İslamda ilin ayları arasında Orucluq - Ramazan ən şəfqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə "on bir ayın sultanı” da adlandırırlar. Ramazanı müqəddəs edən ən mühüm səbəb məhz bu ayın gecələrinin birində Qurani-Kərimin nazil olmasıdır. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. 30 günün tamamında Orucluq – Ramazan bayramı qeyd olunur. Tarixi müsəlman təqvimi ilə hicrətin 2-ci ilindən (miladi 623-cü il) başlanan bu bayram 27 oktyabr 1992-ci ildə Milli Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Dindarlar arasında çaşqınlıq yaradırlar

Hər dəfə olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şamaxı Rəsədxanasının təqdim etdiyi təqvimə əsasında Azərbaycanda Orucluq ayının başlanacağı və bitəcəyi günü açıqladı. Bildirildi ki, Ramazan ayı aprelin 2-də daxil olacaq, mayın 2-3-ü isə Ramazan bayramı qeyd ediləcək. 

Bununla yanaşı, QMİ Qazilər Şurası Ramazan ayının başlaması ilə bağlı fətva da verdi. Lakin Orculuq ayının sonunda bəzi din xadimlərinin subyektiv mülahizələri, bir sıra hallarda isə qonşu ölkələrin əyalət mollalarının fikirlərini əsas götürmələri səbəbindən Azərbaycandakı dindarlar arasında çaşqınlıq yarandı. Ölkə ərazisində bəzi məscidlərdə mayın 2-də bayram namazı qılındığı halda, bəzi məscidlərdə imamlar ayın hələ görünmədiyini əsas gətirərək, əhaliyə 2-3 gün sonra bayram namazı qıldırdılar. 

Belə xoşagəlməz mənzərə artıq bir neçə ildir təkrarlanır. Nəticədə mömin, dini inanclı şəxslər arasında bu mövzuda fikir ayrılığı, əsassız mübahisələr yaşanır. Bu hadisələrin təkrar-təkrar yaşanmaması üçün nə etməli? Dini inanclı vətəndaşlarımız kimə inanmalı, necə davranmalı, nəyi əsas götürməlidirlər? İslam dinində bununla bağlı konkret tələb, qayda varmı?

Özləri öz fətvalarına əməl etmirlər

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, əksər hallarda bu ixtilaflar məqsədli şəkildə yaradılır. Millət vəkilinin sözlərinə görə, burada əsas hədəf və məqsəd hansısa qrupların marağının təmin olunmasıdır: 

“İslam dininə görə, əgər bir ölkədə Ramazan ayına başlanılırsa, orucluğun sonunda həmin ölkədə ay görülürsə, oradakı bütün müsəlmanlar qaydalara uyğun olaraq oruclarını yekunlaşdırmalı, ibadətlərini edərək Ramazan Bayramını qeyd etməlidirlər. Sual yaranır: Necə olur ki, bütün dünyada müsəlmanlar ayın göründüyünü etiraf edir və bayramı qeyd edirlər, amma bir-iki ölkədə ay görünmür? Əslində bununla kimlərsə öz güclərini nümayiş etdirməyə çalışır. 

Təəssüflə qeyd etməliyik ki, bir sıra hallarda Qafqaz Müsəlmanları İdarəsinin din xadimləri, nümayəndələri təmsil etdikləri qurumun fətvalarına əməl etmirlər. Builki bayramın nümunəsində biz bunu aydın şəkildə müşahidə etdik. QMİ fətva verdi, amma İdarənin bəzi nümayəndələri fərqli formada bayramı qeyd etdilər. Bu baxımdan hesab edirəm ki, QMİ-nin mövqeyinin gücləndirilməsinə ehtiyac var. Bu qurum daxilində mütləq islahatlar həyata keçirilməlidir. QMİ-nin strukturuna savadlı, bilikli, vətənpərvər şəxslər daxil edilməlidir. 

Digər tərəfdən, qeyd edilən arzuolunmaz hallara qarşı çox ciddi inzibati tədbirlər görülməlidir. Təəssüf ki, cari ildə də bu istiqamətdə qaydaları, fətvanı pozan insanlarla bağlı hər hansı tədbir görülmədi. Əgər əvvəlki illərdə və cari ildə müəyyən tədbirlər görülsəydi, həmin qurum və şəxslər gələcəkdə daha diqqətli olardılar. Ancaq onlar görəndə ki, qaydaları pozurlar və onlar barəsində hər hansı tədbir görülmür, eyni hərəkəti və yanaşmanı hər il sərgiləyirlər. 

Paralel olaraq dini maarifləndirmə işi gücləndirilməlidir. Məscidlərimizə, onların fəaliyyətinə savadlı, bilikli kadrların cəlbi istiqamətində ciddi fəaliyyət ortaya qoymalıyıq. Bu, heç də kiçik məsələ deyil, olduqca böyük əhəmiyyət daşıyır. Hamı bu prosesə öz töhfəsini verməlidir. Maarifləndirmə, təbliğat, islahat işləri aparılmalı, qaydaları pozanlar “Dini etiqad azadlığı” haqqında qanunun tələbinə uyğun olaraq cəzalandırılmalıdır”.

Dövlətçiliyə, inanclı insanlara, Azərbaycana qarşı hörmətsizlik

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Azərbaycanda dini mövzuda belə intriqalı olayların yaşanmasından təəssüfləndiyini dilə gətirib. Bildirib ki, vahid tarix elan edilməsinə rəğmən bayram namazının fərqli günlərdə qılınması dini inanclı insanlar arasında çaşqınlıq, uçurum yaradır: 

“Əslində bu, bizim dövlətimizi qazıyan hadisədir, doğru yanaşma deyil. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi var və bu İdarənin qəbul etdiyi qərarlara hörmətlə yanaşmaq lazımdır. Azərbaycanla bağlı qərarı, fətvanı da sözügedən qurum verir. Belə məsələlərdə İdarənin rəhbəri, şeyx qərar qəbul edir. Qəbul edilən qərara və təlimata uyğun hərəkət etmək ən düzgün yoldur. Dindarlardan bəzisinin İrana, digərinin Türkiyəyə uyğun addım atması, həmin ölkələrdə elan edilən tarixdə və zamanda bayram namazını qılması, ibadətini etməsi, fikrimcə düzgün yanaşma deyil. Bunu dövlətimizə qarşı hörmətsizlik hesab edirəm. 

Nə üçün biz öz dövlətimizin dini qurumuna, ali dini şəxsinə deyil, ayrı-ayrı ölkələrin dindarlarının mülahizələrinə inanmalı, onlar kimi hərəkət etməliyik? Bu, dövlətçiliyimizə, inanclı insanlarımıza, Azərbaycana qarşı hörmətsizlikdir”.

Xaricdə verilən fətvalara uyanlar məscidlərdən uzaqlaşdırılmalıdır

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov da təəssüflə vurğulayıb ki, bəzi məscidlərdə elan olunan gündə deyil, fərqli tarixlərdə bayram namazı qılınıb. 

O, Azərbaycanın dünyəvi dövlət olduğunu, ölkəmizdə dinin dövlətdən ayrı olduğunu xatırladıb. Qeyd edib ki, həm Dini Komitə, həm də QMİ öz fəaliyyəti ilə xalqın etimadını qazanıb: 

“Biz müstəqil ölkəyik, öz Konstitusiyamız, qanunlarımız var. Azərbaycanda vicdan və din azadlığı ən yüksək səviyyədə təmin olunur. Yalnız İslam dininə etiqad edənlərə deyil, bütün dinlərin təmsilçilərinə eyni dərəcədə hörmət qoyulur, onların azadlıqları tanınır. Məlumat üçün qeyd edim ki, Azərbaycan yenidən müstəqilliyini qazananda respublikada cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2253-dür. Bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-si isə qeyri-islam, yəni 26-sı xristian, 8-i yəhudi – 8, 1-i krişna, 2-si bəhai təmayüllüdür. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. 

Ölkəmizdə bütün dini icmalara dövlət səviyyəsində yardım və dəstək göstərilir. Tolerantlıq və multikulturalizm Azərbaycanın həyat tərzidir. Hər bir məsciddə də imamlar, onların köməkçiləri, müavinləri rəsmi qaydada dövlətdən maaş alır. Bir sözlə, dini icmalar Azərbaycan dövlətinin diqqət və qayğısını daim öz üzərində hiss edir. 

Bütün bunlara rəğmən, təəssüf ki, hələ də bəzi yerli din xadimlərimiz qonşu ölkələrdə, xüsusən də İranda ayrı-ayrı din xadimlərinin verdiyi fətvalara uyğun qərarlar verir, xarici təsir altında düşüncələrini ifadə edirlər. Bəzi imamlarımız xarici təsir və əqidəyə uyğun fəaliyyətlərini qururlar. Bu, yolverilməzdir. Düşünürəm ki, ölkəmizdən xaricdə verilən fətvalara uyan imamlar yerli məscidlərdən uzaqlaşdırılmalıdır”.

Əsmətxanım RZAZADƏ

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Baxış sayı: 3283
Paylaş: