Qəfil səhər zəngi kimi içimi göynətdi bu xəbər.  Çox heyf Sizdən, Məzahir müəllim!
Çox heyf!..
Xatirimdə Yaxşı İnsan kimi qalan, Müəllimlərim  qədər dəyər verdiyim sadə, səmimi, üzü gülər,  uşaqla uşaq, böyüklə böyük olan gözəl İnsan, dünənimizi, bu günümüzü dəyərləndirməyi  bacaran, dəyərli ziyalı, gözəl də Jurnalist olan  dostumuz-qardaşımız Məzahir müəllim!
Ömrü-günü ancaq əlində qələm tutmaqla keçən, çörəyini qələmlə çıxaran Məzahir müəllim!
Jurnalistin qələmindən, bir də sözlə-söhbətlə  aşıb-daşan ürəyindən savayı nəyi var ki?! 
Qələmini də götürüb getdi... 
Məkanın cənnət, məqamın uca olsun, dəyərli qardaşım!
 
Qeyd:
Azərbaycan Mətbuat Şurasının Ağsaqqallar Məclisinin rəhbəri Məzahir Bəybala oğlu 
Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edib. 
Hərbi xidmət müddətində Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb.
 
M.Süleymanzadə müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya Zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb. Daha sonra “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.
1989-cu ildə böyük əziyyətlər hesabına Azərbaycanın müstəqil mətbuatının ilk qaranquşlarından sayılan “Səhər” qəzetini yaradıb. Bu nəşr 1990-cı ilin 20 Yanvar qırğınından dərhal sonra buraxılmış nömrəsinə görə mətbuat tariximizdə 2 milyon tirajla oxuculara çatdırılan ilk qəzet, şəhidlərimizin xatirəsinə ucaldılmış möhtəşəm söz abidəsi kimi tarixə düşüb. Çoxşaxəli yaradıcılıq diapazonuna malik M.Süleymanzadə Azərbaycan Televiziyasında proqram aparıcısı, radionun məşhur “Bulaq” verilişinin daimi müəlliflərindən biri olaraq tanınıb. Bununla yanaşı o, ölkəmizdə idman jurnalistikasının inkişafına da müstəsna töhfələr verib.
 
Müxtəlif illərdə pedaqoji fəaliyyətilə diqqət çəkmiş veteran jurnalist yazıçı və publisist qələminin uğuru ilə də hər kəsi sevindirib, oxucuların dərin rəğbətini qazanıb. Onun çoxsaylı kitablarında özünü göstərmiş yaradıcılıq dəst-xətti Vətənə, torpağa, dogma yurda misilsiz bağlılıq nümunəsidir. Mövzu dairəsinin genişliyi və zənginliyi jurnalistin söz sənətində vətənpərvərlik anlayışına verdiyi bənzərsiz və təkrarsız tərifdir.
 
Çoxillik əməyi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş M.Süleymanzadə “Əməkdar mədəniyyət işçisi”, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb.  O, eyni zamanda Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” Ali mükafatı, həmçinin Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə təltif edilib.
 
 
Həmkarlarının ürək sözləri:
 
Knyaz Aslan:
"Haqqa tapınan adam... 
Haqqı tapdanan adam... 
Haqqa qovuşan adam... 
Haqqa yaraşan adam... 
Milli Mətbuatımızın "Səhər"i... 
Qələm-kağızımızın səhəri... 
Ustad Məzahir Süleymanzadə... 
Əbədiyyət yolun nurlu olsun..."
 
Lalə Yaqubova:
"Allah sənə rəhmət eləsin, ustad Məzahir Süleymanzadə! 
Hər zaman haqq yolunda, ədalət axtarışında  oldun, bacardığın qədər insanlara kömək etməyə çàlışdın.Etdiyin yaxşılıqlar Haqq dünyanda yoluna işıq tutsun. 
Ruhun şad olsun!"
 
Hidayət Elvüsal: 
"Jurnalistikanın güzgüsü sındı...
Məzahir müəllim...
Jurnalistikadakı yeniliklırindən gen-bol istifadə edirlər, amma özünü görməzdən gəlirlər.
İncitdilər...
Küsdürdülər...
Qədrini bilmədilər...
Birotaqlı mənzil istədin , vermədilər...
Xatirələrdə, yaratdığın əməllərdə yaşayacaqsan , Məzahir müəllim."
 
Ilqar Türkoğlu:
"Inana bilmirəm. Vətənin ağır günlərində, qaranlıq günlərində  öz "Səhər"i ilə işıq saldı insanlara, bütün varlığı ilə vətən üçün çalışdı. Ruhu şad olsun!"
 
Musa Turçuş:
"Allah rahmet eləsin Mekanı cənnət olsun inşallah Geridə qalan yakınlarına başsağlığı ve səbr diləyirəm. Başınız sağolsun Tahir müəllim,  Mahir müellim.
Azerbaycan metbuatının başı sağ olsun" 
 
Firuz Mustafa:
"Onu bu gün yaşı 40-ı ötmüşlər daha yaxşı xatırlamalıdırlar. Çünki 20 Yanvar faciəsinin baş verdiyi vaxtdan 32 il ötür və Məzahir Süleymanzadə imzası bu tarixlə daha çox bağlıdır…
Məsələ burasındadır ki, 1990-cı ilin həmin məşum yanvarında biz az qala təklənmişdik. Tv-nin enerji bloku... işğalçılar tərəfindən partladılmışdı....
Faciə haqqında dünyaya və xalqımıza səhih məlumat verən və ilk yada düşən adları xatırla(t)maq yerinə düşərdi:    hadisə baş verən ilk anlarda harayı “Azadlıq” radiosundan  gələn Mirzə Xəzər, həmin radiodan dünya xalqlarına müraciət edən Yusif Səmədoğlu, bundan sonrakı günlərdə Moskvada yerləşən daimi nümayəndəliyimizdə kəskin çıxış edən Heydər Əliyev, Respublika Ali sovetin təcili iclasını çağırtdırıb işğalçı ordunu ittiham edən Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, meydanda sinəsini irəli verib haray qoparan Xəlil Rza, Mikayıl Mirzə, xəstə olsa da özünü Bakıya çatdıran Oljas Süleymenov və… daha kimlər, kimlər… Mən təkcə bəzi adları yada salıram. Həmin dövrdə küçə və meydanlara axışan qəhrəman xalqımızı, şəhidləri- mizi top-tüfəng altında dəfn edən igidlərimizi bu gün ehtiramla xatırlayırıq.
Bu  sırada “Səhər” qəzetini və onun yaradıcısı, publisist Məzahir Süleymanzadə (Səhər) də məhz ilk yada düşənlərdən biridir. “Səhər”i Məzahir bəy məhz güllələr altında, od-alov içində dərc etdirib üzə çıxara bilmişdi. Bu qəzet o günlərdə üzləşdiyimiz qanlı fəlakət barədə xalqımıza ilk informasiya və ilk təsəlli verən bir ümid çırağına çevrildi. 
Məzahir Süleymanzadə dünyasını dəyişsə də,  onun adı mətbuat tarixində bir ümid və igidlik simvolu kimi daim qalacaq."
 
Əsgər İsmayılov:
"Publisistika ədəbiyyatla jurnalistikanın tam mərkəzində dayanır. Məzahir Süleymanzadə publisistikası "Səhər" qəzeti ilə 20 Yanvar faciəsinin tən ortasında dayandı: həqiqəti dünyaya hayqırmaq üçün. Həqiqətən də "Səhər" "əzilən bir sinfin hayqıran; Haqq bağıran sədasından yarandı". (M.Müşfiq)
Məzahir Süleymanzadə yazırdı: "Qanlı yanvardan dərhal sonra "Səhər" qəzeti iki milyon (!) tirajla çıxdı və pulsuz paylanıldı". 
Maraqlı məqama diqqət çəkmək istəyirəm. 
"Səhər" qəzetinin iki nüsxəsini təkrar izləyirik:  1998-ci ilin 18 mart və 28 may buraxılışı. 28 may günü qəzet yarı qiymətlə satışa çıxır. (yəni, o zamanın qiyməti ilə 1000 manat deyil, 500 manata) 
F.Sadıqlı dediyi kimi, ""Səhər" 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış ən möhtəşəm söz abidəsidir".
Qəzetin söz abidəsi olduğu zaman jurnalist R.Rüstəmov  ""Səhər" əllərdə gəzirdi" adlı məqalə yazdı. Başlıq milli sözə ehtiyacdan, inamdan doğdu. 
Bu fikirlərə əlavə edərək deyərdim: ""Səhər" həm də qəlblərdə gəzəcək, könüllərdə yaşayacaq, təsisçisi və baş redaktoru Məzahir Süleymanzadə ilə birlikdə..."
...
Allah rəhmət eləsin!
Haqq yolun, haqq evin nurlu olsun, Məzahir  müəllim!
 
 
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər birliyinin üzvü
Baxış sayı: 313
Paylaş: