Bu gün Azərbaycanın böyük oğlu NƏRİMAN NƏRİMANOVun doğum günüdür. 
Ehtiramla xatırlayaq.
 
Azərbaycanın ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri Nəriman Nərimanov Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biridir. 
O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
 
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk Konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. N.Nərimanovun hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşılmış, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. 
O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə, Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N.Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir.
 
HƏYAT YOLU:
Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərirdi.
 
N.Nərimanov ilk gənclik illərindən çoxcəhətli fəaliyyəti - metodist, müəllim, ilk milli qiraətxananın banisi, yazıçı, rejissor, aktyor kimi xalqın etimadını qazanmışdır. Onun bu sahələrin hər birində peşəkar kimi yetişməsini bir tərəfdən dövrün tələbi olduğunu, digər tərəfdən isə gənc Nərimanın şəxsi keyfiyyətlərindən irəli gələn ümdə cəhətlərin - vətəninə, xalqına bəslədiyi tükənməz sevgisi ilə bağlı olduğunu qeyd etmişdir. N.Nərimanov dərk edirdi ki, ana dilində mətbuat olmasa, ziyalıların xalqla sıx əlaqəsi yarana bilməz. Onun "Təzə xəbərlər", "Məktəb" adlı elmi-pedaqoji məzmunlu aylıq jurnal dərc etdirmək məqsədilə Qafqaz senzura komitəsinə dəfələrlə müraciət etməsini, bu xüsusda yazdığı məktub-müraciətləri arxivlərdə araşdırıb üzə çıxarmışdır. Tədqiqatçı mövzu ilə bağlı şəxsi fondlardan əldə etdiyi xatirə və məktubları da tədqiqat materialı olaraq təhlilə cəlb etməklə əsərin daha da oxunaqlı olmasını təmin etmişdir.
 
 
1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Bu hökumətin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
1920-ci ildə Türkiyə ən sıxıntılı zamanını yaşayırdı. Ordusu dağılmış, silahları alınmış, sanki əl-qolu bağlanmışdı. Mustafa Kamal Atatürk vəziyyətdən çıxış yolu axtarırdı. O, çıxış yolunu qardaş Azərbaycana müraciət etməkdə gördü.
Atatürkün xahişi ilə Azərbaycan dövləti Türkiyəyə kömək etdi. Bununla Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında ilk rəsmi münasibət quruldu. Nəriman Nərimanov cavab məktubunda yazırdı: “Başqa çıxış yolu yoxdur... Məqsədinizə çatmağınız üçün bütün gücümüz ilə yanınızda olacağıq”.
Elə bu dövrdən Nəriman Nərimanovla Atatürk arasında mənəvi yaxınlıq, dostluq və qardaşlıq əlaqələri yarandı. Azərbaycandan Türkiyəyə tonlarla benzin, digər yanacaq və 500 kq qızıl göndərildi. Bu qızılın bir hissəsinə silah alındı. Digər hissəsi isə dövlət xəzinəsində saxlanıldı.
Nəriman Nərimanov Türkiyənin qazandığı hər qələbəyə sevinir, Atatürkə təbrik məktubları yazaraq köməyini əsirgəməyəcəyini bildirirdi: “Paşam, bizim türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq və daima əlinizdən tutacağıq”.
Nəriman Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvanı və Dərbəndi itirmişdi. Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. 1921-ci ildə Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin Nəriman Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə bu qərar ləğv olundu. Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. 
Nəriman Nərimanovun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanıldı. Bakı Azərbaycanın paytaxtı kimi tanındı. Lakin o, Zəngəzurun Azərbaycandan alınmasının qarşısını ala bilmədi. Nəriman Nərimanov milli-mənəvi dəyərləri yüksək qiymətləndirir və qorumağa çalışırdı. O, məscidlərin dağıdılmasının, din xadimlərinin təqib olunmasının qarşısını alırdı. 
 
Nəriman Nərimanov GÖZƏL YAZIÇI idi. 
 
Nəriman Nərimanovun qələmindən çıxan “Nadanlıq”, “Şamdan bəy” və “Nadir şah” kimi dram əsərləri  Azərbaycan dramaturgiyasının inkişafı və zənginləşməsinə mühüm töhfələr verib. Ədibin “Bahadır və Sona” romanı, “Pir” povesti, “Bir kəndin sərgüzəşti”, “İdil kənarında”, “Şeytan bazarda” kimi hekayələri Azərbaycan bədii nəsrinin inkişafına istiqamət verən əsərlər olaraq əhəmiyyət qazanıb. Ədibin “Bahadır və Sona” əsəri Azərbaycan ədəbi düşüncəsi və yaradıcılıq ənənələrinin üzərində qurularaq meydana gələn və Azərbaycan tolerantlığı, multikultural düşüncəsini nümayiş etdirən, ictimai-siyasi görüşlərini ortaya qoyan əsərlərdən biri kimi qiymət qazanıb. Çoxsaylı publisist yazılarında mənsub olduğu xalqının və ölkəsinin qayğılarını dilə gətirməyə, problemlərinə çözüm gətirməyə səy göstərib. Onun məşhur “Həftə fəryadı” və “Cümə söhbəti” publisit məqalələri mətbuat tariximizdə Məhəmmədağa Şahtaxtılı ilə başlayan silsilə məqalələrin uğurlu davamı və sanballı nümunələridir. Bu görkəmli publisistin “Həftə fəryadı” silsilə məqaləsi bir xalqın ziyalısının qəlbində yer edən ictimai bəlalardan ibarət dərd yığnağının əsl fəryadı idi.
 
Nəriman Nərimanov həm də qüvvətli dramaturq, Azərbaycan teatrının inkişafına töhfələr verən böyük sənətkardır. Böyük istedadla ərsəyə gətirdiyi “Nadanlıq”, “Şamdan bəy” və “Nadir şah” kimi dram əsərlərinin hər biri ayrılıqda Azərbaycan dramaturgiyasının inkişafında mühüm yer tutur. Lakin, söz yox ki, bu əsərlərin arasında adı da, mövzusu və problematikası da daha fərqli və ümumi-ictimai maraqlılıq baxımından “Nadir şah” əsəri təkcə ədibin öz yaradıcılığında deyil, ümumən Azərbaycan dramaturgiyasında xüsusi bir əhəmiyyət qazanıb.
 
Görkəmli ədibin 1894-cü ildə ərsəyə gətirdiyi “Nadanlıq” əsəri mühitin avamlıq və geriliklərinə qarşı ən sanballı ədəbi nümunələrdən biri və dram əsərlərinin birincisidir. Vaxtilə bir pedaqoq, xalq müəllimi kimi Qızılhacılı kəndində fəaliyyət göstərən, mühiti yaxından müşahidə edərək onun problemlərini öyrənən ədibin özü də bu əsərini yazmaq məqsədini belə ifadə etmişdi: “Məzkur əsəri yazmağıma səbəb Qafqaz müsəlmanlarının əksərinin bimərifət və nadanlığı oldu”.
 
N.Nərimanovun arzuladığı, xalqda tapmaq, görmək istədiyi birlik və mübarizənin qüdrətini həm onun öz yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatı tarixində olduqca mühüm əhəmiyyəti və yeri olan məşhur “Nadir şah” (1898) əsərində rast gəlirik. Əslində butün bu keyfiyyətlər baxımından Nərimanovun dram əsərlərini mövzu və problem baxımından konseptual olaraq bir-birini tamamlayan əsərlər kimi səciyyələndirmək olar. Ədibin “Nadanlıq” əsərində əgər müasirlik və inkişafa maneə, əngəl olan yerlərdəki avamlıq və nadanlıq tənqid edilirsə, “Şamdan bəy” əsərində geniş ictimai qüvvələrin ümid bəslədiyi gənc burjua nümayəndələrinin ümumiləşdirilmiş obrazı olan Şamdan bəyin timsalında bacarıqsızlığı və şəxsi mənafe naminə ümidləri boşa çıxarması, ictimai ümidsizlik yaratması bədii düşüncənin meydanına gətirilir, “Nadir şah” əsərində isə millətin son və başlıca nailiyyəti olan dövlət qurmaq və onun fəaliyyəti üçün mövcud olan əsaslar barədə fikirlər bədii ədəbiyyatın təlqin dairəsinə daxil olur. Akademik İ.Həbibbəylinin yazdığı kimi, ““Nadir şah” dramında ədəbiyyatda ilk dəfə olaraq xalq hakimiyyəti ideyası irəli sürülmüşdür. “Nadir şah” Azərbaycan ədəbiyyatında birinci milli-tarixi dram əsəri idi”.
 
Fikrində vətənə rövnəq verməkdən, onu düşmənin zülmündən, məşəqqətindən qurtarmaqdan başqa bir şey” olmayan Nadir öz saf niyyəti, mütərəqqi ideyaları ilə xalqı, döyüşən qüvvələri başına toplayarq tarixə yeni bir dövlət bəxş edir. Nadir şah öz idarəçiliyi, islahatlar ideyası ilə də tarixdə böyük iz buraxır: sünni və şiə məzhəb düşmənçiliyi, fikir ayrılığını ortadan qaldırmaqla müsəlman aləmini birliyə gətirmək, İncili tərcümə etdirməklə multikultural  düşüncə və dini-mədəni dözümlülük üzərində xalqlar və mədəniyyətlər arasında barış yaratmaq, dini dövlətdən ayırmaq (mollaların ixtiyarını azaltmaq) və səfaləti ortadan qaldırmaq. Bu zəruri, dövləti və milləti əbədi, dayanıqlı tutan vacib ideyalar bir tərəfdən Nadir şahın uzaqgörənliyinin göstəricisidirsə, digər tərəfdən ictimai-siyasi görüşləri və fəaliyyətilə xalqımızın dövlətçilik tarixində yer tutmuş müəllif Nəriman Nərimanovun özünün ürəyindən xəbər verən məsələlərdirlər. Tarixi həqiqətlərə sadiq qalan böyük ədib Nadir şahı ictimai-siyasi fikirlərinin ruporuna çevirir. Bu əsərində xalqı ilə bağlı arzu və ideallarını toplayır, məqsəd üçün lazım olan zəruri ictimi keyfiyyətləri nümayiş etdirir. Görkəmli ədib Nadir şahın faciəsində hələ çatışmayan ictimai keyfiyyətləri, yetişməyən mühiti, ehtiyac olan siyasi düşüncəni və s. ehtiva etməyə çalışır. Nadir şah həm öz idealları, həm də faciəsi ilə Nərimanovun şəxsi taleyi baxımından da ümumilik və oxşarlıq nümayiş etdirərək onun taleyi ilə birləşir. Əsərin sonunda bir qrup qüvvələr tərəfindən sui-qəsd törədilərək arxadan vurulan Nadir şahın: “Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kəsə pislik etməmişəm. Hər kəsə də yamanlıq etmişəm. Ümumi xeyri nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən canımı vətənin və millətin yolunda sərf... etmişəm... Oğlumun gözlərini vətənə qurban etmişəm... Pərvərdigara!.. Özün kömək et bu başsız millətə!” kimi sözləri artıq həyatı çoxdan dərs etmiş, öz yolunu, fəaliyyətini saf-çürük edərək günahı və savabını vicdan tərəzisində ölçən Nəriman Nərimanovun son məktubları və məqalələrindəki fikirlərilə tale və məzmun oxşarlığı ortaya qoyur. Müzakirələrə hələ də açıq olan ədəbiyyatımızın şah əsərlərindən biri kimi “Nadir şah” haqqında müəllif özü də yazacaqdı ki: ““Nadir şah” adlı tarixi faciəmdə mən şahın şəxsiyyətini heçə endirmişəm və başa salmaq istəmişəm ki, qaranlıqda qalan kütlənin adət olaraq qəbul etdiyi kimi hökmdarın şəxsiyyəti heç də müqəddəs deyil və əgər o, məmləkəti idarə edə bilmirsə, onu tapdalayıb keçmək olar”.
 
Həm də ədəbi tərcüməçilik fəaliyyətinə sahib olan Nərimanov xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Onun dilimizə tərcümə etdiyi Qoqolun “Müfəttiş” və Qriqori Genin “Edam” əsərlərilə tərcümə sənəti və ədəbi əlaqələrimizə mühüm töhfələr vermişdir.
 Nəriman Nərimanov həm də dərsliklər yazırdı. O, xalqın dərdlərini, ağrısını sağaltmağa yönələn  “Doktor Nərimanov” olaraq yaddaşlarda əbədi yer tutan çox azsaylı görkəmli simalardan biridir. Bu görkəmli ədəbi şəxsiyyətin tanınmış tədqiqatçılarından olan Teymur Əhmədovun yazdığı kimi: “Azərbaycan xalqının xoşbəxtliyi və səadəti uğrunda ömrü boyu inamla mübarizə aparan Nəriman Nərimanovun zəngin ədəbi irsi bu gün də öz aktuallığı ilə diqqəti cəlb edir. Onun əsərləri ölkəmizdə milli müstəqilliyin, dövlətçiliyin möhkəmlənməsi və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan hər bir azərbaycanlı üçün qiymətli və əzizdir”.  
 
Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.
Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edirdi. 
 
Teatrla bağlı fəaliyyəti:
 
XIX əsrin 90-cı illərində onun təşəbbüsü və rəhbərliyi ilə yerli ziyalı gənclərdən ibarət aktyorlar truppası yaradılmışdır. Haqverdiyev bu hadisəni, ümumən Nərimanovun teatrla bağlı fəaliyyətini yüksək qiymətləndirirdi. S.Qənizadə də öz xatirələrində N.Nərimanovu bacarıqlı həvəskar aktyor, səhnəni böyük ehtirasla sevən teatr xadimi kimi səciyyələndirir, onun baş rollarda məharətli çıxışlarını təqdir edirdi. O zaman N.Nərimanovun Qoqolun "Müfəttiş" komediyasını tamaşaya qoyması cəmiyyətdə böyük maraqla, hərarətlə qarşılanmış, bu barədə "Tərcüman", "Kaspiy" qəzetlərində xeyli məlumat, rəylər dərc olunmuşdur. Bu maraqlı məlumatları ilk dəfə nərimanovşünas Teymur Əhmədov klassik mətbuat səhifələrini zərrəbin dəqiqliyi ilə araşdıraraq elmi-publisistik dilin tədqiq-təhlili ilə təqdim etmişdir. Müəllif öz təhlillərində bildirir ki, N.Nərimanova görə teatrın başlıca vəzifəsi insanların diqqətini ətrafda baş verən hadisələrə cəlb etmək, özbaşınalığa, haqsızlığa və zülmə qarşı onlarda nifrət hissi oyatmaqdır.
 
N.Nərimanov bir ATA kimi oğlu Nəcəfi çox sevirdi və onun işıqlı gələcəyinə inanırdı. 2 dekabr 1919-cu ildə doğulan Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilən Nəcəf 1938-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) tank-texniki məktəbinə daxil olur. 1939-cu ildə onu Kiyevdəki məktəbə dəyişirlər. 1940-cı ilin oktyabrında o, məktəbi qurtarır və 15-ci tank diviziyasının 29-cu tank polkunda texnik kimi işə başlayır. Sonralar İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən Nəcəf 10 sentyabr 1943-cü ildə, 23 yaşında həlak olur. Onun məzarı Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinin mərkəzindədir.
 
NƏRİMANOVUN SİRLİ ÖLÜMÜ:
 
Nərimanov 19 mart 1925 –ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. 
Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu. 
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmişdir. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilmişdir. Bundan başqa, Bakıda N. Nərimanovun  xatirə muzeyi fəaliyyət göstərir.
 
 
Onun qəfil, sirli ölümünün səbəbləri sual atında qalıb. Ölümünə az qalmış o, oğlu Nəcəfə məktub yazır. Ümid edir ki, Nəcəf böyüyəndə məktubu oxuyacaq.
Məktubda deyilir: 
"Əziz oğulum, Nəcəf!
Əgər mənə yaşamaq qismət olsa, söz verirəm ki, səni cəmiyyətə yararlı insan kimi tərbiyə edəcəm. Yox əgər vaxtsız ölsəm, mənə söz ver ki, böyüyəndə cəmiyyət üçün ən azından atanın etdiklərini etməyə çalışacaqsan".
Həkim Nəriman Nərimanovun dəfn olunduğu gün matəm günü elan edildi. Dəfn mərasimi ilə əlaqədar olaraq bütün tamaşalar, konsertlər, kino və başqa əyləncə proqramları ləğv olunmuşdu. Hökumət binalarından başlayaraq, SSRİ-nin bütün ərazisində matəm ilə əlaqədar bütün dövlət bayraqları 5 dəqiqəlik aşağı endirilmişdi.
 
HƏYAT YOLDAŞI GÜLSÜM XANIM:
Gülsüm xanım yaşının az olmasına baxmayaraq, Nəriman Narimanov ilə çox xoşbəxt ailə münasibətləri yaşayıb. Onlar bir-birini dərin məhəbbətlə seviblər. Gülsüm xanım da, Nərimanov kimi mərhəmətli, cəmiyyətə qayğı ilə yanaşan insan olub. Onun Bakıda açdığı əlillər və körpələr evi, uşaq bağçaları 50-ci illərin sonlarına qədər fəaliyyət göstərmişdi.
Təhsilini artırmaq üçün o, 1920-ci ildə Frebelevski müsəlman kurslarını bitirir. Ərinin ölümündən sonra işləməyə başlayır və oğluna ləyaqətlə tərbiyə verir. Nəcəf bir neçə dil bilirdi. 1940-cı ildə Kiyevdə hərbi məktəbi qurtaran Nəcəf, daha sonra Leninqradda tank akademiyasını da uğurla başa vurur.
Gülsüm xanım 1930-cu ildə ictimai-iqtisadi əlaqələr üzrə diplom alıb. 1931-1935-də illərdə Timiryazevski akademiyasında oxuyur. O, çox gözəl qadın olub. Kəmalə xanımın sözlərinə görə, gənc yaşda dul qalan Gülsüm mərhum ərinə çox dərin sevgi və hörmət bəsləyib. Çox gənc yaşda dul qalmasına baxmayaraq, ikinci ailə haqqında düşünməyib və bütün sevgisini oğlu Nəcəfə verib. Amma taleyi oğlu sarıdan da Gülsümün üzünə gülməyib.
"Böyük Vətən müharibəsi illərində Nəcəf Nərimanov tank komandiri olub. Stalinqradın və Donetskin azad olunmasında iştirak edib. Volnovaxa şəhərinin müdafiəsi zamanı gedən döyüşlərdə həlak olan Nəcəf Nərimanov Donetsk ərazisində dəfn edilib.
Kəmalə xanım deyir ki, Gülsüm xanım tez-tez hərbi xidmətdə olan Nəcəfə məktublar yazardı. Sonuncu dəfə göndərdiyi məktuba cavab olaraq poçtalyon ona Nəcəfin ölüm xəbərini gətirdi.
Nəcəf Nərimanov birinci dərəcəli "Vətən müharibəsi" ordeni və bir sıra başqa medallarla mükafatlandırılmışdı.
Gülsüm xanım özü də "Almanlar üzərində qələbə"dən sonra medalla təltif olunmuşdu.
Amansız taleyin ona yaşatdığı ağrı-acılara baxmayaraq Gülsüm xanım yıxılmadı, həyat yoldaşının, oğlunun sevgisini kimsəsiz və valideynləri müharibədə həlak olan uşaqlara həsr etdi. Gülsüm Nərimanova Moskva və Moskva ətrafı ərazilərdə yerləşən uşaq evlərinin sədri idi.
1953-cü ildə Moskvada vəfat edən Gülsüm Nərimanova Vaqankovski qəbiristanlığında dəfn edildi.
Nəriman Nərimanovun və Gülsüm Nərimanovanın nakam məhəbbəti vətəndən çox uzaqda kədərli şəkildə sona çatdı...
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 475
Paylaş: