Tanınmış Azərbaycan bəstəkarı, hüquqşünas ƏLƏKBƏR TAĞIYEVin 
doğum günüdür.
Hörmətlə xatırlayaq.
 
Həyatı:
Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə kasıb ailədə anadan olub. İlk təhsilini Gəncədə alan Ələkbər 1938-ci ildə Şəhər Xalq Məhkəməsində işləməyə başlayıb. Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirəndən sonra 1974-cü ilə qədər təxminən 36 ilə yaxın prokurorluq orqanlarında çalışıb.
 
Ailədə beş qardaş, bir bacı olublar. Sadə kəndli ailəsindən olduğu üçün maddi imkanları məhdud olub. Elə buna görə də uşaqlıqdan musiqiyə həvəsi olsa da, məşğul ola bilməyib. Orta məktəbin yuxarı sinfində oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin. Ələkbər Tağıyev çox erkən, 16 yaşında ailə qurub. Həyat yoldaşı Almaz xanımı qaçırdıb.
 
Oğlu Akif də anadangəlmə astma var imiş, 7-8 yaşına çatanda xəstəlik kəskinləşib, o, dünyasını dəyişib. İlk övladının belə acı taleyi ona çox pis təsir edib. Ondan sonra iki qız övladı da doğulub. O, qızlarının adını Akifin adına uyğunlaşdıraraq Akifə ilə Arifə qoyub. Bu qızlardan sonra bəstəkarın bir qızı da anadan olur, lakin o da tezliklə dünyasını dəyişir.
 
Anası Münəvvər xanım seyid nəslindən olub. O, Ələkbərə öz atasının adını qoyubmuş. O, görüb ki, oğlu daha bir övladının vəfatından sonra özünə yer tapa bilmir, deyir ki, gəl kitab açdıraq, görək, sənin taleyin haqqında orda nə yazılıb. İmamzadəyə gedirlər, orada bir adam Ələkbərə deyir ki, sənin bir oğlun da olacaq, onun adını gərək Xaliq qoyasan, bu uşaq dünyaya gələndən sonra sənə vəhy gələcək, özün də məşhurlaşıb varlanacaqsan. Belə də olur. Oğlu doğulanda onun adı Xaliq qoyulur. Uşağın qırx günü tamam olmamış Ələkbər Tağıyev ilk mahnısını, "Qonşu qız"ı bəstələyir...
 
Onda 1958-ci il idi. 
Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. "Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı.
 
İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib. 70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm" , "Qəşəngdir" və yaradıcılığında xüsusi yer tutan "Azərbaycan qızıyam" mahnılarını ifa edir. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırır. Elə həmin illərdə SSRİ dövlət elektro musiqi orkestri ilə birgə Nisə Qasımova Moskvada Ələkbər Tağıyevin mahnılarından ibarət albom lentə aldırır.
 
Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir.
Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ("Arzu qızım", "Leyla" və s.) mahnılar yazıb.
Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnılar dəfələrlə türk, rus  müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif kino-filmlərdə də istifadə olunub.
 
Xatirələrdən:
Deyilənə görə Ələkbər Tağıyev yaz fəslini çox sevirmiş. İlin ən gözəl vaxtında, aprelin tən ortasında səhər erkəndən oyanıb bağa getməyə hazırlaşan bəstəkarın halı birdən pisləşib. Oğlu Xaliq Tağıyev müsahibələrinin birində həmin günü belə xatırlayır:
-  Ürəyi xəstə idi, amma xəstə yatmadı. Nardaranda bağda gül əkəcəkdi, anam dedi ki, halın yaxşı deyil, getmə. Dedi yox, getməliyəm. Nisə xanım da bizdə idi. Qəfildən halı pisləşdi, həkim çağırdıq. Hər kəsi otaqdan çıxardı, həkimlərə də dedi ki, mənə iynə vurmayın, onsuz da beş dəqiqəyə bu dünyadan köçəcəm. Yalnız qardaşımı yanına buraxdı. Beş dəqiqədən sonra kəlmeyi-şəhadətini oxuyub, gülə-gülə gözlərini yumdu. Qardaşıma deyib ki, məndən sonra evin böyüyü sənsən, onara böyüklük elə. Bir də Nisə Qasımovanı ona tapşırıb, deyib ki, o qızdan muğayat ol. Nisəni qızı kimi çox istəyirdi. Sonra deyib ki, otaqdan çıx, iki dəqiqəyə gələrsiniz. İki dəqiqədən sonra Nisə qapını açıb otağa girəndə nalə çəkdi. Atam divanda uzanıb, gülə-gülə dünyadan köçmüşdü. Allah adamı idi, ölümünü də hiss eləmişdi. O dünyasını dəyişən kimi yeni aldığı güllər də solmuşdu. Dərhal da yağış yağmağa başladı...
 
Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişir. Maştağada "Seyidlər” qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə sevilən şair Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam” mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam...”.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 646
Paylaş: