ömür yaşayır - sağlığında və öləndən sonra. O, xalqının sənətkar oğlu kimi yaşadı. Elə yaşadı ki, öləndən sonra da ölmədi. Gözəl insani keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə gətirən musiqisi ilə qəlblərə ömürlük həkk olundu. 
Həmişə, hər an öyrənilməyə, nümunə göstərilməyə layiq irs qoyub getdi...
 
 
Nurlanə Əliyeva, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1258
Paylaş: