10 May – Ümummilli lider, dövlət xadimi, böyük siyasətçi, Ulu Öndər HEYDƏR ƏLİYEVin   anadan olmasından 99 il ötür...
Ehtiramla xatırlayaq.
 
 
Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
 
Ömrünü xalqına bəxş edən lider
 
Taleyini tariximizə, tərcümeyi halını uğur salnaməmizə çevirən İnsanın - Heydər Əliyevin ömür kitabını vərəqlədikcə gözümüzün önündə hər səhifəsinə Azərbaycan yazılan şanlı şöhrətli bir tale kitabı vərəqlənir.
O, güllü-çiçəkli bir yaz günündə sanki dünyaya bu xalqı qorumaq , haqq səsisini dünyaya çatdırmaq üçün gəlmişdi Həqiqətən də, insanlar iki qismə bölünür: öz taleyi,əməlləri ilə tarix yazanlar, bir də var tarixin bir vərəqinə adını yazdıranlar. 
Heydər Əliyev Xanlm İsmayılqızının yazdığı  böyük Öndərə həsr olunan şeirin  misralarında deyildiyi kimi:
 
“Özü tarix yaradan şəxiyyət var, İlahi!
 Adını Tanrım verdi Dahi! “
 
Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. 
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.
 
 
Heydər Əliyev respublika rəhbərliyinə gəlişi ilə həyatın ritmini dəyişdi. Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər - Heydər Əliyev birinci katib seçilənədək davam etdi.
 
Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr (məsələn, məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar (“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı) tikildi, nəhəng yaşayış massivləri (Yeni Əhmədli, Günəşli) salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər.
Heydər Əliyev bölgələrə tez-tez səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri ənənəyə çevrilmişdi. 
 
 
Heydər Əliyevin həyatının Moskva və Naxçıvan dövrü
 
Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi. İkincisi, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev artan nüfuzundan və mərkəzi hökumətdə ikinci şəxs olaraq vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu. İttifaq miqyasında gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.
 
 
Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.
 
 
Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, Naxçıvan həyatının bəzi anları əksini tapıb. Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi.
 
Naxçıvandan başlanan  yol - HEYDƏR ƏLİYEV
 
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.
 
 
Ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdı. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. 
 
 
Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 
 
 
17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Ulu Öndər Heydər Əliyev həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.
Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
 
 
Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
 
 
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi.
 
Ən əsası, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi. Xüsusilə də, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. 
 
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aiddir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətindən bəhs edərkən milli ideologiyanın yaradılması kimi əhəmiyyətli tarixi fakta da nəzər yetirmək lazımdır. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, ölkəmizi etibarlı tərəfdaşa çevirdi
Onu da qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil xarici siyasət kursu sayəsində ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. 
"Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi.
 
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. 
Ulu öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.
 
Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir
Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
 
 
Ümumiyyətlə, Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib. Həyata keçirilən uğurlu siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. 
Bunlarla yanaşı, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. 
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib  
Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Başqa sözlə, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir.
 
 
Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur
 
Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən yarandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasərçilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixli məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
 
Ziyalıların müraciətinə cavabında isə Ulu öndərimiz vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
 
Ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti cavabsız qalmadı. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. 
Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldı. 
Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
 
1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü Ulu öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
 
 Ulu Öndərimiz  Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
 
Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər, şübhəsiz ki, partiya sıralarına insan axınını da sürətləndirir. Belə ki, ötən dövr ərzində partiyanın sıraları kəmiyyətcə artıb, keyfiyyətcə yüksəlib. Partiya sıralarının inkişaf dinamikasına baxsaq, bunu aydın şəkildə görərik. Əgər partiya I qurultaya (1999, dekabr) 170 min, II qurultaya (2001, noyabr) 230 min, III qurultaya 360 min nəfərlə getmişdisə, IV qurultay ərəfəsində üzvlərin sayı 450 min nəfərə çatmışdı...
Hal-hazırda YAP-ın sıralarında 800 minə yaxın  üzvü var ki, onlar da cəmiyyətin ən müxtəlif sosial və demoqrafik qruplarını təmsil edirlər. 
 
III qurultayda Prezident İlham Əliyevin YAP-a Sədr seçilməsi partiyanın inkişafında yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyev partiya haqqında vurğulayıb: “Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu gün də çox yüksək səviyyədədir. Partiyanın Sədri kimi mən də ona rəhbərlik edirəm. Çox şad oluram ki, partiyamızın imkanları da, təsir dairəsi də artır. Partiyaya üzv olmaq istəyənlərin də sayı artır. Bu da çox müsbət əlamətdir. Xüsusilə, gənclər tərəfindən partiyaya maraq və üzv olmaq istəkləri onu göstərir ki, bizim partiyamızın çox cəlbedici məramı, proqramı var. Eyni zamanda, partiyaya daxil olmaq istəyənlərin sayının artması onu göstərir ki, bütövlükdə, partiyanın fəaliyyəti çox müsbətdir və insanlar tərəfindən dəstəklənir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.
 
1993-cü ildən indiyədək YAP bütün seçkilərdə böyük qələbələr qazanıb. Partiya Sədrinin dediyi kimi, YAP-la heç bir qüvvə rəqabət aparmaq iqtidarında deyil: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcək”.
 
Heydər Əliyev: xalqın xilaskarı və müstəqil Azərbaycanın banisi
 
1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Dalğalar bu gəmini hər an qayalara çırpıb batıra bilərdi. Son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.
 
Çətinlik isə bir deyildi, iki deyildi. Dövlət xəzinəsi tamam boşalmışdı. Ölkə iqtisadiyyatı dərin böhran yaşayırdı. Sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım idi. Opponentlərindən fərqli olaraq, Heydər Əliyev uğur açarının harada olduğunu bilirdi. Bilirdi ki, ölkəni düşdüyü çətin vəziyyətdən, dərin iqtisadi-sosial böhrandan yalnız neft gəlirləri ilə çıxarmaq olar. Neft isə dənizin dibində idi, onu çıxarmağa Azərbaycanın gücü çatmazdı. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoyacaqdılarmı? Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandırmağı bacardı. Bu inamın əsasında təbii ki, ilk növbədə Heydər Əliyev şəxsiyyətinə olan etibar dayanırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə necə böyük sevinc hissi doğurduğu yadınızdadırmı: Onun gözləri gülür, neftli əlini üzünə çəkir və bu unudulmaz an fotoobyektivin yaddaşına köçür.
 
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər bizi bir daha həmin tarixi günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamlarını göz önündə canlandırır.
 
Zirvələr üçün doğulan Ümümmilli Liderimiz harada, hansı vəzifədə olmağından asılı olmayaraq,sadə xalqla bir yerdə idi .Qəlbi vətən, xalq, millət üçün vuran dahi liderimizin özü belə deyirdi:
“Əsas böyük vəzifələrdə işləmək deyil, əsas xalqın səni böyük adam sayması , sevməsidir .”
Heydər Əliyev tarixi keçmişi ilə qürur duyduğu Azərbyacanı zamanın ağır və sərt sınaqlarından çıxarmış,canlı əfsanəyə dönmüşdü.
 
 
60-cı illər Sovet Azərbaycanı və Heydər Əliyev.Millətçiliyin,sərbəst düşüncənin qadağan olunduğu, yalnız saxta sovet vətənpərvərliyinin təbliğ olunduğu bir dönəmdə hakimiyyətə gəldi.Gəldi və Azərbaycan ədəbiyyatının,mədəniyyətinin əynindən boz sovet şinelini çıxararaq,ona milli ruh,özgüvən,düşündüyünü dilə gətirmək haqqı verdi.Və bizi özümüzə qaytardı .Mədəniyyətmizin bütün sahələrində millli obrazımızı ,insanın daxili aləmini əks etdirən düşüncəsini gördük.Məhz bu illərdə H.Əliyevin zəhməti, siyasəti ilə Bakı-Azərbaycan sanki yenidən quruldu.Müxtəlif memarlıq nümünələri, saraylar,tədris korpusları,zavodlar,sənətkarların ev muzeylərinin təşkili,daha nələr ,nələr....
Saymaqla bitməyən quruculuq işləri həyata keçirildi.
Ümümmilli liderimiz deyirdi:
“Gənc yaşlarımdan dövlət işlərində çalışıram.Mənim müvəffəqiyyətlə çalışmağımın səbəbi ailəmdə Zərifə xanım kimi bir həyat yoldaşımın olmasındadır.”
Bəli, hər mükəmməl kişinin arxasında mükəmməl qadın durur.Zamanın bütün şətinliklərinə,sınağına birgə sinə gərərək gözəl bir ailə modeli yaratmışlar.
 
Istər ictimai, istər şəxsi həyatı ilə hər birimizə örnək olan Ümümmilli liderimiz ikinci dəfə xalqın taleyinə sanki qaranlıq buludları yaran günəş kimi qayıtdı.
“Sən bu çətin zamanda gücümüz,qüvvətimiz
Sən bizim bu dünyada ən böyhük sərvətimiz”-deyən xalqın ümid yeri oldu Heydər Əliyev .
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi“ dünya dövlətlərini Azərbaycanla hesablaşmağa məcbur etdi.Sərhədlər möhkəmləndi,ordu quruculuğu sürətləndi.Bəli, Heydər Əliyev yeni bir tarix yaratdı.
 
Heydər Əliyev: "Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir; uşaqlar hamımızın həm bu günü, həm də gələcəyidir"        
 
Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi
Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə ­yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa ­çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
 
 
Bəli, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Ulu Öndər Heydər Əliyev müstəqilliyinin ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb ­olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqların taleyini bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər ­görmüşdür. 
Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, uşaqlar Heydər Əliyevlə hər bir görüşdən sonsuz coşqu, böyük ilham alırdılar. Bu səmimi və kövrək görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. 
Özünüz diqqət yetirin. Son illər ərzində sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycanda nə qədər tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Təbii ki, onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır. 
 
 
Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.      
 
                    Əbədiyyət simvolu
 
2003-cü ilin soyuq dekabrı. Əziz liderimizin çox sevdiyi “Alagöz “mahnısı və ən çox sevdiyi “Azərbaycan” şeirindən əzəmətlə,vüqarla, həm də kövrələrək dediyi bir parça gözümüzün önünə gəlir.
 
”El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən
Anam doğma vətənimsən
Ayrılarmı könül candan
Azərbaycan!Azərbayacan!
 
Qəlbi, varlığı, bütün canı,qanı ilə vətənə bağlı olan “Mən fəxr edirəm ki, Azərbaycanlıyam “ deyən Heydər Əliyev hər kəsin qəlbinin hakiminə çevrildi.
Ümümmilli Liderimiz özündən sonra doğma yurdunu İlham Əliyev cənablarına əmanət qoydu. Bu gün həmin yolu şərəflə,uğurla aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün azərbaycanlıların ümid yeridir.
 
İllər, uzun onilliklər keçəcək, ancaq Azərbaycan adlı məmləkətdə bir- birini əvəz edən nəsillər bir fikirdə daim yekdil olacaqlar: "Heydər Əliyev yalnız müasirlərinin həyatında iz qoymadı, O, bu millətin sonrakı bütün nəsillərinin taleyini düzgün məcraya yönəltdi və əbəbi yaşamaq, anılmaq, öyrənilmək haqqı qazandı. Çünki Heydər Əliyev ömrü bitən bir ömür deyil.
 
“Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər “xalqım” deyəcək ,xalq “Heydər” söyləyəcək"
 
Fəxri xiyaban. Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər, hər bir mötəbər qonaq bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirir.
Hər il mayın 10-da Fəxri xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. 
Bu izdiham xalqın Heydər Əliyevə məhəbbətini bir daha təsdiq edir.
Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər birliyinin üzvü
Baxış sayı: 466
Paylaş: