Özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyevin doğum günüdür.
Təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!
 
Ələkbər Həsən oğlu Əliyev 15 aprel 1957-ci ildə Sumqayıt şəhərində anadan olub. Anası dünyasını tez dəyişib. Əvvəlcə həkim olmaq istəyən aktyor tezliklə aktyorluq sənətinin sehrinə düşərək, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "musiqili komediya aktyoru" fakültəsinə daxil olub. 1980-ci ildə fakültəni bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. 
Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Musiqili Komediya Teatrına) gəlib. O vaxtdan taleyini bu teatra bağlayan aktyor burada onlarla yaddaqalan obrazlar yaradıb.
 
Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə.Əliyev ilk addımlarından teatr ictimaiyyətinin diqqətini cəlb edib. İşlədiyi müddətdə bir sıra maraqlı obrazlar silsiləsi yaradan Ə.Əliyev orjinallığı və dəqiq ifa tərzi ilə böyük tamaşaçı rəğbətini qazanıb. 
Ə.Əliyevin ifa etdiyi Rüstəm bəy “O olmasın, bu olsun”, Vəli “Arşın mal alan”, Kəblə Qubad “Ər və arvad” (Ü. Hacıbəyli), İbiş İbişli “Adamın adamı” (V. Adıgözəlov, Anar), Şükürbəyli “Məsmə xala dayımdır” (R. Mustafayev, C. Məmmədov), Nümayəndə “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), Polis Aslan “Yeddi məhbusə anası” (C. Quliyev, Ə. Əmirli), Knyaz Pantiaşvili “Xanuma” (V. Dolidze, A. Saqarelli), Ağa Zaman “Kimyagər” (S. Kərimi, Ə. Ol), Eynəkli “Milyonçunun dilənçi oğlu” (S. Ələsgərov, Ş. Qurbanov), Rüstəm “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), Doymazov, Nazirov “Volqalı canan” (R. Mustafayev, A. Qüdrət), Kişi “Toya bir gün qalmış” (Ə. Səmədli) və s. obrazlar orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb.
 
Onun eyni zamanda televiziyada, qastrol səfərlərində ifa etdiyi obrazlar aktyorun təbii istedadından, tükənməz yaradıcılıq potensialından xəbər verir.
 
Ələkbər Əliyev 2013-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
 
 
2017-ci il aprelin 21-də teatr sahəsində uzun illər göstərdiyi səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibəti ilə Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyev Azərbaycan Dövlət Musiqili Teatrının direktorunun əmrinə əsasən mükafatlandırılıb və aktyorun 60 illik yubileyi Musiqili Teatrda qeyd olunub. 
2017-ci ilin aprelində Mədəniyyət və Turizm nazirliyi tərəfindən teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru Ələkbər Əliyev Fəxri-fərmanla təltif edilib. 
2017-ci ildə 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Musiqili Teatrının “Ər və arvad” tamaşasında oynadığı Mərcan bəy obrazına görə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olmuşdur. 
 
Ötən il Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyev Qubadlı rayonunda olmuşdur. O təəssüratlarını belə bölüşmüşdür: 
- Uşaqlıq illərim Qubadlının Bəxtiyarlı, Xallava, Qayalı, Xələc kəndlərində keçib. Nəhayət, uzun həsrətdən sonra dədə-baba yurdumuza ilk dəfə ayaq basdım. Buna görə həddindən artıq sevinirəm və qalib bir ölkənin vətəndaşı kimi çox böyük qürur hissi keçirirəm. Qubadlının təbiəti gözəl, havası gözəl, suyu gözəl! Qubadlıya səfər günü sanki günəş də bizi ilıq nəfəsi ilə salamlayırdı. Sevincim yerə-göyə sığmırdı. Həyatımın ən gözəl anlarını yaşadım. Allaha min dəfə şükür elədim ki, nə yaxşı ki, o yerləri görmək üçün mənə möhlət verib.
 
 
Qubadlı mənim üçün müqəddəs ziyarətgahdır. Anam ölən günəcən Qubadlı həsrəti ilə yaşadı. Bu görüşdə doğma kəndlərimizi görə bilməsəm də, nənəmgilin kəndi Xələcdən Qubadlı rayonunun mərkəzinə çəkilən bulağın suyundan içdim və nənəmi, dünyasını dəyişən doğmalarımızın əziz xatirəsini yad etdim. Anam, neçə qohum-əqrəbam Qubadlı həsrəti ilə bu dünyadan köçüb… Allah hamısına rəhmət eləsin.
Təəssüf ki, gözəl yurdumu viran gördüm. Hər yeri dağıdıblar, xarabazara çeviriblər. Ağaclardan da qisas alıblar, kəsiblər, doğrayıblar, təbiətə sonsuz ziyan vurublar. Yüzillik ağacları belə məhv ediblər. Bu vəhşilik yer üzünə sığmır…
Qubadlıdakı “Ana” abidəsini yerlə-yeksan ediblər, məktəbləri, evləri dağıdıblar, izi-tozu da bilinmir. Bəzi evlərin uçmuş, kol-kos basmış divarları qalıb. Biz o məkanlara gedəndə hamımızın gözlərində yaş var idi. Yolboyu dağıdılmış, viran qalmış yurdları gördükcə çox təsirlənsəm də, göz yaşlarıma hakim ola bilməsəm də, Ali Baş Komandanımızın Qubadlıdakı çıxışı sanki hər birimizə qol-qanad verdi. O, ürək dolusu nitqi ilə həsrətdən qubar bağlamış qəlbimizin nisgilini, gözlərimizin yaşını sildi və söz verdi ki, Qubadlı yenidən qurulacaq, tikinti və abadlıq işləri aparılacaq, kənd təsərrüfatının, sənayenin inkişafına təkan verən irimiqyaslı layihələr həyata keçiriləcək.
Biz həmişə Ali Baş Komandanımıza inanmışıq, ona güvənmişik. Onun əmri, ordumuzun gücü ilə düşmənə biz layiqli yerini göstərə bildik.
Mən görüşdə bir məsələni də duydum və qürurlandım, Prezidentimiz qədər bəlkə də Qubadlının kəndlərinin adlarını dəqiq bilmirik. O isə bu kəndlərin hər birini qarış-qarış tanıyır. Qarabağın dilbər guşələrini, vətənimizin köksündən qoparılan hər parçasını bizə yenidən bəxş edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və şanlı igidlərimizə hər zaman borcluyuq. Allah cəmi şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin.
Artıq Qubadlının bəzi yerlərində, Xanlıq kəndində və digər kəndlərdə evlərin tikildiyini gördük. Prezidentimiz isə işğaldan azad olunmuş torpaqlarımızı abadlaşdırmaq üçün var qüvvəsi ilə çalışır…
Həmişə Prezidentimizlə fəxr etmişəm və görüşdə də ona sonsuz təşəkkürlərimi bildirdim. Ulu Öndərin layiqli davamçısı olduğunu bir daha elə onun özü ilə söhbətdə vurğuladım və bunu qeyd etməyi özümə borc bildim. Öz adımdan, qubadlılar adından Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm ki, bizi torpaqlarımıza qovuşdurdu. Bu görüşdə o, Qubadlını qubadlılara təhvil verdi…
Bu səfərdən sonra sanki ruhum təzələndi, indi özümdə o dağların gücünü hiss edirəm. Torpaqdan güc almaq bu imiş. 
 
Ələkbər Əliyev hazırda Sumqayıt şəhərində yaşayır. O, meyxanaçı Namiq Mənanın qardaşıdır. 
 
Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyevi bir daha təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar  arzulayırıq!
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 583
Paylaş: