Gunaydin.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq və Dərbənd şəhərlərində görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər keçirilib.

 

Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan icmasının və diplomatik korpusun nümayəndələri ümummilli liderin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Ali Məktəbinin Qoroxovaya küçəsi, ev 6 ünvanında yerləşən binasının önünə toplaşıblar. Tədbir iştirakçıları görkəmli siyasi və dövlət xadiminin şərəfinə binada qoyulmuş xatirə lövhəsinin qarşısında xalqımızın  ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra lövhənin önünə gül dəstələri düzülüb. 

 

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, “Sankt-Peterburdakı Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının icraçı direktoru Rəşad Orucov, Rusiyalı Azərbaycanlı Gənclər Birliyinin (AMOR) məsul katibi Ceyhun Hüseynov çıxış edərək, Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan, Azərbaycan diasporunun birliyi naminə həyata keçirdiyi müdrik siyasətdən danışıblar. Qeyd edilib ki, soydaşlarımız tez-tez Heydər Əliyevin parlaq yaddaşa, kağızsız danışmaq, rəqəmləri, faktları yadda saxlamaq bacarığına malik olduğunu xatırlayırlar. Bu keyfiyyətlərin hamısına  onun oğlu İlham Əliyevin də sahib olduğunu vurğulayan çıxışçılar nəzərə çatdırıblar ki, Azərbaycan Prezidenti uzun illərdir öz qətiyyətli siyasəti ilə ölkəni tərəqqiyə doğru aparır və indi Azərbaycan dünyanın siyasi xəritəsində layiqli yer tutur.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənddəki filialında baş tutan tədbirdə isə təhsil ocağının rəhbərliyi və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Heydər Əliyevin foyedəki büstünü ziyarət ediblər və abidənin önünə gül dəstələri düzüblər.

 

Tədbirdə çıxış edən Dərbənd filialının direktoru Qurban Qurbanov, “Azərbaycan Dövlət Dram Teatrı” Dövlət Büdcə Müəssisəsinin direktoru Firdovsi Əsgərov və başqaları dahi şəxsiyyətin Azərbaycanın dövlət quruculuğunda, ölkəmizlə Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində oynadığı müstəsna roldan, misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ölkəmizə böyük töhfələr verən azərbaycanlılardan danışmaq, mədəniyyətimizi, milli xüsusiyyətlərimizi göstərmək, elmi potensialımızı təqdim etmək olduqca vacibdir: “Yalnız buna əməl etməklə biz Heydər Əliyevin qoyduğu yüksək zirvəni qoruyub saxlaya bilərik. Azərbaycanlı olduğumuzu həmişə xatırlayırıq və fəxr edirik”.

 

Sonra görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

 

Baxış sayı: 349
Paylaş: