“Nə qədər yaşamağı müəyyən etmək əlimizdə deyil, bu ömür payını necə yaşamaq isə bizdən asılıdır...” ,- deyən Azərbaycanın Əməkdar jurnalisti, 20 Noyabr şəhidlərindən biri, Vətənini və xalqını böyük bir məhəbbətlə sevən, uzun illər respublika mətbuatında çalışmış OSMAN MİRZƏYEVin  doğum günüdür...
Dönə-dönə xatırlayaq. 
Ruhu şad olsun.
 
 
 
Deyirlər ki, Osman Mirzəyev ilk uşaqlıq illərində təyyarəçi olmaq, göylərə uçmaq, uca ənginliklərə baş vurmaq arzusu ilə yaşayırdı. Bu istəyini Ulu Tanrıdan müqəddəs bir dilək kimi hamıdan gizli saxlayırdı. 
Və bu gün biz onu daha çox göylərdə axtarırıq...
 
 
O, nəhs ildə, nəhs gündə dünyaya gəlmişdi — çox sevdiyi Müşfiqi, Cavidi, Əhməd Cavadı...  amansız ölümün qoynuna atan 1937-ci ildə, aprelin 13-də. Ancaq özünü və başqalarını da inandırmağa çalışırdı ki, nə 13, nə də 37 onun üçün nəhs deyil. Zarafatla deyirdi ki, 13 də, 37 də bütün nəhsliklərini onun dünyaya gəldiyi günə kimi eləyib qurtarmışlar və daha nəhslik «taqətləri» qalmayıb. Və daim həyata nikbinliklə baxar, ətrafındakılara da nikbinlik aşılamağa çalışardı. Ancaq həyat ona nikbinliklə yanaşmadı…
 
Qısa arayış:
Osman Mirzəhüseyn oğlu Mirzəyev 1937-ci il aprelin 13-də Bakının Keşlə qəsəbəsində anadan olmuşdur. Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçmüşdür. Orta təhsilini ilk Qırmızı Əmək Bayrağı ordenli 190 saylı məktəbdə alan Osman Mirzəyev, 1956-cı ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Hələ tələbə ikən o, həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayır. Məhz bu qəzet jurnalist-Mirzəyevin dünyagörüşünün formalaşmasında, yaradıcılıq inkişafının yüksəlməsində mühüm rol oynamışdır.
ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra o, "Molodyoj Azerbaydjana" qəzetində 7 il müddətində əmək fəaliyyətini davam etdirir. Gənclərin mətbu orqanında sıravi tərcüməçi kimi işə başlayan Osman Mirzəyev sonralar bu qəzetin məsul katibi vəzifəsinədək yüksəlmişdir. Qəzetin onun həyatındakı rolunu jurnalistin özü belə qiymətləndirir: "Molodyojka"ya xüsusi rəğbətim var, çünki bu, mənim jurnalistikada ilk illərim idi və onlar ilk məhəbbət kimi mənə əzizdir. "Molodyojka" cəsarəti, qeyri-ənənəvi təfəkkürü, yeni dünyagörüşü ilə daim seçilb". Uzun illərdən sonra, artıq Azərbaycan SSR-in əməkdar jurnalisti olan Osman Mirzəyev yazırdı: "Molodyojka", həm də jurnalist kadrları üçün bir məktəbdir".
 
 
1968–1990-cı illərdə "Vışka"da çalışan Osman Mirzəyev qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri vəzifəsindən məsul katib vəzifəsinədək böyük yaradıcılıq yolu keçmişdir. Daha sonra, 1978-ci ildə isə o, redaktor müavini vəzifəsinə təyin olunur. İşlədiyi illər ərzində rəhbərlik etdiyi şöbələr partiya həyatının , elm, təhsil və mədəniyyət sahələrinin aktual problemlərinə həsr olunmuş mühüm məsələləri işıqlandırmışdır. Osman Mirzəyevin təşəbbüsü ilə "Vışka" qəzetinin nəzdində yaradılan fəhlə-müxbirlər məktəbi bir neçə il ərzində fəaliyyət göstərmişdir. O, həmçinin gənc əməkdaşların peşə təhsilinə də xüsusi diqqət yetirirdi. Bu işdə də onun təşkilatçılıq, jurnalist və publisistlik bacarıqları özünü qabarıq şəkildə büruzə verirdi. Qəzetin redaktor müavini kimi, o, redaksiya kollektivini bir sıra materialların üslubunda olan çatışmazlıqların aradan qaldırılmasına səfərbər edirdi. Gənc jurnalistlərə geniş imkanlar yaradılması üçün əlindən gələni əsirgəmirdi.
 
Osman Mirzəyev mövcud həqiqətləri jurnalist şərəf və ləyaqəti ilə olduğu kimi qələmə alırdı. İctimai həyatın bir çox sahələrində hökm sürən çatışmazlıqları çəkinmədən öz məqalələrində əks etdirirdi. Təbii ki, bu da yüksəkrütbəli şəxslərin narazılığına səbəb olurdu. İş yoldaşlarının xatırladığı kimi, bir dəfə onun "Vışka" qəzetində dərc olunan baş məqaləsindən sonra bir neçə partiya məmuru redaksiyaya gələrək, "kiminsə adından" öz narazılıqlarını bildirmişdilər. O zaman O.Mirzəyev onları sakitcə dinləyərək, özünü günahkar hesab etmədiyini və bundan sonra da amalına sadiq qalacağını bildirmişdi.
 
Osman Mirzəyev “Oryol v polete”, “Kaplya i ozero”, “Adlarımız”, “ Odin raz jivyem” kitablarının müəllifidir.
O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan Dövlət Televiziyasında (Az.TV) bədii-publisistik, ictimai-siyasi “Dalğa” televiziya verilişinin yaradıcısı və aparıcılarından idi.  
Bu, Azərbaycanın televiziya məkanında ölkənin siyasi, ictimai, sosial, həmçinin mədəni həyatını əks etdirən ilk ictimai-siyasi verilişlərdən idi. Həftənin cümə günləri axşam saatlarında efirə çıxan "Dalğa" verilişi qısa müddət ərzində ölkənin Azərbaycan, eləcə də rusdilli əhalisi arasında böyük rəğbət qazandı. O dövrdə Azərbaycan Dövlət Televiziyasının sədri işləyən Elşad Quliyev verilişin populyarlıq qazanmasında O.Mirzəyevin rolunu belə qiymətləndirmişdi: "Onun verilişə aparıcı kimi seçilməsi təsadüfi hal deyildir. Mən Osman Mirzəyevi istedadlı bir jurnalist kimi daim dəyərləndirmişəm və buna görə də efir vasitəsilə onunla ünsiyyət böyük marağa səbəb oldu. Əvvəla, o, rus və Azərbaycan dillərində sərbəst danışa bilirdi. İkincisi, hökumətin mərkəzi orqanı — "Vışka"da çalışan peşəkar bir jurnalist idi. "Dalğa" verilişinin Osman Mirzəyev tərəfindən hazırlanan buraxılışları öz peşəkarlığı ilə həmişə seçilib. Bu verilişlərdə o, ictimai-siyasi məsələləri işıqlandırmaqla yanaşı, qeyri-adi təbiət hadisələri, Azərbaycanın görkəmli siyasi və mədəni xadimləri barədə süjetlər də hazırlayırdı".
 
Osman Mirzəyev Azərbaycanın ictimai-siyasi həyatında jurnalist, pedaqoq və publisist kimi fəal iştirak etməklə yanaşı, həm də 1991-ci ilin parlament seçkilərində iştirak etmişdi. Seçki kampaniyası zamanı o, Keşlə qəsəbəsinin sakinləri ilə şəxsən görüşərək, onları narahat edən problemlərlə maraqlanırdı. Ölkəsinin dinc demokratik yolla inkişafının tərəfdarı olan O.Mirzəyev xalqına həm də deputat kimi (Keşlə qəsəbəsindən) kömək etmək arzusunda idi.
 
1990-cı ilin sentyabrında Osman Mirzəyevı Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunur. Böyük məsuliyyət tələb edən bu işə çox vaxt sərf etdiyindən, jurnalist fəaliyyəti ilə, yaradıcı işlə məşğul ola bilməməsi onu narahat edirdi. Axı, Osman Mirzəyevin qəlbində hələ xalqa deyilməmiş çox şeylər var idi. 
1990-cı ilin avqustundan Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri işləyib. Azərbaycan Prezidentinin mətbuat katibi vəzifəsinə təyinatı onun tələbələrinin də böyük sevincinə səbəb oldu: "Eşidəndə ki, prezidentin "komanda"sında mətbuatla əlaqələr şöbəsinə bizim müəllim rəhbərlik edir, çox sevindik. Həm ona, həm də özümüzə görə. Ona görə ki, respublika rəhbərliyi ilə, peşəkarlığı ondan öyrənmiş jurnalistlər arasında "rabitəçi" ancaq bu adam ola bilərdi".
 
O.Mirzəyevin jurnalist qələmi neçə-neçə repressiya qurbanlarının adını təmizə çıxarıb, vətən yanğısı, milli cəfakeşlik hissləri aşılayıb. Azərbaycan Demokratik Respublikasının adının yasaq olduğu sovet illərində cəsarətli jurnalist Kommunist Partiyasının qəzeti səhifələrində Şərqdə ilk demokratik cümhuriyyətin dövlət xadimlərini xalqa tanıdan misilsiz araşdırma məqalələri ilə çıxış edib.
 
 
Vətənpərvər jurnalist 1988-1989-cu ililərdə Moskvanın Dağlıq Qarabağ siyasəti və Xüsusi İdarə Üsulunu tənqid edərək, erməni separatçıları və onların havadarlarının məkrli əməlləri barədə xəbərdarlıq edib.
Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Azərbaycanın yüksək rütbəli dövlət xadimlərini Qarabağa aparan vertolyotun göyərtəsində, Xocavənd rayonunun Qarakənd yaxınlığnda erməni qəsbkarları tərəfindən qətlə yetirilib.
Osman Mirzəyevin ölümündən bir neçə ay əvvəl çap etdirdyi “Bir dəfə yaşayırıq” kitabında belə sətirlər var: “Nə qədər yaşamağı müəyyən etmək əlimizdə deyil, bu ömür payını necə yaşamaq isə bizdən asılıdır...”
 
 
Publisistin məhsuldar yaradıcı fəaliyyəti təbii ki, diqqətdən kənarda qala bilməzdi. 
Osman Mirzəyev Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı ilə təltif edilmiş, 1988-ci ildə isə mətbuat sahəsində göstərdiyi xidmətlərə görə "Azərbaycan SSR-in Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.
Səbail rayonunda yerləşən 190 nömrəli məktəb Osman Mirzəyevin adını daşıyır.
 
Hidayət Elvüsal - jurnalist:
Fərqli, istedadlı, ziyalı, üsyankar, cəsarətli qələm sahibi Osman müəllim.
Heç vaxt unutmadığımız insan!
Yaraşıqlı görkəmi, ağıllı layihələri ilə yadda qalan müəllim! 
Gülüşü belə bir məna daşıyan Osman müəllim!
 
"Qismətimizə düşən ömür payını müəyyən etmək bizdən asılı deyil. Bu ömür payını şərəflə yaşamaq isə əlimizdədir" - dedi Qsman  Mirzəyev. Dedi və şərəflə də yaşadı...
Azərbaycanın Əməkdar jurnalisti, cəsarətli qələm sahibi, gənc jurnalistlərin dostu, dəyərli insan, Vətənini və xalqını böyük bir məhəbbətlə sevən, özünəməxsus danışığı, gülüşü olan   Osman Mirzəyev 1991-ci il noyabrın 20-də bizi tərk etdi. 
Osman Mirzəyev və bütün 20 Noyabr şəhidləri bu Vətən yolunda, Qarabağ uğrunda qurban getdilər. Xalqımız onları daim ehtiramla yad edir və heç vaxt unutmayacaq.
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 1015
Paylaş: