Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sonuncu respublika zona konfransı Bakı şəhərində keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvləri, Bakı şəhərinin 12 rayonu, eləcə də Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı rayon icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Bakı Gənclər Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Sonra tədbirin moderatoru Elnur Bağırlı konfransı açıq elan edərək, kofransın proqramı haqqında məlumat verib.
Zona konfranslarının yekununa həsr olunmuş video-çarx nümayiş edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, hər bir ölkənin inkişafını təmin edən ən mühüm amillərdən biri dövlətlə cəmiyyət arasında münasibətlərdə ahəngdarlığın təmin edilməsidir. Dövlətin həyata keçirdiyi islahatlara milli maraqların təmin olunması naminə ictimai dəstəyin göstərilməsi vahid məqsədə çatmaq üçün önəmlidir. Təbii ki, ictimai dəstək və nəzarət mexanizminin formalaşdırılması üçün dövlət tərəfindən müvafiq addımların atılması və cəmiyyət nümayəndələrinin adekvat reaksiya verməsindən birbaşa asılıdır.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, bildirib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşıb. Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir. V.Quliyev bildirib ki, İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi vacib amildir.
Çıxış edən digər natiqlər bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.
Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, Bakı üzrə iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
#QhtAgentliyi #Bakı #Respublikazonakonfransı
Baxış sayı: 52
Paylaş: