Uşaqlıqdan çox sevdiyim və ifalarını böyük məhəbbətlə izlədiyim Terane xanım Velizade ve Eyvaz Hesenov!
 
Təranə xanım, bir-birinizə o qədər yaraşırdınız ki... Təkrarsız, ürəyatımlı səsi olan Eyvaz Həsənovun yanında zərif, incə, tər bir gülə, şirin gəlinciyə bənzəyirdiniz...
Əlbəttə, taleyimizi özümüz yazmırıq.
Bəzən insan olanların qarşısında aciz qalır. 
 
 
Eyvaz müəllimin birdən-birə "səhnəni tərk etməsi" sizin kimi bizlərə də çox ağır gəldi. Çox cavan idi, hələ yaşayacağı günləri, ayları, illəri, arzuları... qarşıdaydı. Amma, amma... 
Qəfil bir qəzanın qurbanı oldu. 
Hamı Sizə bir sevgi timsalı kimi baxırdı. Buna o qədər öyrəşmişdik, yəni gözəl bir cütlük kimi o qədər qəbul olunmuşdunuz ki, sonralar tamaşaçı tərəfindən Sizin tək çıxışınız heç cür qəbul olunmurdu. 
Çox heyf, Eyvaz müəlim sıralarımızdan tez getdi.
Allah rehmet elesin! 
Məkanı cənnət olsun!
 
 
Deyirlər ki...
Azərbaycanda çox sevilən  duet ifaçıları Eyvaz Həsənov və Təranə Vəlizadənin konsertləri hər zaman böyük anşlaqla keçib. Konsertlərə bilet tapılmayıb. Bu konsertlərdə bəzən insanlar konsert salonlarına, klublara yerləşməyib, bayırdan konserti izləməyə çalışırmışlar.  
 
Təranə Vəlizadə ilə Eyvaz Həsənov Asəf Zeynallı adına musiqi kollecində tanış olublar. Təranə xanım kollecin gündüz şöbəsində, Eyvaz Həsənov isə axşam şöbəsində təhsil alırdı. Lakin bəzən onlar dərsləri bir yerdə keçir, mahnıları oxuyub, bir-birilərindən öyrənirdilər. Belə günlərin birində onların isti münasibəti yaranır.
Eyvaz Həsənov həm də romantik şeirlərin müəllifi idi. O, Təranə xanımla tanışlığının ilk günlərində ona da bir neçə şeir həsr etmişdi. Günlərin birində Təranə xanım imtahana getmək üçün evdən çıxıb trolleybusa əyləşir. Həmin vaxt Eyvaz Həsənov əlində tutduğu balaca şeir dəftərçəsini Təranə xanıma verir, həmin şeirləri oxumasını istədiyini deyir və ondan uzaqlaşır. Dəftərçənin ilk vərəqində “Həyatımdakı ən əziz insana ithaf edirəm” sözləri yazılmışdı.Həmin vaxtdan onların sevgi münasibəti başlayır. 
On səkkiz yaşlı Təranə ilk gündən Eyvazı sevir, ona həm də yaxın dost, müəllim kimi baxır. Bir müddət sonra Eyvaz Həsənov sevdiyi qız üçün elçilərini yollayır. Həmin ərəfədə Təranəyə bir neçə yerdən adlı-sanlı adamlar elçi düşdüyü üçün atası Eyvazın adamlarına “hə” cavabı vermir. Ancaq qızının sevgisinin güclü olduğunu görəndən  sonra razılaşmaqdan başqa çarəsi qalmır.
 
 
Onlar noyabr ayında ailə qururlar. Dostlarının, yaxınlarının sözlərinə görə, cütlüyün sevgi macərası o dövr üçün görünməmiş hadisə idi. İnsanlar onlara dövrün Leyli və Məcnunu kimi baxır, o cür qəbul edirdilər. Onlar bir-birini o qədər gözəl tanıyırdılar ki, bəzən demək istədiklərini bir baxışla anlayırdılar.
Günlərin birində səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblın nağaraçalanı Ənvərlə birlikdə Eyvaz Həsənov maşınına minib Gürcüstana yola düşürlər. Maşını əvvəlcə Eyvaz müəllim özü sürür. Sonra Ənvər sürməyə başlayır. Ənvər çox yorğun olduğundan qəza törədir, qarşıdan gələn yük maşını ilə toqquşurlar. Qəza vaxtı Eyvaz Həsənov dünyasını dəyişir...
Bu hadisədən sonra Təranə xanım dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər.
Uzun müddət kardeologiya şöbəsində xəstə yatır. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyirlər.
Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir.
 
 
Həyat yoldaşından sonra o, ikinci dəfə ailə həyatı qurmadı. Eyni zamanda, sənətlə də əvvəlki şövqlə məşğul ola bilmədi. O, Eyvaz Həsənovdan uzun müddət sonra konsertlərə və toylara getməsini isə yalnız dolanışıqla əlaqələndirir, bu məcburiyyət olmasa, heç oxumazdım deyir.
 
Cütlüyün Xəyalə adlı bir qız övladları var.
 
Terane xanim, bu gün Siz varsınız! Bu gün siz  sanki iki ömür yaşayırsınız: həm öz ömrünüzü, həm də Eyvaz Həsənov ömrünü. Tamaşaçı Sizin simanızda Eyvaz Həsənovun da sağlıqlı olduğunu düşünür Nə qədər ki, Təranə Vəlizadə var, Eyvaz Həsənov adı da yaşayacaq! 
Uca Tanrı  Sizi və Eyvaz Həsənovun yadigarı olan gözəl övladınızı qorusun!
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 934
Paylaş: